Dünyanın ən bahalı park yeri fantastik qiymətə satıldı
Honqkonqda yerləşən dünyanın ən bahalı daşınmaz əmlak bazarında yeni bir rekorda imza atılıb.
“The Standard” qəzeti xəbər verir ki, bir avtomobil üçün park yeri görünməmiş qiymətə – 10,2 milyon HK-ya (1,3 milyon dollar) satılıb.
Söhbət “Victoria Peak Upland”da yeni lüks yaşayış kompleksindəki park yerindən gedir.
Bura adada milyarderlərin yerləşməyə üstünlük verdiyi ən prestijli ərazidir.
Alıcının adı açıqlanmır. Ancaq qəzetin yazdığına görə, Makao qumar maqnatı Stenli Honun keçmiş dördüncü arvadı Anjela Lian bu kompleksdə dörd mənzil alıb. Deyilənə görə, o, bunun üçün 1,3 milyard HK (167,5 milyon dollar) xərcləyib.
Honqkonqda mənzil, ofis, pərakəndə satış və park yerlərinin astronomik qiymətə olmasını boş ərazinin çatışmazlığı və ərazinin dağlıq təbiəti ilə əlaqələndirirlər.