Dünyanın bu günü – 03.06.2021

Baxılıb:217
Dünyanın bu günü – 03.06.2021

ADİL QAÇAYOĞLU

(1955-2008)

Azərbaycanlı jurnalist Adil Qaçay oğlu Atakişiyev 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri “Şən həyat” (indiki “Balakən”) qəzeti olub. 1981-1991-ci illərdə “Azərbaycan gəncləri”ndə çalışıb. Sonrakı illərdə “Həyat”, “Yeni fikir”, “Ülfət” qəzetlərində işləyib. 1990-cı illərin ikinci yarısında populyar “Panorama” gündəliyinin baş redaktor müavini olub. Bundan sonra “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “GÜN Səhər” və “Yeni Müsavat” qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınan Adil Qaçayoğlu 2008-ci il mayın 4-də Bakı şəhərində vəfat edib.

AFAQ MƏSUD

(1957)

Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Afaq Məsud 3 iyun 1957-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, “Azərbaycantelefilm”in direktoru, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir. Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza”, “Dovşanın ölümü” televiziya filmləri çəkilib. TÜRKSOY-un medalı, “Humay” Milli Akademiyası mükafatı və “Şöhrət” ordeni ilə təltif edilib. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. O, xalq yazıçısı Əli Vəliyevin nəvəsi, görkəmli ədəbiyyatşünas alim Məsud Əlioğlunun qızıdır.

NƏRİMAN ƏBDÜLRƏHMANLI

(1958)

Azərbaycan yazıçısı, publisist, tərcüməçi və ssenarist Nəriman Hacı oğlu Əbdülrəhmanlı 1958-ci ilin iyununda Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetində və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. Müxtəlif nəşriyyat, qəzet və jurnallarda, “Azərbaycanfilm” kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafiə Nazirliyinin kino-telestudiyasında və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində müxtəlif vəzifələrdə işləyib. Bir neçə kitabın müəllifidir. Onun ssenariləri əsasında “Haray”, “Miras”, “Əzablı yollarla”, “Qara Volqa”, “Turan sevgisi”, “Tale yolları” və başqa filmlər çəkilib. Beynəlxalq Sənət Mükafatına, “Qızıl kəlmə”, “Şans” və “Ədəbiyyat adamı” mükafatlarına layiq görülüb.

FAİQ RÜSTƏMOV

(1966-1992)

Şəhid Faiq Əli oğlu Rüstəmov 1966-cı ilin bu günü Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunun Energetika fakültəsində təhsil alıb. 1984-1986-cı illərdə keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Bakıda 9-cu mikrorayondakı MİS-lərdən birində elektrik işləyib. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılıb, Füzuli, Laçın, Qubadlı və Şuşa döyüşlərində iştirak edib. 15 may 1992-ci ildə Turşsu yaxınlığında döyüşlərin birində qolundan və qarın nahiyəsindən yaralanan Faiq Rüstəmov iki gün sonra hərbi hospitalda cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

ELTAY QULİYEV

(1989-2020)

Şəhid Eltay Əli oğlu Quliyev 3 iyun 1989-cu ildə Goranboy rayonunun Quşçular kəndində anadan olub. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Eltay Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

VÜSAL MƏMMƏDOV

(1990-2020)

Şəhid Vüsal Qüdrət oğlu Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı dalğıc vəzifəsində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Hərbi Dəniz Qüvvələrinin miçmanı Vüsal Məmmədov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

HÜSEYN ƏSGƏROV

(1995-2020)

Şəhid Hüseyn Ramiz oğlu Əsgərov 1995-ci ilin bu günü Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hüseyn Əsgərov elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 19-da doğulduğu kənddə dəfn edilib.

NEMƏT CAVADLI

(1995-2020)

Şəhid Nemət Cavid oğlu Cavadlı 3 iyun 1995-ci ildə İmişli rayonunda anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin giziri Nemət Cavadlı oktyabrın 31-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

BASİT RÜSTƏMOV

(1996-2020)

Şəhid Basit İdris oğlu Rüstəmov 1996-cı il iyunun 3-də Kəngərli rayonunun Xok kəndində anadan olub. 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Basit Rüstəmov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

ELMİR MƏMMƏDOV

(1999-2020)

Şəhid Elmir Arzu oğlu Məmmədov 1999-cu ilin bu günü Salyan rayonunun Xocalı kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elmir Məmmədov elə həmin gün şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

FRANS KAFKA

(1883-1924)

XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri, almandilli Avstriya yazıçısı Frans Kafkanın anım günüdür. O, 1883-cü il iyulun 3-də Çexiyanın Praqa şəhərində yəhudi ailəsində anadan olub. Praqadakı Alman Gimnaziyasında və Karl-Ferdinand Universitetində təhsil alıb. Vəkil təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlib. “Məhkəmə”, “Yanvarçı”, “Çevrilmə”, “Cəza müstəmləkəsi”, “Kənd həkimi” və “Milenaya məktublar” kimi əsərlərin müəllifidir. Frans Kafka 1924-cü ilin iyununda Avstriyada vərəm xəstəliyindən vəfat edib.

MİRZƏ MANSUR MANSUROV

(1887-1967)

Azərbaycanın əməkdar incəsənət xadimi, tarzən Mirzə Mansur Məşədi Məlik oğlu Mansurovun xatirə günüdür. O, 1887-ci il yanvarın 5-də Bakıda anadan olub. Rus-tatar məktəbində, Üzeyir Hacıbəyovun təşkil etdiyi Dövlət Türk Musiqi Məktəbində təhsil alıb. Həmin məktəbdə, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tərtib edib. Onun yenilik verdiyi 4 tardan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü İstanbul muzeylərində qorunur, sonuncu tarı isə özünə saxlayıb. “Rast”, “Dügah” və “Zabul” muğamları ilk dəfə onun ifasında nota salınıb. Mirzə Mansur Mansurov 1967-ci ilin iyununda vəfat edib. O, Bakı muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəy Mansurovun oğlu, Azərbaycan musiqisinin tədqiqatçısı Məşədi Süleyman bəy Mansurovun qardaşı, tarzən Ənvər Mansurovun atası, ictimai-siyasi xadim Arif Mansurovun babasıdır.

NAZİM HİKMƏT

(1902-1963)

Bu gün Türkiyənin məşhur şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim Nazim Hikmətin anım günüdür. O, 1902-ci il yanvarın 15-də Yunanıstanın Selanik şəhərində zadəgan ailəsində doğulub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olub, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. 1921-ci ildə Sovet Rusiyasına gedib, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. Siyasi baxışlarına görə dəfələrlə həbs olunub. O, türk poeziyasına sərbəst şeir vəznini gətirib. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayıb. Bəstəkar Arif Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyiblər. Nazim Hikmət 1963-cü ilin iyununda Moskvada vəfat edib.

FİRUDİN KÖÇƏRLİ

(1920-2004)

AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Firudin Qasım oğlu Köçərli də bu gün xatırlanır. O, 1920-ci il dekabrın 28-də Gədəbəy rayo­nunun İsalı kəndində anadan olub. Azərbaycan Döv­lət Universitetində və M.V.Lo­mo­no­sov adına Moskva Dövlət Universitetinin as­pi­­ran­tu­ra­sında təhsil alıb. 1953-1958-ci illərdə Azərbaycan Döv­­lət Univer­sitetinin Fəlsəfə kafedrasının do­senti, 1958-1967-ci illərdə AMEA-nın Fəlsəfə sek­to­runun rəhbəri, 1967-1985-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun direktoru və­zifələrində işləyib. Ömrünün sonunadək bu institutda fəaliyyət göstərib. Elmi tədqiqat fəaliy­yəti əsasən Azərbay­canda fəlsəfə və ic­ti­mai fikir tarixinin, görkəmli elm və mədəniyyət xa­dim­lərinin və mütəfək­kir­lərinin həyat və fəa­liyyəti, Azərbaycan ictimai fikrində onların yeri və rolu­nun araşdırılması ilə bağlı olub. Akademik Firudin Köçərli 2004-cü il iyunun 3-də Bakıda vəfat edib. O, akademik Tofiq Köçərlinin qardaşıdır.

MOBİL ƏHMƏDOV

(1931-2006)

Azərbaycanın xalq artisti, vokal ifaçı və teatr aktyoru Mobil Salman oğlu Əhmədovun xatirə günüdür. O, 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində təhsil alıb. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Azərbaycan Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Daha sonra Musiqili Komediya Teatrına solist vəzifəsinə dəvət olunub. Qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Bir neçə filmdə yaddaqalan obrazlar yaradıb. Radionun fondunda 600-dən çox lent yazısı saxlanılır. Mobil Əhmədov 2006-cı il iyununda Bakıda vəfat edib və Gəncədə dəfn olunub.

MƏHƏMMƏD ƏLİ

(1942-2016)

“Bütün zamanların ən böyük boksçusu” olaraq qəbul edilən Afro-Amerikan və İrlandiya əsilli əfsanəvi peşəkar ABŞ boksçusu Məhəmməd Əlinin xatirə günüdür. O, 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Əsl adı Kassius Marsellus Kley olan boksçu 12 yaşından həvəskar boksla məşğul olaraq, bir neçə ay ərzində ştatlararası keçirilən məşhur “Qızıl Əlcək” turnirinin qalibi olub. O, boksçular arasında 6 dəfə bu turnirin qalibi olan yeganə boksçudur. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında ilk böyük qələbəsini qazanıb və qızıl medala sahib olub. 1960-cı ilədək həvəskar karyerası ərzində keçirdiyi 105 döyüşün 100-də qələbə qazanaraq, yalnız 5 döyüşdə məğlub olub. 1964-cü ildə Sonni Listonu məğlub edərək dünya çempionu olduqdan sonra İslamı qəbul edib. 1981-ci ildə Trevor Berbikə uduzaraq peşəkar karyerasını bitirib. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə ABŞ prezidenti Corc Buş tərəfindən “Azadlıq Medalı” ilə təltif edilib. Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli 2016-cı ilin iyununda dünyasını dəyişib.

MİKAYIL MİRZƏ

(1947-2006)

Azərbaycanın xalq artisti, aktyor, ssenari müəllifi, qiraətçi Mikayıl Şahvələd oğlu Mirzə də bu gün xatırlanır. O, 1947-ci il yanvarın 1-də Ağsu rayonunun Talış kəndində doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında, müxtəlif fasilələrlə Azərbaycan Milli Dram Teatrında aktyor və Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifələrində işləyib. “Vaqif”, “Fərhad və Şirin”, “Bizim qəribə taleyimiz”, “Dəli yığıncağı”, ”Od gəlini”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Topal Teymur”, “Üzeyir ömrü” kimi film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. İki dəfə Milli Məclisə deputat seçilib. Mikayıl Mirzə 2006-cı ilin iyununda dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

ELDAR TAĞIZADƏ

(1963-1992)

Azərbaycanın Milli Qəhrəmanı Eldar Abdulla oğlu Tağızadənin anım günüdür. O, 6 sentyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Botanika İnistitutunda çalışıb. Daha sonra əmək fəaliyyətini daxili işlər orqanlarında davam etdirib. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçib və baş leytenant rütbəsi alıb, əməliyyat müvəkkili vəzifəsində çalışıb. 1991-ci ildə kapitan rütbəsi ilə DİN-in Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edilib. 1992-ci il iyunun 3-də təhlükəli qatilin zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 3 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı 164 saylı orta məktəb onun adını daşıyır.


Abunəlik