Parlamentin ehsan layihəsi Şeyxə zərbədir? -payız “fatihəsi”…
“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında qəbul olunacağı barədə məlumatlar yayılıb.
Qanun layihəsinə əsasən yaxın aylarda ölkə boyu yas məclislərində yemək verilməsi qadağan olunacaq, rəsmi qəzetlərdə başsağlıqlarının dərci dayandırılacaq, ehsan süfrəsinəyeni qaydalar tətbiq ediləcək.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyilənləri təsdiqləyib və bütün bunların qanuni formaya salınacağını söyləyib.
Onun sözlərinə görə, ehsan masasında çay, limon, xurma, halva ola bilər: “Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub.
Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində”.
Deputatın xüsusi ilə Bakını vurğulaması təsdadüfi deyil və bu işarənin altında bir informasiya gizlənir. Söhbət paytaxtda mərasim zalları, ehsan süfrəsi, çadır biznesində mühüm payı olanlardangedir.
AzTimes.az xatırladır ki, bir neçə il qabaq da yas məclislərində ehsan israfçılığı gündəmə gəlmişdi, inzibati müdaxilələr belə tətbiq olunmuşdu.
Amma bu prosesin əleyhinə çıxanlardan ən birincisi Qafqazın Şeyxi Allahşükür Paşazadə olmuşdu.
Bu gün də Şeyxin sözügedən məsələdə dirəniş göstərdiyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə arasında fikir ayrılığı yarandığı xəbər verilir. Hətta münasibətlərin gərginləşdiyi iddia olunur.
Çünki həmin qanun layihəsi birbaşa QMİ sədrinə yönəlikdir və Şeyx ehsan qadağasına hazırlığı özünə qarşı hesablanmış plan kimi qiymətləndirir. Bu baxımdan layihənin parlamentdə qəbulu xeyli vaxtdır ki, yubanır.
Görünür ki, A.Paşazadənin nüfuzu ciddi şəkildə təsirini göstərib. Lakin bu payız qanunun qəbulu istisna deyil və artıq Dini Komitə məsələdə konkret müqavimət göstərməkdədir.
Ayrı-ayrı KİV-lərdə yayılmış xəbərlərə görə, Paşazadə istəmir ki, ehsan məclislərindəki təmtəraqlı süfrələr, ifratçılıq birdəfəlik yığışdırılsın. Çünki bu qərar onun “biznesinə son qoya bilər. Onun yaratdığı “çadır bazarı” ilə böyük gəlirlər gətirir.
Lakin Şeyxin ehsan qadağasına müqavimət göstərməsi mərasim zallarından şeyxülislamın qazanc güdməsi, zalların bir çoxunun birbaşa ona və ya yaxın ətrafına məxsus olması ilə izah edilsə də, mətbuatda digər versiyalar da gündəmə gəlib.
Aydın məsələdir ki, bütün mərasim zalları və ya ehsan mərasimlərinin təşkili Şeyxin monopoliyasında deyil, hətta olsa belə ordan gələn gəlir QMİ sədrini siyasi hakimiyyətə, onun verdiyi qərara qarşı çıxmağa vadar edə bilməzdi.
Şeyx uzun illər çoxlu sayda siyasi hakimiyyətlərlə işləyib və çox ehtiyatlı və təcrübəli biridir. Bu səbəbdən QMİ sədrinin bir neçə mərasim zalında yeməkli ehsan vermək üçün hökumətin qərarına müxaliflik etməsi inandırıcı görünmür. Ortada başqa mətləblərin olduğu dəqiqdir.
Bu mətləb isə Şeyxin rəqibləridir. Məsələ burasındadır ki, son illər Şeyxə qarşı ciddi “cəbhə” yaranıb.
Paşazadə zaman-zaman bu “cəbhələşmə”ni yarmağa, “zərərsizləşdirməyə” hardasa müvəffəq olub, amma məğlub edə bilməyib.
Son illərdə bu qüvvələr daha da gücləniblər, mövqeləri möhkəmlənib və Dini Komitə də bu məsələdə “Domokl qılıncı” funksiyasını yerinə yetirməkdədir. Şübhəsiz ki, kimsə ehsan süfrələrində israfçılığı bəyənmir, qanun layihəsini də təqdir etmək lazımdır və qəbulu vacibdir.
Lakin məsələnin pərdəarxasındakı mahiyyəti Şeyxin biznesinin sıradan çıxarılması, həlqəsinin daraldılmasıdır.
Hakimiyyətin birinci şəxsi səviyyəsində dəstəyi olduğundan Şeyx hələ də ona qarşı olan hücumları dəf edə bilir.
Lakin buna baxmayaraq, QMİ sədrinin mövqelərinin zəiflədilməsinə cəhdlər heç zaman dayanmır.Xüsusən də son olaraq ölkədə ehsan qadağası, o cümlədən dini maarifçilik işinə Dini Komitənin cəlb olunması faktiki olaraq, bu günə qədər ölkədə din sahəsində əsas avtoritet kimi qəbul olunan, dini fəaliyyətlərə rəhbərlik edən Şeyxülislamın fəaliyyət sahələrinə müdaxilədir.
Bu günə qədər bu sahələr birbaşa QMİ sədrinin nəzarətində olub, hətta keçmiş komitə sədrləri də Şeyxlə hesablaşıblar.
AzTimes. İstinad reportyorinfo