Dünyanın bu günü – 08.06.2021

Baxılıb:149
Dünyanın bu günü – 08.06.2021

DAVUD BƏY ŞƏRİFOV

(1885-1952

Azərbaycan arxeoloqu, etnoqraf və coğrafiyaşünas Davud bəy Mikayıl bəy oğlu Şərifov 8 iyun 1885-ci ildə Tiflis şəhərində hərbçi ailəsində anadan olub. Səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olub. 1902-ci ildə gimnaziyanı bitirib, Kiyev Universitetinin Hüquq fakültəsinə daxil olub. Lakin tələbə nümayişlərində iştirakına görə universitetdən kənarlaşdırılıb. 1903-1907-ci illərdə Novorossiysk İmperator Universitetinin Tarix-filologiya fakültəsində təhsil alıb. 1908-1920-ci illərdə Qazax, Qars, Tiflis və Bakıda tarix və coğrafiya fənlərini tədris edib. 1920-1922-ci illərdə torpaq komitəsinə sədr seçilib. Rəsmi elmi fəaliyyətinin ilk mərhələsi 1922-ci ilin oktyabr ayında Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliklə başlayıb. Bir il sonra Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunub. Beş il ərzində muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaradıb. 1923-cü ildə arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb. 1924-cü ildə müəllimlər üçün “Coğrafiya” adlı dərslik çap etdirib. 1937-1943-cü illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda müəllim və Bakı Xalq Təhsili Şöbəsinin müfəttiş metodisti, 1944-1951-ci illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda baş müəllim kimi vəzifələrdə çalışıb. Davud bəy Şərifov 8 avqust 1952-ci ildə Bakıda dünyasını dəyişib.

MƏHƏMMƏD SUXARTO

(1921-2008)

İndoneziyanın keçmiş diktatoru Məhəmməd Suxarto 1921-ci il iyunun 8-də Cakarta sultanlığında kiçik məmur ailəsində anadan olub. 1940-1942-ci illərdə Hollandiya müstəmləkə ordusuna hərbi xidmətə qəbul olunaraq çavuş rütbəsi alıb. 1943-1945-ci illərdə yaponların yaratdığı orduda rota komandiri olub. 1945-1949-cu illərdə Hollandiya hökmranlığından xilas olmaq üçün aparılan müharibə zamanı batalyona komandirlik edib. 1950-ci ilin sonunda diviziya, 1960-cı ildə briqada komandirliyinə yüksəlib. Dörd il sonra isə ona general-mayor rütbəsi verilib. Sukarnonun prezidentliyi dövrünün (1963-1965) son illərində Suxartoya İndoneziya ordusunun strateji komandanlığı tapşırılıb. 1966-cı ilin mart ayında tələbələrin Kommunist Partiyası əleyhinə keçirdiyi nümayişlərdən istifadə edən Suxarto hakimiyyəti ələ alıb. 1967-ci ilin mart ayında prezident səlahiyyətlərini icra etməyə başlayıb, bir il sonra prezident seçilib və 1998-ci ilədək bu vəzifədə olub. İndoneziyada avtoritar bir rejim yaradıb. Xarici investorların ölkəyə gəlməsinə razılıq verəndən sonra 1970-ci illərdə inflyasiyanın qarşısı alınıb və iqtisadiyyatda dirçəliş yaranıb. 1998-ci ildə Cənub-Şərqi Asiyada, o cümlədən İndoneziyada kəskin maliyyə böhranı yaranandan sonra Cakartada və ölkənin digər şəhərlərində hakimiyyət əleyhinə nümayişlər başlayıb. Məhz bu aksiyalar nəticəsində həmin ilin mayında istefa verməyə məcbur olan Məhəmməd Suxarto 2008-ci il yanvarın 27-də Cakartada dünyasını dəyişib.

ZAKİR BƏHMƏNOV

(1962-1994)

Şəhid Zakir Yusif oğlu Bəhmənov 1962-ci ilin bu günü Qərbi Azərbaycanın Toxluca kəndində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. Sabunçu rayonundakı Nəqliyyat Mexanikləşdirmə İdarəsində sürücü işləyib. 1993-cü ilin noyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Ağdam rayonunun Güllücə, İlxıçı və Cavahirat kəndlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Zakir Bəhmənov 1994-cü il aprelin 25-də Baş Qərvənd kəndi uğrunda gedən döyüşdə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Paytaxtdakı 68 nömrəli tam orta məktəb onun adını daşıyır.

ELVİN ƏLİMOV

(1995-2020)

Şəhid Elvin Nəsrəddin oğlu Əlimov 8 iyun 1995-ci ildə Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində edib. Leytenant Elvin Əlimov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub və Suraxanı rayonunun Hövsan qəsəbəsində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

MAYIL QURBANOV

(1996-2020)

Şəhid Mayıl Mayis oğlu Qurbanov 1996-cı il iyunun 8-də İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı Qubadlı rayonu ərazisində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

ELŞƏN SALAYEV

(1998-2020)

Şəhid Elşən Fuad oğlu Salayev 1998-ci ilin bu günü Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsində və Türkiyənin Cümhuriyyət Universitetində təhsil alıb. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elşən Salayev oktyabrın 15-də şəhid olub və noyabrın 18-də Əmircan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

TOĞRUL NAĞIYEV

(2000-2020)

Şəhid Toğrul Həsənbala oğlu Nağıyev 8 iyun 2000-ci ildə Şəki şəhərində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Toğrul Nağıyev oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub və Şəki şəhərində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

İKRAM MƏMMƏDOV

(2002-2020)

Şəhid İkram Ehtiram oğlu Məmmədov 2002-ci il iyunun 8-də Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. Xaçmaz rayonundakı 97 nömrəli peşə liseyində traktorçu-maşinist ixtisası üzrə təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İkram Məmmədov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və 13 yanvar 2021-ci ildə doğulduğu kənddə torpağa tapşırılıb.

ŞÖVKƏT MƏMMƏDOVA

(1897-1981)

Azərbaycanın ilk peşəkar qadın müğənnisi, xalq artisti, teatr xadimi və opera artisti Şövkət Həsən qızı Məmmədovanın xatirə günüdür. O, 1897-ci il aprelin 18-də Tiflis şəhərində anadan olub. Hacı Zeynalabdin Tağıyevin və onun həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbində, Bakıda və Tiflisdə musiqi məktəblərində təhsil alıb, daha sonra Kiyev Konservatoriyasına daxil olub. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə çıxış edib, 1948-ci ilədək fasilələrlə teatrın solisti olub, bir çox operalarda iştirak edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılıb, onun həm direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışıb. 1945-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Fransa, İtaliya, Rusiya, Gürcüstan, İran və digər ölkələrdə konsertlər verib. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub. Yaradıcılığında “Şahsənəm”, “Nərgiz”, “Şah İsmayıl”, “Arşın mal alan” kimi partiyalar xüsusi yer tutan xalq artisti 2 dəfə “Lenin”, 2 dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib. Şövkət Məmmədova 1981-ci ilin bu günü Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

HƏSƏN SEYİDOV

(1908-1999)

Azərbaycanın əməkdar elm xadimi, professor, ictimai və dövlət xadimi Həsən Əli oğlu Seyidovun anım günüdür. O, 1908-ci ildə İrəvan şəhərində fəhlə ailəsində anadan olub. Əslən Qəmərlinin Seyidzadələr nəslindəndir. İlk əmək fəaliyyətinə 1925-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində başlayıb. 1928-31-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 1931-ci ildə Oğuz rayon torpaq şöbəsində aqronom, 1931-34-cü illərdə Moskva Ümumittifaq Elmi-Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirantı olub. 1934-1937-ci illərdə Azərbaycan Kimyalaşma stansiyasının şöbə müdiri, 1937-41-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda direktor, 1942-1943-cü illərdə Gəncə Şəhər Xalq Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1943-1944-cü illərdə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. 1944-1946-cı illərdə Azərbaycan KP MK-nın üçüncü katibi, 1944-1950-ci illərdə ikinci katibi, 1950-1952-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini, 1952-1953-cü illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1953-1954-cü illərdə Dövlət Plan Komitəsinin sədri, 1954-1959-cu illərdə Kənd Təsərrüfatı naziri, 1959-1970-ci illərdə Moskvada SSRİ hökuməti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəliyinin sədri olub. 1970-ci ildən fərdi təqaüdə çıxıb. Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin qardaşı olan Həsən Seyidov 1999-cu il iyunun 8-də dünyasını dəyişib.

ƏNVƏR RZA

(1939-1985)

Azərbaycan şairi, tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rza 1987-ci ilin bu günü dünyasını dəyişib. Ənvər İsmayıl oğlu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. “Göz işığı” adlı ilk şeri “Ədəbiyyat və incəsənət” qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlayıb. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edib. Ənvər Rza 1987-ci ildə vəfat edib və doğulduğu kənddə dəfn olunub.


Abunəlik