Dünyanın bu günü – 20.05.2021

Baxılıb:222
Dünyanın bu günü – 20.05.2021

SALMAN MÜMTAZ

(1884-1941)

Azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Məmmədəmin oğlu Əsgərov (Salman Mümtaz) 1884-cü il mayın 20-də Şəkidə tacir ailəsində doğulub. Kiçik yaşlarında ailəliklə Türkmənistanın Aşqabad şəhərinə köçdüyündən, uşaqlıq dövrü burada keçib. İbtidai təhsilini Xalxallı Mirzə Əsədullanın məktəbində alıb. Azərbaycan Dövlət Muzeyində, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Füqəra füyuzatı”, “Kommunist”, “Maarif və mədəniyyət”, “Günəş”, “Səda”, “Tərəqqi”, “Açıq söz” və başqa qəzet, jurnallarda onun satirik şeirləri, məqalələri, məktubu və mənzum felyetonları dərc olunub. “Molla Pənah Vaqif”, “El şairləri”, “Sarı Aşıq və bayatıları”, “Nişat Şirvani”, “Qövsi” və başqa kitabların müəllifidir. Onun “Unudulmuş yarpaqlar” sərlövhəsi altında verilən silsilə məqalələri, tapıntı və araşdırmaları klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə kömək edib. Salman Mümtaz 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ildə Rusiyanın Oryol şəhərində güllələnib.

HƏQİQƏT RZAYEVA

(1907-1969)

Azərbaycanın xalq artisti, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindən, pedaqoq Həqiqət Əli qızı Rzayeva 1907-ci ilin bu günü Lənkəranın Darquba kəndində anadan olub. Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Opera və Balet Teatrında solist, məşqçi-pedaqoq kimi fəaliyyət göstərib, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib. 20 yaşında ikən bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması onun həyatında yeni bir dövrün başlanğıcı olub. “Şah İsmayıl”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “Aşıq Qərib” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. Çox az filmdə çəkilən xalq artisti “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. “Şərəf nişanı” ordeni və medallarla təltif olunub. Həqiqət Rzayeva 1969-cu il avqustun 2-də Bakıda vəfat edib. Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

ZİYƏDDİN GÖYÜŞOV

(1920-1985)

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Bahadur oğlu Göyüşov20 may 1920-ci ildəAğdamrayonunun Boyəhmədli kəndində anadan olub. Ağdam Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsindətəhsil alıb. Boyəhmədli kəndində müəllim, Ağdamda yerli radio verlişləri redaksiyasının rəhbəri, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda Fəlsəfə tarixi şöbəsinin müdiri olub. Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak edib, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olub. Ziyəddin Bahadur oğlu Göyüşov 1985-ci il fevralın 9-da Bakıda vəfat edib.

MÜRSƏL HƏKİMOV

(1929-2006)

Ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor Mürsəl İsmayıl oğlu Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra institutda saxlanılıb, müxtəlif illərdə laborant, müəllim, baş müəllim, dekan müavini və professor kimi vəzifələrdə çalışıb, “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. Elmi və pedaqoji fəaliyyəti 100 elmi əsərində öz əksini tapıb. Mürsəl Həkimov 2006-cı ildə Bakıda vəfat edib.

SABİR RÜSTƏMXANLI

(1946)

Azərbaycanın xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1967-1978-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru, 1989-1991-ci illərdə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ın baş redaktoru olub. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Şeir kitablarının, poemaların, romanların və publisistik yazılarından ibarət əsərlərin müəllifidir. 1990-2015-ci illərdə Milli Məclisin deputatı olan Sabir Rüstəmxanlı 2020-ci ildə yenidən Milli Məclisə deputat seçilib.

KƏRƏM MİRZƏYEV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı ilin bu günü Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. 1983-85-ci illərdə sovet ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmətdə olub, daha sonra tikinti idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə başlayıb, baş leytenant rütbəsi alıb. Rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və başqa sərhəd kəndlərində gedən şiddətli döyüş əməliyyatlarında fəal iştirak edib. 1992-ci ilin 1 oktyabrında erməni quldurlarının Laçın rayonunun Mazutlu kəndinə hücumu zamanı baş verən döyüşdə həlak olub. Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Kərəm Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

MİRHƏŞİM SEYİDOV

(1958-1990)

Şəhid Mirhəşim Mirşəmil oğlu Seyidov 20 may 1958-ci ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Qorki adına sovxozda fəhlə işləyib. 1990-cı il yanvarın 19-da ermənilərin Naxçıvan MR-ə hücumunun qarşısını alarkən yaralanıb və bir neçə saatdan sonra vəfat edib. Şərur Şəhidlər Xiyabanında dəfn edilib.

RASİM MƏMMƏDOV

(1977-2016)

Şəhid Rasim Məmmədov 1977-ci ilmayın 20-dəBabək rayonununCəhri kəndindəI Qarabağ müharibəsininəlili Əbdül Məmmədovun ailəsində anadan olub. Bakı Ali Birləşmiş Komandirlər Məktəbində tank qoşunları komandiri ixtisası üzrətəhsil alıb. 2000-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Tank taborunun komandiri, mayor Rasim Məmmədov2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib.Ölümündən sonra “Vətən Uğrunda” və II dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.

XƏYAL NAMAZOV

(1986-2020)

Şəhid Xəyal Xudaverdi oğlu Namazov 1986-cı ilin bu günüFüzuli şəhərində anadan olub. 2006-2008-ci illərdəhəqii hərbi xidmətdə olub. 2014-cü ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayanVətən Müharibəsindəiştirak edib. Çavuş Xəyal Namazov oktyabrın 3-dəFüzuli döyüşlərizamanı şəhid olub. Ölümündən sonra”Vətən uğrunda” və”Füzulinin azad olunmasına görə” medallarıilə təltif edilib.

AMİD HEYDƏROV

(1988-2020)

Şəhid Amid Rəbbil oğlu Heydərov20 may 1988-ci ildəLerikrayonunda anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpəyə çıxan ilk tankçı olub.2020-ci il sentyabrın 27-dəbaşlayanVətən Müharibəsindəiştirak edib. Mayor Amid Heydərov oktyabrın 3-dəCəbrayıl döyüşlərizamanı şəhid olub və Lerikdə dəfn edilib.Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda”və”Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

ƏMRAH MAMEDOV

(1998-2020)

Şəhid Əmrah Qaraş oğlu Mamedov 20 may 1998-ci ildəAğcabədi rayonunun Poladlı kəndində anadan olub. Poladlı kənd tam orta məktəbində təhsil alıb.2016-2018-ci illərdəhəqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsindəiştirak edib. Kiçik çavuş Əmrah Mamedov sentyabrın 27-də Suqovuşan döyüşlərizamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib.Ölümündən sonra”Vətən uğrunda” və”Laçının azad olunmasına görə”medallarıilə təltif olunub.

TURAL HÜMMƏTOV

(1998-2020)

Şəhid Tural Rövşən oğlu Hümmətov1998-ci ilmayın 20-dəLənkəran rayonunun Tatoba kəndində anadan olub.2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Kompüter Mərkəzində inzibatçı işləyib. 2020-ci il sentyabrın 27-də başlayanVətən MüharibəsizamanıHadrut,Füzuli və Şuşa uğrunda gedən döyüşlərdəiştirak edib. Əsgər Tural Hümmətov noyabrın 7-də Şuşa döyüşlərizamanı şəhid olub və Lənkəran rayonundadəfn edilib. Ölümündən sonra”Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıilə təltif edilib.

ELVİN TEYMUROV

(1999-2020)

Şəhid Elvin Mustafa oğlu Teymurov 1999-cu ilin bu günüBabək rayonunun Nehrəm qəsəbəsində dünyaya göz açıb. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.2020-ci ilinmayayında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayanVətən Müharibəsindəiştirak edib. Əsgər Elvin Teymurovoktyabrın 20-də Füzuli döyüşlərindəşəhid olub və doğulduğu qəsəbədə dəfn edilib.Ölümündən sonra “Vətən uğrunda” və”Şuşanın azad olunmasına görə”medallarıilə təltif olunub.

SEYMUR ABBASOV

(2000-2020)

Şəhid Seymur Müşfiq oğlu Abbasov 20 may 2000-ci ildə Göygölşəhərində anadan olub.Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. IV sinif kursantı idi. 2020-ci il sentyabrın 27-də başlayanVətən Müharibəsində iştirak edib. Kiçik leytenant Seymur Abbasov noyabrın 9-daŞuşa döyüşlərizamanı şəhid olub vəGöygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra”Vətən uğrunda”,”Cəsur döyüşçü”və “Şuşanın azad olunmasına görə”medallarıilə təltif edilib.

AĞACAN CƏBRAYILOV

(2002-2020)

Şəhid Ağacan Zakir oğlu Cəbrayılov 2002-ci ilmayın 20-dəŞamaxı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayanVətən Müharibəsindəiştirak edib. Əsgər Ağacan Cəbrayılov müharibənin sonuncu günü – noyabrın 10-da şəhid olub və Şamaxı Şəhidlər Xiyabanındadəfn edilib. Ölümündən sonra”Vətən uğrunda” medalıilə təltif olunub.

ELVİN MƏLİKMƏMMƏDOV

(2002-2020)

Şəhid Elvin Elçin oğlu Məlikməmmədov2002-ci ilin bu günüXaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. 7 illik musiqi təhsili alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və sentyabrın27-də başlayanVətən Müharibəsindəiştirak edib. Əsgər Elvin Məlikməmmədov oktyabrın 4-dəSuqovuşan döyüşlərindəşəhid olub. Ölümündən sonra”Vətən uğrunda” medalıilə təltif edilib.

NURLAN NURMƏMMƏDOV

(2002-2020)

Şəhid Nurlan Niyazi oğlu Nurməmmədov 20 may 2002-ci ildə Şabran rayonunun Sincanboyad kəndindəanadan olub. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayanVətən Müharibəsindəiştirak edib. Əsgər Nurlan Nurməmmədov oktyabrın 13-də Füzuli döyüşlərində şəhid olub və Şabran Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra”Vətən uğrunda” və”Füzulinin azad olunmasına görə” medallarıilə təltif edilib.

SEYİD ƏZİM ŞİRVANİ

(1835-1888)

Azərbaycan şairi və maarifçisi Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaninin anım günüdür. O, 1835-ci il iyulun 10-da Şamaxıda anadan olub. Atası erkən yaşda vəfat etdiyindən Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseynin himayəsində böyüyüb. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə Şamaxıya qayıdıb. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda yaşayıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi onu əvvəlcə İraqın Nəcəf və Bağdad, sonra isə Suriyanın Şam şəhərlərinə aparıb. İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərib. 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyanı ziyarət edib. Vətənə qayıtdıqdan sonra ruhani olmaq fikrindən əl çəkib və məktəbdarlıqla məşğul olub. Şeirlərinin bir qismini «Əkinçi» qəzetində çap etdirib. «Əkinçi» bağlandıqdan sonra «Ziya», «Ziyayi-Qafqaziyyə» qəzetləri ilə əməkdaşlıq edib. 1877-ci ildə Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzələrək, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayıb. Seyid Əzim Şirvani 1888-ci ildə vəfat edib.

ƏBÜLHƏSƏN ƏLƏKBƏRZADƏ

(1904-1986)

Azərbaycanın xalq yazıçısı Əbülhəsən Əlibaba oğlu Ələkbərzadənin xatirə günüdür. O, 1904-cü ildə Şamaxı qəzasının Basqal kəndində anadan olub. Bakı Darülmüəllimində təhsil alıb. Müxtəlif illərdə Dərbənd Pedaqoji Texnikumunda müəllim, Tovuzda maarif müdiri, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, “Azərbaycan” jurnalında baş redaktor vəzifələrində işləyib. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, “Dağlar”, “Şahbuzdağı”, “Bahar yağışları”, “Qasımkəndin yaxınlığında”, “Dünya qopur”, “Tərs adamlar”, “Utancaq” və başqa əsərlərin müəllifidir. Əbülhəsən Ələkbərzadə 1986-cı ildə Bakıda vəfat edib. O, nasir Çingiz Ələkbərzadənin atası, müğənnilər Sevda və Elmira Ələkbərzadələrin babasıdır.

ŞAMİL MAHMUDBƏYOV

(1924-1997)

Görkəmli kinorejissor, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Şamil Mahmudbəyov 1997-ci ilin bu günü Bakıda dünyasını dəyişib. O, 5 dekabr 1924-cü ildə Naxçıvanda anadan olub. 1943-cü ildə orduya çağırılıb və İkinci Dünya müharibəsində iştirak edib. Tərxis edildikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1954-cü ildən Bakı Kinostudiyasında rejissor vəzifəsində çalışıb. “Görüş”, “Qara daşlar” filmlərində ikinci rejissor işləyib. İlk kino işi “Əyri yolla qazanc” qısametrajlı filmi olub. Yaradıcılığının davamı olaraq “Romeo mənim qonşumdur” lirik komediyasını, “Qaraca qız” kinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dərviş Parisi partladır”, “Od içində”, “Tənha narın nağılı” filmlərini çəkib. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş “Şərikli çörək” filminə görə Dövlət Mükafatına layiq görülüb. Eyni zamanda “Yenilməz batalyon” filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa edib. Ağır xəstəliyə tutulan rejissor “Divar” və “İnsan” adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilməyib.

ƏFSƏR CAVANŞİROV

(1930-2006)

Bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Bayram oğlu Cavanşirov 20 may 2006-cı ildə Bakıda vəfat edib. O, 1930-cu il noyabrın 8-də Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbinin tar ixtisası sinfini bitirib. Bakı Musiqi Texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub, 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirib. Elə həmin il Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinin “Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin olunub. Həm iri həcmli, həm də miniatür janrlarda mahnılar bəstələyib. «Ən əziz ad» vokal-simfonik poema, «Gəncliyin səsi» kantatası, «Azərbaycan, Vətənim mənim» üvertürası ifa olunduğu ilk vaxtdan musiqi ictimaiyyəti tərəfindən bəyənilib və musiqi fonduna daxil olub. Əfsər Cavanşirov xalq çalğı alətləri orkestri üçün də bir sıra əsərlər yazıb.

ADİL TATAROV

(1999-2018)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Əli oğlu Tatarov 2018-ci il mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olub. Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub. Ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub.


Abunəlik