İlham Əliyev və Mehriban Əliyeva İşeinin vəfatı ilə əlaqədar nekroloq imzaladılar
Azərbaycanın pravoslav xristian icmasına ağır itki üz verib. Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşein 2021-ci il iyun ayının 10-da ömrünün 69-cu ilində vəfat edib.
Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərib.
1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunub, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilmiş, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülüb.
Azərbaycana qəlbən bağlı olan və onu ikinci Vətəni hesab edən arxiyepiskop Aleksandr ölkəmizin ictimai və dini-mənəvi həyatında yaxından iştirak edib, dinlərarası və xalqlararası dostluq, qardaşlıq və etimad mühitinin daha da möhkəmləndirilməsinə, cəmiyyətdə konfessiyalararası harmoniyanın və etnik-dini tolerantlığın inkişafına sanballı töhfələr verib.
Aleksandr İşein mötəbər beynəlxalq tədbirlərə qatılaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diqqətəlayiq xidmətlər göstərib.
Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Tanınmış din xadimi, xeyirxah və nəcib insan Aleksandr Gennadyeviç İşeinin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Qəbri nurla dolsun!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Mübariz Qurbanlı
Allahşükür Paşazadə
Milix Yevdayev
Aleksandr Şarovski
Robert Mobili.