Banklarda əmanəti olan şəxslərin DİQQƏTİNƏ: Qanun qüvvədən düşdü
2016-cı il 19 yanvar tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.
Aztimes.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada 2,5 faiz) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.
Qeyd olunub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.
Göstərilənləri nəzərə alaraq “Əmanətlərin Sığortalanması haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis tərəfindən qəbul edilib və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.
“Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 (iyirmi) min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcək.