Bakıda arvadını öldürməkdə şübhəli bilinən məhkəmə hakimi tutuldu – RƏSMİ + YENİLƏNİB

Baxılıb:233
Bakıda arvadını öldürməkdə şübhəli bilinən məhkəmə hakimi tutuldu – RƏSMİ + YENİLƏNİB

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

08:12

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə saat 23:30 radələrində paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün üç övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.


Abunəlik