“Bizim şəhid ailələrinə böyük ehtiramımız var. Yanlış anlaşılmanın qurbanıyıq” – “KONTAKT HOME”DAN AÇIQLAMA
Vətən müharibəsinin ilk günlərindən “Kontakt Home” olaraq vətənpərvərlik istiqamətində aktiv fəaliyyətimizlə fərqlənməyimizə rəğmən 1 nəfər bloqerin məsuliyyətsiz və araşdırılmamış paylaşımının cəmiyyətdə çaşqınlıq yaratması bizi dərindən məyus edir.
Bir daha xatırlatmaq istərdik ki “Kontakt Home” “Orduya dəstək” kampaniyası çərçivəsində indiyədək:
• Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına çatmamış övladı) şirkətə olan kredit borcunu ləğv edib;
• Bu müharibə nəticəsində əmək qabiliyyətini itirmiş qazilərin, eyni zamanda onların ailə üzvlərinin borclarını silib;
1) Əlillik dərəcəsi II qrup olan müharibə iştirakçılarının borcu tam bağışlanıb;
2) Əlillik dərəcəsi I qrup olan müharibə iştirakçılarının özü ilə bərabər, ailə üzvlərinin də (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına çatmamış övladı) borcu bağışlanıb;
Qeyd edək ki, 25.05.2021 tarixinədək şəhid və qazi ailələrinin ümumilikdə 193 307 manat məbləğində borcu şirkət tərəfindən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir.
• Hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərin və onların ailə üzvlərinin bütün səfərbərlik müddətindəki kredit ödənişlərini dondurub;
• Hərbi əməliyyatlar dövründə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat məbləğində maddi yardım edib;
• Səfərbərliklə bağlı müharibəyə yollanan 97 nəfər “Kontakt Home” əməkdaşının ailəsinə ümumilikdə 50 000 manat məbləğində yardım edib, müharibəyə yollanan əməkdaşların əmək haqlarını olduğu kimi saxlayıb;
• Şəbəkənin döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin azyaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb. Bundan başqa, ailəsinə 25 000 manat məbləğində birdəfəlik maddi yardım edib;
• Vətən müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın övladlarının təhsili üçün onun hər iki övladına ümumilikdə 20000 manat məbləğində maddi yardım edib; eyni zamanda pandemiya şəraiti ilə əlaqədar onlayn dərslərində istifadə üçün onlara elektronika əşyaları hədiyyə edib.
• Aprel döyüşlərində və ötənilki Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçmiş şəhidlərin övladlarlarına onlayn dərslərdə istifadə üçün noutbuklar hədiyyə edib;
• Müharibə dövründə öz mağazalarında cəbhəyə pay üçün toplama məntəqələri yaradıb və “166 Yükdaşıma və Logistika” şirkəti ilə birlikdə həmin yardımları ön cəbhəyə çatdırmağa kömək olub;
• Hazırda Qarabağda erməni vandalizmi nəticəsində dağıdılan tarixi-mədəni irs abidələrinin bərpa proqramı üzərində çalışır.
• Bütün bunlarla bərabər şəbəkə rəhbərliyi və şirkət əməkdaşları indiyə kimi 100-lərlə ailəyə həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar həyata keçirib.
Göründüyü kimi “Kontakt Home” tərəfindən “Orduya dəstək” kampaniyası çərşivəsində indiyədək könüllü şəkildə ümumilikdə bir milyon manatdan artıq yardımlar həyata keçirilib.
Razılaşarsınız ki, bu qədər yardımın fonunda şəbəkə 1 yataq dəstini şəhid ailəsinə çox görə bilməz.
Buradan bir daha geniş ictimaiyyətə bildirmək istərdik ki, başda son hadisələrdə adı hallanan şəhidimiz və onun ailəsi olmaqla, bütün şəhid və qazilərə, həmçinin onların ailələrinə böyük ehtiramımız var. Onlara qarşı hər hansı hörmətsizlik müzakirə mövzusu ola bilməz. Təəssüf ki, bu mövzuda isə biz sadəcə yanlış anlaşılmanın və ya bəzi qərəzli media nümayəndələrinin qurbanına çevrilmişik.