Dünyanın bu günü – 24.05.2021

Baxılıb:152
Dünyanın bu günü – 24.05.2021

MEHDİ BƏY HACINSKİ

(1879-1941)

Görkəmli dövlət, maarif və mədəniyyət xadimi, aktyor, publisist Mehdi bəy Süleyman bəy oğlu Hacınski 1879-cu il mayın 24-də Qubada anadan olub. Əvvəlcə mədrəsədə, daha sonra türk-rus realnı məktəbində təhsil alıb. “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətlərinin, Bakıda müsəlman teatr truppasının təşkilatçılarından olub. Qəzet və jurnallarda “Ürfüzadə”, “Dəmdəməki”, “Avara”, “Estet” və başqa imzalarla Azərbaycan teatrına, aktyor sənətinə dair məqalələr, hekayə, oçerk və felyetonlar dərc etdirib. “Əl-Mənsur”, “Qaçaqlar”, “Nadan övlad” kimi pyesləri Azərbaycan dilinə tərcümə edib. 1905-ci ildə Bakı Şəhər Dumasının deputatı seçilib. Müsavat Partiyasının və Zaqafqaziya Seyminin “Müsəlman fraksiyası”nın üzvü olan Mehdi bəy Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin katibi və daxili işlər nazirinin müavini olub. Mehdi bəy Hacınski 1941-ci ilin iyun ayının 18-də Bakıda vəfat edib.

ƏLİQULU QƏMKÜSAR

(1880-1919)

Azərbaycan şairi, publisist Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar) 1880-ci il mayın 24-də Naxçıvanda doğulub. Hələ məktəbdə ikən şeir yazmağa başlayıb. 1892-ci ildə üçsinifli şəhər rus məktəbinə daxil olub, 1896-cı ildə isə təhsilini yarımçıq qoyaraq atasının xəstəliyi səbəbindən Təbrizə gedib. Onun yazıları, şeir və felyetonları “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla 1916-cı ildən etibarən “Molla Nəsrəddin”, “Yeni Füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda nəşr edilib. Əliqulu Qəmküsar 1919-cu il martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfindən öldürülüb və Tiflisin Botanika Bağı ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilib.

MİRZƏ BALA MƏMMƏDZADƏ

(1898-1959)

Publisist, tərcüməçi, dramaturq, ictimai xadim, Müsavat Partiyasının ikinci başqanı Mirzə Bala Məmmədzadə 1898-ci il mayın 24-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olub. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçib. 1914-cü ildə 7-ci rus-tatar məktəbini və 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirib. Ədəbi yaradıcılığa təhsil illərində başlayıb, 1912-ci ildə İsa bəy Aşurbəyovun “Kaspi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitabı çap olunub. Bu dövrdə “Azərbaycan”, “Gənclik sədası” və s. qəzetlərdə arabir çıxış edib. 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinin işində fəal iştirak edib. Eyni zamanda həftəlik “Bəsirət” jurnalının baş redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra Müsavat Partiyası nəzdində yaradılmış “Gənclər cəmiyyəti”nin orqanı “Gənclər yurdu” jurnalının redaktoru kimi çalışıb. Aprel işğalından sonra Bakıda Gizli Müsavatın Mərkəzi Komitəsinin sədri olub, 1923-cü ilə qədər onun orqanı “İstiqlal” qəzetini nəşr etdirib, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi və orta məktəbdə müəllim işləyib, “Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1922-ci ildə Bakıda “Azərbaycan türk mətbuatı” adlı kitabı nəşr olunub. 1924-cü ilin mayında Azərbaycanı tərk edərək, İran, Türkiyə və Avropada mühacir həyatı yaşayıb. 1949-cu ildə onun iştirakı ilə Ankarada Azərbaycan Kültür Dərnəyinin əsası qoyulub, 1951-ci ildə “Azərbaycan tarixində türk Albaniya” adlı əsəri həmin dərnək tərəfindən çap olunub. Ömrünün sonunadək Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda vəfat edib.

XƏDİCƏ QAYIBOVA

(1893-1938)

Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Osman qızı Qayıbova 1893-cü ilin bu günü Tiflis şəhərində ruhani ailəsində dünyaya gəlib. Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tiflisdəki məktəblərin birində Azərbaycan dilindən dərs deyib, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri olub, Azərbaycan Dövlət Konservatoriyasında elmi-tədqiqat musiqi kabinetinə rəhbərlik edib, eyni zamanda konsertlərdə çıxış edib. 1937-ci ildə həbs olunan Xədicə Qayıbova Türkiyənin xeyrinə casusluqda və müsavatçılıqda günahlandırılaraq 1938-ci il oktyabrın 19-da əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilib, oktyabrın 27-də isə hökm icra edilib.

MUSTAFA QULİYEV

(1893-1938)

Azərbaycan ədəbiyyatşünası, tənqidçi və publisist, Azərbaycan SSR Xalq Maarif Komissarı Mustafa Zəkəriyyə oğlu Quliyev 1893-cü il mayın 24-də Şəki şəhərində anadan olub. Tiflis gimnaziyasında və Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Rusiya K(b)P Kiyev komitəsi müsəlman bölməsinin sədri, Lənkəran qəza İnqilab Komitəsinin sədri, Azərbaycan K(b)P Qaraşəhər Rayon Komitəsinin katibi, Azərbaycan SSR Xalq Maarifi Komissarı, “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının məsul redaktoru vəzifələrində işləyib. “Azərbaycanda Oktyabr düşmənləri”, “Mədəni inqilab və İslam”, “Türk qadınının yolu”, “Oktyabr və türk ədəbiyyatı” və başqa əsərlərin müəllifidir. Mustafa Quliyev repressiya dövründə həbs edilərək ölümə məhkum olunub və 1938-ci il iyulun 3-də güllələnib.

TANSU ÇİLLƏR

(1944)

Türkiyənin və türk dünyasının ilk qadın baş naziri Tansu Pənbə Çillər 1944-cü ilin bu günü İstanbulda doğulub. Robert Kollecini bitirdikdən sonra təhsilini Konnektikut Universitetində davam etdirib, doktorantura təhsilini ABŞ-ın Yel Universitetində alıb və 1983-cü ildə professor olub. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulub, bir il sonra ildə İstanbuldan millət vəkili seçilib, eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləyib. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilib. 1993-1996-cı illərdə Türkiyənin hökumət başçısı olub.

FUAD POLADOV

(1948-2018)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Fuad Ağarəhim oğlu Poladov 1948-ci il mayın 24-də Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. Bir sıra tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. “Teatr xadimi” qızıl medalına, “Qızıl Dərviş” və “Qızıl Pəri” mükafatlarına layiq görülüb. Fuad Poladov 2018-ci il mayın 4-də Bakıda vəfat edib və Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

MAHİR ABDULLAYEV

(1971-1992)

Şəhid Mahir Abdullayev 1971-ci il mayın 24-də Quzanlı kəndində anadan olub. 1988-ci ildə kənd orta məktəbini bitirib, iki illik hərbi xidmətini isə Rusiyanın Sverdlovsk vilayətində başa vurub. Ağdam və Ağdərə bölgələrinin bir sıra məntəqələri uğrunda döyüşlərdə iştirak edib. Mahir Abdullayev 1992-ci il sentyabrın 2-də Sırxavənddə yaralı halda davam etdirdiyi döyüşdə həlak olub.

SƏXAVƏT MƏMMƏDOV

(1991-2020)

Şəhid Səxavət Adıgözəl oğlu Məmmədov 1991-ci ilin bu günü Ağdam rayonunun Papravənd kəndində anadan olub. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. 2014-cü ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində tankçı kimi iştirak edib. Əsgər Səxavət Məmmədov sentyabrın 29-da şəhid olub və noyabrın 19-da Ağdam Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

ÜLVİ QULAMLI

(1994-2020)

Şəhid Ülvi Şahin oğlu Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Ülvi Qulamlı oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

ƏLİ NƏCƏFOV

(1998-2020)

Şəhid Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. Azərbaycan Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

ŞIXƏLİ QURBANOV

(1925-1967)

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, yazıçı, dramaturq, şair, ədəbiyyatşünas Şıxəli Qurban oğlu Qurbanovun anım günüdür. O, 16 avqust 1925-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb. 1942-1945-ci illərdə hərbi xidmətdə olub. Daha sonra Azərbaycan KP MK Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, indiki Səbael Rayon Partiya komitəsinin I katibi, Bakı Zəhmətkeşlər Deputatları Sovetinin deputatı, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK bürosunun üzvü və katibi olub. Bir sıra əsərlərin müəllifidir. “Milyonçunun dilənçi oğlu” tamaşasına yazdığı libretto üçün Üzeyir Hacıbəyov adına respublika mükafatına layiq görülüb. 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramının təşəbbüskarı və təşkilatçısı olub. Şıxəli Qurbanov 1967-ci ilin 24 mayında müəmmalı şəkildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ZÖHRAB ADIGÖZƏLZADƏ

(1940-2012)

Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadənin xatirə günüdür. O, 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent və professor kimi fəaliyyət göstərib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Zöhrab Adıgözəlzadə 2012-ci ilin 24 mayında vəfat edib. O, Azərbaycan pianoçusu, xalq artisti Murad Adıgözəlzadənin atasıdır.

BAHADUR ABBASOV

(1960-1992)

Şəhid Bahadur Bayram oğlu Abbasov da bu gün xatırlanır. O, 1960-cı il iyulun 31-də Naxçıvan şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Bahadur Abbasov 1992-ci il mayın 24-də şəhid olub və Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib.

NADİR İSAYEV

(1964-2020)

Şəhid Nadir Mikayıl oğlu İsayevin anım günüdür. O, 20 oktyabr 1964-cü ildə Laçın rayonunun Vağazin kəndində anadan olub. Bakı Neft Texnikumunda və Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Ermənilərin Laçın rayonuna hücumu zamanı Vağazin kəndinin müdafiəsində iştirak edib. Nadir İsayev 1992-ci il mayın 24-də ermənilərlə döyüşdə əmisi Baxşəli İsayevlə birlikdə şəhid olub və doğulduğu kənddə dəfn edilib.


Abunəlik