Arvadını döydüyü üçün həbsdədir, çıxanda başını kəsəcəyini deyir

Baxılıb:136
Arvadını döydüyü üçün həbsdədir, çıxanda başını kəsəcəyini deyir

Bakıda həyat yoldaşını döyən və buna görə həbs edilən şəxs məhkəmədə ifadəsi zamanı azadlığa çıxan kimi həyat yoldaşının başını kəsəcəyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə arvadını döyməkdə təqsirli bilinən Əkbər Vəliyevin məhkəməsi keçirilib. Bundan əvvəl də məhkumluq həyatı yaşayan şəxs arvadının ona həmin dövrdə xəyanət etdiyini iddia edib və buna görə onu döydüyünü bildirib.

Təqsirləndirilən Ə. Vəliyev narkotik istifadəsi və daşınmasına görə əvvəllər dəfələrlə məhkum olunub. O, 1998-ci ildə 2 il 6 ay, 2008-ci ildə 3 il, 2014-cü ildə 2 il – ümumilikdə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Əkbər Vəliyev məhkəmədə ifadə verərək özünü təqsirli bilmədiyini deyib:

“Onun xəyanətinə görə aramızda mübahisə yarandı. 2020-ci ilin noyabrında onu döydüm və daha sonra aramızda barışıq oldu. Bu səbəbdən o, şikayətini geri götürdü. Mən də onu hərbi xidmətdə olan oğlumuzun xətrinə bağışladım. Daha sonra qızımın evində yenidən yoldaşımla rastlaşdıq. Lakin ona heç bir zərər yetirmədim. Müstəntiq məndən onu döyüb-döymədiyimi soruşanda döydümüyü etiraf etdim. Amma mən onu fevralda yox, noyabrda döymüşəm. Ağ boş vərəq verdilər və mən də ora imza atdım. Sonrasından isə xəbərim yoxdur.

2021-ci ilin fevral ayında isə onu döyməmişəm və azadlığa çıxdığım vaxt bu böhtana görə onun başını kəsəcəyəm. Heç bir cinayət əməli törətməmişəm və işimə xitam verilməsini istəyirəm”.

Əkbər Vəliyevin arvadı S.V. isə bildirib ki, həyat yoldaşı narkotik istifadəçisi olub:

“Narkotik istifadə edirdi və bundan sonra lazımsız mübahisələr yaradırdı. Ailəmin və övladlarımın xətrinə buna dözürdüm. Sonuncu dəfə 2020-ci ildə Fatmayidəki evimizdə məni xəyanətdə, əxlaqsızlıqda günahlandırdı. Aramızda mübahisə yarandı və anamın evinə getdim. Daim məni hədələyirdi ki, gəl barışaq. Mən də dedim ki, bunun üçün əvvəlcə sən narkotikdən əl çəkməlisən. 2020-ci ilin noyabrın 13-də yaşadığı evdə narkotik maddələr saxladığından həbs edildi. Lakin o, istintaq müddətində azadlıqda idi.

Bu ilin fevral ayında yenidən qarşımı kəsərək şər-böhtan xarakterli sözlər dedi. Onun dediklərinə fikir vermədim və yoluma davam etdim. Bu zaman qolumdan tutub yerə yıxdı. Köməyə adam çağırmaq istəsəm də, imkan vermədi və üzümə zərbələr endirməyə başladı. Yerə yıxılanda belimdən də zərbə aldım. Ayağa qalxanda Əkbər artıq getmişdi və mən polisə müraciət etdim. Hadisə axşam baş verdiyindən küçədə heç kəs yox idi və köməyimə də kimsə gəlmədi. Bilirəm ki, Əkbər azadlıqda qalsa, məni öldürəcək. O, həyatım üçün təhlükəlidir”.

Məhkəmənin hökmü ilə Əkbər Vəliyev Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa qəsdən yüngül zərər yetirmə) maddəsi ilə ittiham olunaraq 6 ay azadlıqdan məhrum edilib. Əkbər Vəliyev aprelin 29-da həbs edilib, o, oktyabrın 29-da azadlığa çıxacaq.


Abunəlik