AzTV-nin dağılan tifağı və yaxud Rövşən Məmmədovun dağıtdığı MLLİ SƏRVƏT haqqında-İKİNCİ YAZI

Baxılıb:823
AzTV-nin dağılan tifağı və yaxud Rövşən Məmmədovun dağıtdığı MLLİ SƏRVƏT haqqında-İKİNCİ YAZI

AzTV-nin sədri Rövşən Məmmədovun bir rəhbər və bir jurnalist kimi qeyri-peşəkar olduğunu çoxları kimi mən də bilirdim. Amma onun insan və elm adamı kimi bu qədər bəsit olduğunu təsəvvür etmirdim. Az-çox mənim fəaliyyətimi izləyən dəyərli oxucular bilir ki, sosial-iqtisadi və siyasi məsələlərlə bağlı davamlı olaraq elektron KİV-lərdə çıxış edirəm. Və yazılarımın tam əksəriyyəti təhlil və tənqidi olur. Amma bu günə qədər tənqid etdiyim heç bir dövlət strukturunun rəhbəri Rövşən qədər yazılarıma aqressiv və qərəzli münasibət göstərməyib. Bu isə onun bir rəhbər və insan kimi tənqidə dözümsüzlüyünün,eqosunun və hikkəsinin göstəricisidir.  İş olan yerdə nöqsanın olması təbii haldır. Olan nöqsanın deyilməsi də adi haldır. Normalda tənqid olunan rəhbər ona tutulan irada iki cür münasibət sərgiləyir.

Birincisi, hüquqi müstəvidə.

İkincisi isə təkzib formasında olur. Yəni yazılanlar qarşı tərəfdən bənd- bənd “sübutalnı-dokumentalnı” təkzib edilir. Və əlahəzrət oxucu da baxır ki, kim haqdır,kim nahaq. Amma Rövşən bu yolu tutmur. Çünki, yazılanların hamısı həqiqətdir. Ona görə də o üçüncü yolu-jantaj yolunu tutur.

Mən yazmışam ki, “Xəbərlər” proqramında efirə verilən material dövlətə və prezidentə qarşı təxribatdır. Yəni mayın 6-da efirə gedənlər göstərdi ki, sabah hansısa bir təxribatçı materialın və yaxud Naira Zöhrabyanın hansısa bəyanatının AzTV-nin efirində getməsi təhlükəsi var. Bunu bir peşəkar kimi deyirəm. Amma neyniyək ki, bizim xəbərdarlığımızdan nəticə çıxartmaq əvəzinə Rövşən qəzəblənir. Deyilən ağıllı sözü özünə qarşı həqarət sayır. Və çağırıb əlaltılarına tapşırır ki, “bu adamın iç üzünü açın”. 27 illik AzTV-dəki iş təcrübəmə güvənib deyə bilərəm ki, şər kompaniyası aparmaq üçün AzTV-də xüsusi qruplar var. Və həmin qrupların birinə də kadrlar idarəsinin rəisi İlhamə Hüseynova və idarənin “məsul” əməkdaşı Zemfira Əliyeva rəhbərlik edir. İlhamə xanım bu sahədə təzə olsa da Zemfira xanım kifayət qədər təcrübəlidir. O zaman-zaman bu cür kompaniyaların başında durub. Adi bir faktı deyim. 1998-ci ildə AzTV-nin o vaxtkı rəhbərliyi rəhmətlik Elşad Quliyevə qarşı kompaniyaya  başlamışdı. Və kadrlar idarəsinə tapşırıq verilmişdi ki, bütün işçilər Elşad Quliyev haqqında hazırlanmış və Baş Prokurorluğa ünvanlanmış “müraciətə” imza atmalıdır. İmza atmayanları ciddi cəza gözləyirdi. Həmən bu Zemfira Əliyeva dəfələrlə mənim qarşımı kəsib bildirdi ki: “Gəl qol çək,yoxsa sənin üçün pis olacaq”.  Və bir gün baş redaktor İsmayıl Ömərov məni çağırdı ki: “Ayə, niyə gedib qol çəkmirsən. Bilmirsənki, bu ciddi məsələdir. Bütün şirkət əməkdaşları qol çəkir,sən niyə qol çəkmirsən?”. Dedim ki: “Ömərov, Siz qol çəkmisiniz?”. Dedi ki: “Mən o, kişinin çörəyini yemişəm. İşdən çıxaram,amma qol çəkmərəm”. Dedim ki:”Onda mən niyə qol çəkməliyəm? Mən nə onun vaxtında işləmişəm, nə də ki,onunla ünsiyyətim olmayıb.Mən qol çəkməyəcəm”. Cavabım İsmayıl Ömərova ləzət elədi. Götürüb zəng etdi: ”Zema, Surxayın cəzasın özüm verəcəm,qoy qol çəkməsin”.  Bu inadkarlığımdan sonra bir daha Zemfira xanım məni bu çirkin oyunlar üçün narahat etmədi. Baxmayaraq ki, bütün rəhbərliklər dövründə bu cür imzatoplama kompaniyaları təşkil edilib. Sonuncu da bəndeyi-fəqirinizə qarşı olub. Və AzTV-nin Facebook səhifəsində mənim haqqımda yerləşdirilən “ifşaedici” yazıda da, o yazıya şərh yazanlarda da  Zemfira Əliyevanın dəst-xətti apaydın görsənir. Adamlar məcbur edilir ki, mənim haqqımda ağızlarına gələn təhqirləri yazsınlar. Ən maraqlısı odur ki, rəy yazanların tam əksəriyyəti Rövşənin AzTV-yə dürtüşdürdüyü qohum-əqrəbası,dost-tanışlarıdır  və məni qətiyyən tanımırlar. Hələ onu demirəm ki, statusların çoxu saxta profildən yazılıb. Məsələn, Elşən Zeynallı haqqında məlumata baxdım. Yazılb Elşən Zeynallı Fransanın Marsel şəhərində(?) doğulub və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Və yaxud Miraləm Mirələmova. Bu adda mən qız tayfasına rast gəlməmişəm. O da özü haqqında heç bir məlumat vermir. Bu siyahını uzada da bilərəm. Amma nə hacət…

Di gəlki, Rövşən “qaş düzəltdiyi yerdə göz çıxartdı”. Çünki, yazılan statusların böyük əksəriyyəti Rövşənin yarıtmaz fəaliyyətini tənqid edir, onu ciddi şəkildə qınayır. Hə, bax belə yerdə deyirlər ey: “Kasıbın da Allahı var”. Ona görə də Rövşənin haqqımda yazdığı “ifşaedici” yazı haqqında çox danışmadan keçək əsas məsələyə.  Ötən yazılarımızın birində Rövşənin saxta tender və forma-2-lərlə dövlət vəsaitini necə mənimsədiyini yazmışdıq.  Həmən yazıdan sonra bizə yeni Rövşən demiş “fotofaktlar” təqdim edildi. Onların bir qismini dəyərli oxucuların, Rövşənin və Rövşəni müdafiə edənlərin diqqətinə çatdırıram.

Deməli, Rövşən “özfəaliyyətdə” olduğu 2,4 ildə işi-gücü ancaq müxtəlif yollarla dövlət vəsaitini mənimsəmək olub. Həmən çirkli yollardan biri də görülən irili-xırdalı bütün işlərə külli miqdarda pul yazıb,silməkdir. Beləki, Rövşən ən xırda işlərlə bağlı  özünə yaxın şirkətlərlə müqavilə bağlayır və sonra onlardan “otkat” alır. Məsələn, AzTV-nin balansında olan avtomobillərin üzərinə reklam xarakterli poliqrafiya işlərinə görə külli miqdarda dövlət vəsaitini ayrı-ayrı şirkətlərin hesabına köçürüb. Sonra isə onlardan “dolya” alıb. Halbuki, AzTV-də bu işləri görməli olan xüsusi sex var. Amma sən saydığını say, gör Rövşən nə sayır…

Təqdim edəcəyimiz digər fakt isə daha biabırçıdır. Beləki, Rövşən sədr təyin olunandan cəmi 15 gün sonra, yəni 2019-cu ilin sentyabrında AzTV, İdman-TV və Mədəniyyət TV-nin loqolarını dəyişdirdi. Amma 2019-cu ilin noyabrın 26-da İqtisadiyyat Nazirliyinin Antiİnhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi  Agentliyinə  məktub yazıb dəyişdirilmiş loqolarla bağlı yeni tender elan edir(?).

Qazancın asan yolunu tapan Rövşən bundan sonra ən xırda işlər üçün Forma-2 –lər tərtib etməyə başlayır. Hətta elə işlər üçün “tenderlər” keçirib, müqavilələr bağlanıb ki, adam baxanda ayağının altından yer qaçır. Adam fikirləşir ki, insanda pula hərislik nə qədər güclü olarmış, İlahi! (Rüşvətə yox, haa pula. Çünki,Rövşən rüşvətxor deyil).

AzTV-yə bələd olan adam kimi deyə bilərəm ki, burda kifayət qədər peşəkar qrafik tərtibatçıları var. Və onlar istənilən qrafik tərtibatını həyata keçirə bilirlər. Amma Rövşən dövlət vəsaitini mənimsəmək üçün bu işə görə də özünə yaxın şirkətlərlə iş birliyinə gedib. 28 yanvar 2020-ci ildə efirin qrafik tərtibatı (rebrendiq) işlərinin satınalınması üçün Katirovka sorğusu keçirib. Və bu hesaba da külli miqdarda  dövlət vəsaiti nağdılaşdıraraq cibinə qoyub.

Bunlar Rövşənin maliyyə maxinasiyalarının bir qismidir. Növbəti yazılarımızda daha ciddi maliyyyə maxinasiyaları barədə Rövşənin təbiri ilə desək “fotofaktlar” və “səs yazıları” təqdim edəcəyik. Görək onda Rövşən və onun müdafiəsinə qalxanlar nə deyəcək?

Əziz oxucu! Tale elə gətirib ki, biz Rövşənlə qonşu olmuşuq. Ona görə də Rövşənin həm fərd olaraq, həm də ki, “rəhbər” olaraq bütün cikini-bikini bilirəm. Məsələn, bilirəm ki, “Lider” TV-də jurnalist işləyəndə hansı idman federasiyalarının qapısında boynunu büküb. Hansı mətbuat xidmətindən nə qədər pul alıb. Bundan əlavə AzTV-yə gələndən sonra verilişlərə dəvət etdiyi hansı deputatdan və hansı nazir müavinindən hər dəfə nə qədər rüşvət aldığını çox dəqiq bilirəm. Amma hələlik onları sadalamıram. Çünki, mən belə hallara normal baxıram. Ona görə ki, bizim cəmiyyətdə quru maaşla nə ev almaq olar,nə avtomobil, nə də ki, ailənin qayğılarını qarşılamaq olar. Amma Rövşən başqa cür baxır. O fikirləşir ki, ancaq o yaxşı dolanmalıdır, lüks arabalarda gəzməlidir, villalarda yaşamalıdır. Rəhbəri olduğu 2500 nəfərlik kollektivdəki insanlarsa ən yaxşı halda 500 manatla keçinib getməlidir. Hələ bu pulun yarısını da onun əlavə gəlir yeri olan AzTV-nin yeməkxanalarında xərcləməlidir. Ümumiyyətlə Bu adam insanların heysiyyatı ilə oynamağı, qarşısındakını alçaltmağı çox xoşlayır. Ən dəhşətlisi odur ki, Rövşən insanların cörəyi ilə oynamağı çox sevir. Ötən ilin aprelində, müqəddəs Ramazan ayında Rövşən 10-a yaxın sürücünü küçəyə atdı. Adını da qoydu ki, hər ay hər bir sürücü 50 litr benzin oğurlayır. Gör bu adam insanlıq hissini nə qədər itirib ki,həyatın dibində sürünən insanlarla prinsip aparır,onların məcburən oğurladıqları 30-40 manatın hesabın çəkir. Özü də ən ağır formada. Sürücü ilə prinsip aparan rəhbərdənsə heç vaxt ədalət və obyektivlik gözləmək olmaz.

Baxmayaraq ki, Rövşən üçün 5-10 min manat “smiçka” puludur. Bu günlərdə sosial şəbəkələrdə məlumat gəzdi ki, 2019-cu ildə Gənclər və İdaman Nazirliyi ” Gənclər festifalı”nın təbliği üçün AzTV-yə 300 min manat pul ödəyib. Rövşən də bu vəsaiti özünə yaxın 30-dan artıq adamın adına yazaraq nağdılaşdırıb, qoyub cibinə. Bu gün AzTV -də gedən yoxlamalar zamanı Rövşən həmin 300 min manatın hesabatını verə bilmir. O cümlədən, 2019-cu ilin fevralında Ölkə Başçısının sərəncamı ilə AzTV-yə ayrılmış 3 milyon manatın da Rövşən bu gün izahını verə bilmir. Halbuki, hələ iki il qabaq söz gəzirdi ki, bu 3 milyonu Rövşən vəzifə təyinatındakı əvəzsiz dəstəyinə görə Əli Həsənova “şirinlik” (rüşvət yox haaa..) verib. Və bu gün aparılan yoxlamalarda da həmin 3 milyonun hesabı sorulur.

Əl qərəz… Azərbaycanın milli sərvəti olan AzTV Rövşən tərəfindən talanır. Bu talanla bağlı növbəti yazımızda daha ətraflı söhbət açacağıq. Biləssiniz ki, Rövşənin AzTV-dəki “qara kassası” kimdir, kadrlar idarəsi və mühasibatlıqda hansı dəhşətli maliyyə maxinasiyaları aparılır. Və Rövşənin və həyat yoldaşının AzTV-yə dürtüşdürülən qohumlarının siyahısı ilə tanış olacaqsınız.

Surxay Atakişiyev,

BakuExo.az.


Abunəlik