Təltif olunan prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib – FOTO
Aprelin 16-da Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təltif olunan prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirən, xüsusən müharibə gedişində qanunsuz erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işləri başlanmaqla döyüş əməliyyatlarının aparıldığı şəraitdə hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi və digər mümkün istintaq hərəkətlərinin aparılması istiqamətində zəruri tədbirlər görülüb.
Baş prokuror Prezident cənab İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 38 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları – orden və medallarla təltif etməsinin Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirib, təltiflərin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olmaqla ikiqat məsuliyyət yaratdığını qeyd edib.
Bundan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq olaraq, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib, həmçinin ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərmiş bir qrup əməkdaş mükafatlandırılıb.
Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmiş və fəaliyyətlərini bu etimada layiq səviyyədə davam etdirəcəklərini bildirib.
Tədbirin yekununda Baş prokuror Kamran Əliyev bir daha ölkə başçısı cənab İlham Əliyevə göstərilən yüksək inam və etimada görə kollektivin adından minnətdarlığını bildirməklə Azərbaycan Prokurorluğunun bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə respublikamızın dinamik inkişafına istiqamətlənmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəyinə əminliyini qeyd edib.