Aqil Abbasdan Müdafiə Nazirliyinə SƏRT sözlər

Baxılıb:377
Aqil Abbasdan Müdafiə Nazirliyinə SƏRT sözlər

AQİL ABBAS: “Müdafiə Nazirliyindən mənə cavab yazanlar çıxışımı diqqətlə dinləməyiblər və ya oxumayıblar”.

Hörmətli Cənab Nazir!
Mənim Milli Məclisdə məlum çıxışımla bağlı nazirliyin dərhal reaksiya verməsinə görə Sizə təşəkkür edirəm. Kaş nazirliyin fəaliyyətinə yönələn tənqidlərin hamısına belə tez reaksiya verəsiniz.

Milli Orduya aid mövzular mənim üçün həmişə tabu olub, yəni qadağan sayılıb. Birinci Qarabağ savaşı başlayandan bu günə qədər ordu ilə bağlı heç bir tənqidi fikir səsləndirməmişəm. Əksinə, Orduda baş verən nöqsanlarla bağlı deyilmiş sözə və ya yazılmış məqalələrə dərhal cavab vermişəm və bildirmişəm ki, Ordudakı nöqsanlar haqqında yazmaq və danışmaq olmaz. Çünki bu Ordu bizimdir. Və bizim yazdıqlarımızı düşmən də oxuyur. Eləcə də əsgər valideynləri, xüsusilə də əsgər anaları narahat olurlar.

Hörmətli Cənab Nazir!

Birinci Qarabağ savaşı başlayandan Atəşkəsə qədər səngərlərdə olmuşam, döyüşçülərə nəinki ərzaq, hətta silah-sursat da daşımışam. Hospitallara yardım aparmışam, döşək ağıdan, yastıq və yorğan üzündən tutmuş dava-dərmana qədər.

Bakıdakı Hospitala Birinci Qarabağ savaşında ABŞ-ın Hərbi Hospitallarında istifadə olunan təxminən 500 min dollar dəyərində dava-dərman, tibbi ləvazimat bağışlamışam. Bu işdə mənə yardımçı olan sabiq rabitə naziri Sirus Abbasbəyliyə də təşəkkür edirəm. Və Birinci Qarabağ savaşında «Ədalət» qəzetini səngər qəzeti , cəbhə qəzeti etmişdim.

Özümü tərifləmək fikrim yoxdu, elədiyimin yüzdə birini deyirəm. Yəni mən bu Vətənə, bu Orduya belə bağlı adamam.

44 günlük İkinci Qarabağ savaşında da dəfələrlə cəbhə bölgəsində, əsgərlərin yanında olmuşam. Xəstəxanaları gəzmişəm, həkimlərlə, tibb işçiləriylə və yaralılarla görüşmüşəm. Şəhid dəfnlərində iştirak etmişəm, şəhid ailələrində olmuşam, demək çirkinlik çıxmasın, heç vaxt da əliboş getməmişəm.

Və savaş möhtəşəm qələbəmizlə bitdikdən sonra «44 günlük müharibə» adlı silsilə məqalələr yazmışam və həmin məqalələrdə də həkimlərimizin və tibb işçilərinin, daha dəqiq desək, tibb bacılarının cəbhə bölgəsində necə fədakarlıq etdiklərini işıqlandırmışam. Sizin cavab məktubunuzda da qeyd edirsiniz ki, «Millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən də hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə öz razılığını ifadə edib».

Cavabda qeyd edirsiniz ki, «deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında,düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir».

Əvvəla, «Ədalət» qəzetini Müdafiə Nazirliyinin məlum qurumun əməkdaşları vərəqləsələr görərlər ki, məhz həmin həkim və tibb işçilərinin fədakarlığı barədə ayrı-ayrı məqalələr dərc olunub. Eləcə də xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş tibbi işçiləri barədə.

Təəssüf edirəm ki, Müdafiə Nazirliyindən mənə cavab yazanlar çıxışımı diqqətlə dinləməyiblər və ya oxumayıblar. Guya: «Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır».

Mən çıxışımda Hərbi Hospitalın həkimlərinin əməyini yüksək qiymətləndirmişəm. Söhbət Hospitalın hələ ordudan tərxis olunmamış, evlərində müalicə alan qazilərə göstərilən xidmətindən gedir.

Hörmətli Cənab Nazir!

Elə gün olmur ki, mənim, eləcə də digər deputatların yanına həmin qazilər şikayətə gəlməsin. Amma mən heç vaxt onların şikayətini, narazılığını mətbuata çıxarmıram. Əksinə, könüllərini alıram, izah edirəm ki, müharibə təzə başa çatıb, darıxmayın, hər şey yoluna düşəcək. Reseptlə gəliblərsə də dava-dərmanlarını alıb verirəm. Qulluqlarında da başqa cür nə xidmət göstərirəm, özüm bilirəm.

Məsələn, ucqar rayonların birindən yanıma üç dəfə gələn bir qazi var. Yalnız qoltuq ağaclarının köməyi ilə yeriyə bilir, bədənində qəlpə yaraları, bəzilərini hələ çıxarmaq mümkün olmayıb, danışığını da itirib, çox çətinliklə fikrini çatdıra bilir. Hələ də ordudan tərxis olunmayıb, müharibədən beş ay keçib. Və buna görə də əlillik dərəcəsi ala bilmir.

Sizə onlarla belə fakt saya bilərəm. Qəzetləri izləsəniz yüzlərlə belə fakta rast gələrsiniz.

Görün mənə cavabda Müdafiə Nazirliyi nə yazır: «O ki qaldı yaralılara əlillik dərəcəsinin verilməsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyəti çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir».

Mən 2005-ci ildən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm. Onu deyim ki, hər hansı bir komitəni seçmək deputatın istəyilədir. 2005-ci ildə deputat seçiləndə torpağı işğal altında olan, yurdu-yuvası dağılmış, ev-eşiyi yandırılmış, şəhidlər vermiş bir qarabağlı kimi məhz həmin komitəni seçdim ki, mənim də ordumuz üçün, təhlükəsizliyimiz üçün bir payım olsun. Və hansı nazirliyin, hansı təşkilatın səlahiyyətləri nədir, vəzifəsi nədir hər halda mənə cavab hazırlayan müvafiq qurumunuzun əməkdaşlarından yaxşı bilirəm. Və əlillik dərəcəsi verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və eləcə də Səhiyyə Nazirliyinin fəaliyyətini dəfələrlə həm mətbuatda, həm də parlamentdə söyləmişəm. Qaldı Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyi müvafiq nazirliklərdən bu məsələyə vaxtında baxmalarını tələb etməlidir. Bu, onun səlahiyyətindədir.

Qaldı mənim guya «ictimaiyyətdə çaşqınlıq yaratmaq» məsələsinə.

Hörmətli Cənab Nazir!

Görək ictimaiyyətdə çaşqınlığı mən yaradıram, yoxsa rəhbərlik etdiyiniz nazirlik?

Aprel döyüşlərindən sonra belə bir açıqlama verdiniz ki, Şoyqu (Rusiyanın müdafiə naziri) zəng elədi, ondan sonra müharibəni saxladıq. Ən böyük çaşqınlığı bu yaratmışdı. Müstəqil bir dövlətin müdafiə naziri başqa bir dövlətin müdafiə nazirinin zəngi ilə müharibəni saxlayır. Müstəqil dövlətin müdafiə naziri əmrləri Ali Baş Komandandan alır. Aprel döyüşlərinin saxlanmasını daha aydın bir şəkildə ifadə edə bilərdiniz, xalqda da çaşqınlıq yaranmazdı.

Neçə müddətdir Aprel döyüşlərindən sonra qaldırılmış «Tərtər işi» adlı cinayət işi haqqında mətbuat yazır. Bu işin dərinliyinə getmirəm, amma nədənsə Müdafiə Nazirliyi hələ də bu məsələdə susur. İctimaiyyətdə çaşqınlıq belə yaranır.

Müharibə başlayandan bir neçə gün sonra iki korpus komandiri vəzifədən götürülür, sonra biri həbs edilir. Baş Qərargah rəisi vəzifədən kənarlaşdırılır, hətta adı Müdafiə Nazirliyinin strukturlarından çıxarılır, o da çıxıb gedir Dubayda dənizdə çimməyə. Heç bir rəsmi açıqlama yoxdur. Çaşqınlıq belə yaranır.

Lökbatanda yol kənarında dəfn olunmuş şəhid ailələri düz bir ay Milli Məclisin önündə, müəyyən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də Müdafiə Nazirliyinin önündə etiraz piketləri keçirirlər və qələbəmizə sevinməyən müəyyən youtube kanalları bunu çəkir və bəh-bəhlə paylaşır, nədənsə Müdafiə Nazirliyi onlara cavab verə bilmir. Şəhid ailələrinin istəyi nədir? Övladlarının digər şəhidlər kimi II Fəxri Xiyabanda dəfn olunması. Səsləri eşidilmir. Nəhayət, Möhtərəm Prezident, Ali Baş Komandan bu işə qarışmalı olur və şəhidlərin nəşi II Fəxri Xiyabana köçürülür. Müdafiə Nazirliyi vaxtında özü bunu həyata keçirə bilməzdimi? Çaşqınlıq belə yaranır.

Övladları itkin düşmüş valideynlər Müdafiə Nazirliyinin önünə gəlir, heç bir yetkilinin qəbuluna düşə bilmir. Müharibə ölüm-itim meydanıdı. Övladı itkin düşmüş bir ana mənə də müraciət etmişdi, dəfələrlə telefonla da danışmışam. Ürək-dirək vermişəm ki, bu müharibədi, Allah eləsin, övladınız sağ-salamat qayıdıb gəlsin, şəhid olubsa da məqamı Allahın dərgahındadı.

Yəqin youtube kanallarında görmüsünüz, övladı itkin düşmüş, sonradan şəhid olduğu bilinib nəşi tapılaraq valideynlərinə təhvil veriləndə Ana tabutun önündə oğlunun nəşinin tapılmasına görə sevindiyindən qurban kəsib.

Mən yalnız bu günədək mətbuatda gedənləri yazıram, bildiklərimi yazmıram.

Və çıxışımda həkimlərin fədakarlığına yüksək qiymət verməklə yanaş, qaldırdığım məsələ Hospitalın fəaliyyətinə kölgə salmaq yox, Hospitalın fəaliyyətini gücləndirmək istəyini dilə gətirmişəm. Azərbaycandakı Hərbi Hospitalın maddi-texniki bazası nə Almaniyadakından, nə Türkiyədəkindən, nə də İrandakından geri qalmır. Amma biz İsraildən, Türkiyədən, nə bilim hansısa ölkədən ağır yaralıların üstünə həkimlər çağırmaq məcburiyyətində qalırıq. Və yaxud da ağır yaralılarımızı müalicə üçün xarici ölkələrə göndəririk.

Müdafiə Nazirliyi Hospitalın gənc həkimlərini yuxarıda sadaladığım və sadalamadığım ölkələrin Hərbi Hospitallarına təcrübəyə göndərə bilər – 6 aylıq, 1 illik. Özü də indi yox, Birinci Qarabağ savaşı başlayandan.

Mən heç vaxt həkimlərin fəaliyyətinə kölgə salmaram, ən azı ona görə ki, Birinci Qarabağ savaşında onların necə işlədiklərinin şahidi olmuşam, şəxsən.

Bu gün də Vətən müharibəsində fədakarlıq göstərmiş bütün həkimlərin önündə, eləcə də şəhid olmuş tibb personalının valideynlərinin önündə baş əyirəm.

Ağcabədinin Sarıcalı kəndindəki tibb personalının fədakarlığından da yaxşı məlumatım var. O Hospitalın fəaliyyəti heç də Mərkəzi Hospitalın fəaliyyətindən geri qalmır.

Biz sivil bir cəmiyyətdə yaşayırıq, Parlamentimiz var. Və deputatlar Parlamentdə hər hansı bir məsələni qaldırmaqda azaddırlar və işi də danışmaqdı. Danışan deputatın ağzından vurmağa cəhd eləmək isə qeyri-sivil dövlətlərdə olur.

Hörmətli Cənab Nazir!

Mən bu gündən sonra mənə ünvanlanacaq nazirliyin cavab məktublarına və açıqlamalarına Sizə və Milli Orduya olan hörmətimə görə cavab verməyəcəm. Necə deyərlər, birtərəfli atəşkəs elan edirəm.

Tanrı Xalqımızı qorusun!

Tanrı Ordumuzu qorusun!

Tanrı Ali Baş Komandanımızı qorusun!(adalet.az)

Hörmətlə:
Aqil ABBAS,
Milli Məclisin deputatı


Abunəlik