Bakı metrosunda iş saatı uzadıldı – YENİLƏNİB + RƏSMİ

Baxılıb:206
Bakı metrosunda iş saatı uzadıldı – YENİLƏNİB + RƏSMİ

Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metropoliteni bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır. Bununla əlaqədar bütün hazırlıqlar başa çatdırılıb.

Şəhərimizdə futbol ovqatını gücləndirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi sərnişindaşıma fəaliyyətinin bərpa olunduğu qısa müddət ərzində bir çox yeniliklərini və müjdəli xəbərlərini də təqdim edir.

Məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.

Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək. Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gedişhaqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.

Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.

12:03

Bu gündən futbol üzrə Avropa çempionatı start götürür. Yarışın qrup mərhələsinin üç, 1/4 finalın isə bir oyunu Bakıda keçiriləcək. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

B.Məmmədov onu da əlavə edib ki, 12 iyun şənbə və 20 iyun bazar günü olmasına baxmayaraq, metroda sərnişindaşıma dayandırılmayacaq:

“Eyni zamanda oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır. Müzakirələrin nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni fəaliyyət göstərməyəcək:

– 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
– 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
– 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
– 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.


Abunəlik