Kamran Əliyev Rusiya baş prokurorunu qəbul edib – FOTO
Rusiya Federasiyasının baş prokuroru İqor Krasnovun ölkəmizə səfəri çərçivəsində Kamran Əliyevlə ikitərəfli görüş keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları İlham Əliyev və Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub.
Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfər müharibəsində qazanılan qələbə ilə bağlı qonağa məlumat verərkən Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində Rusiya dövlətinin sülhməramlı qismində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək, Rusiyanın Azərbaycan və Ermənistan arasında balanslaşdırıcı mövqedən çıxış etməsinin regionda sülhün əbədi bərqərar olmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Həmçinin, Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. Habelə digər hüquq mühafizə orqanları ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə sahib olduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.
İki dost və tərəfdaş dövlətin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu qeyd edərək, xüsusilə prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq olduğunu vurğulayıb.
Baş prokurorlar əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Niyyət bəyanatı imzalanıb.
Bundan əlavə, İqor Krasnov Kamran Əliyevi bu ilin iyul ayında Sankt-Peterburqda keçiriləcək Avropa Prokurorlarının Məşvərətçi Şurasının iclasında iştirak etməyə dəvət edib.
Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.