Koronavirusa yenidən yoluxma riski olan insanlar açıqlandı
Analizlər koronavirusa qarşı yüksək miqdarda ümumi anticisim titri göstərsə belə, bu, insanın yenidən yoluxmayacağı anlamına gəlmir.
“Aztimes.az”ın məlumatına görə, bu barədə Rusiyada tibb elmləri namizədi, immunoloq, “Clinical Excellence Group”un baş direktoru Nikolay Kryuçkov xəbərdarlıq edib.
Onun sözlərinə görə, əslində orqanizmi qoruyucu funksiyaları olan immunitet sisteminin xüsusi hüceyrələri, həmçinin qoruyucu anticisimlər qoruyur, yəni bütün anticisimlər bura aid deyil.
“Anticisimlərin əksəriyyəti, ən azından əhəmiyyətli bir hissəsinin qoruyucu xüsusiyyətləri yoxdur… Bu səbəbdən bizi ilk növbədə qoruyucu anticisimlərin titri və ya nisbəti maraqlandırır. Bu anticisimlər müəyyən vəziyyətlərdə yetərli olmaya bilər”, – deyə Kryuçkov əlavə edib.
İmmunoloq bildirib ki, koronavirusa qarşı vaksin vurdurmuş və ya bu xəstəliyi keçirmiş insanlar müdafiə tədbirlərinə laqeyd yanaşmamalıdır.
“Xəstəliyi keçirdikdən və ya vaksinasiyadan sonra sonra yoluxma şansı dəfələrlə azalsa da, tamamilə yox olmur” , – deyə o qeyd edib.
İmmunoloq koronavirusa yenidən yoluxma riski ilə qarşılaşan insanların kateqoriyalarını da sadalayıb. Həkim bu siyahıya immuniteti zəif olan hər hansı alt qrupun daxil olduğunu bildirib.
“Söhbət birincili və ya ən çox görülən ikincili (qazanılmış) immun çatışmazlığı diaqnozu qoyulan insanlardan gedir”, – deyə mütəxəssis qeyd edib.
Kryuçkov həmçinin autoimmun xəstəliklərdə, onkologiyada, ağır xroniki xəstəliklərdə immunitet reaksiyasının azaldığını vurğulayıb.
“Bundan başqa immunitet sisteminin reaktivliyi azalmış yaşlı insanlar yenidən koronavirus xəstəliyinə yoluxa bilərlər”, – deyə immunoloq xəbərdarlıq edib.Sputnik.