Neft şirkətini ailə biznesinə çevirən R. Abdullayev: Oğul, qız, dayı, qaynata… – ARAŞDIRMA

Baxılıb:1867
Neft şirkətini ailə biznesinə çevirən R. Abdullayev: Oğul, qız, dayı, qaynata… – ARAŞDIRMA

AzTimes.az xəbər verir ki, Azadinfo.az SOCAR Prezidenti Rövnəq Abudullayevlə bağlı araşdırmanı təqdim edir:

Rövnəq Abdullayev 1965-ci il 4 aprel tarixində Naxçıvanda dünyaya gəlib. Anası Gültac Abdullayeva, atası İbrahim Abdullayev olub. Rövnəq Abdullayev Azərbaycanın İnşaat Mühəndisləri Universitetinə daxil olub və oradan yarımçıq xaric edilib. Sonradan o, pul vəsaiti hesabına Moskva Kuybişev adına İnşaat Mühəndisləri İnstitutuna transfer alıb, orada təhsilini bitirib. Kuybişev adına İnstitutu bitirdikdən sonra təyinatla işlə təmin edilib.

Qeyd edək ki, Gültac Abdullayeva bir zamanlar Prezident
İlham Əliyevin müəlliməsi olub.
SOCAR sədri Rövnəq Abdullayevin qohumları ilə yaratdığı birləşmə, korrupsiyada tez-tez adının çəkilməsi və sair xəbərlərlə medianın gündəmində olub. 

Rövnəq Abdullayev neft sahəsində ən böyük posta sahib olub və qohumlarından ibarət şəbəkə yaradıb. 
Korrupsiya ilə mübarizəyə qarşı qanunda dövlət rəsmilərinin yaxın qohumları onların mövqeyində olan vəzifələrdə işləyə bilməz. Əgər belə bir hal baş verərsə, 30 gün ərzində iksindən biri istefa verməlidir.
Rövnəq Abdullayevin isə qohumları neft sahəsində böyük vəzifələr tutub, hətta bir çoxlarının tikinti, idarəetmə, neft layihələri satışı və dəniz hava daşımaları ilə bağlı biznesləri var. 2013-cü ildə beynəlxalq araşdırma şirkəti olan ” Global Witness” yazırdı ki, özəl şirkətlər Azərbaycan neftindən milyonlarla dollar qazanır. Bu özəl şirkətlərin isə sahibi bəlli deyil.


Rəşad Abdullayev – Rövnəq Abdullayevin oğlu ilk dəfə media gündəminə İstanbulda sərxoş halda saxlanılması və sürücülük vəsiqəsinin alınması ilə gəldi. Bu isə nə ilk, nə də son oldu. Rəşad Abdullayev ən çox 1.2 milyon avroluq saatının İbizada oğurlanması ilə gündəmə gəldi. Bu hadisə 2019-cu ildə İspaniyada baş verib.
Qeyd edək ki, qanuna əsasən, Baş Nazirin maaşı 1925 manatdır. Prezidentin aylıq vəzifə maaşı isə 15000 manatdır. Təxminən 2,3 milyon manat dəyərli olan saatı almaq üçün prezident 12 il yarım, bir nazir isə 99 il yarım işləməli və bu dövrdə başqa heç bir xərci olmamalıdır.

Rəşad Abdullayevin Türkiyədə 5-dən çox şirkəti var: “Alpha Roger Holding”, “Alpha Roger Medya Yayıncılık”, “INDEX”, “B-LONG Resort Restaurant”, “Tramarketing” qida pazarlama və sair.

Sevinc Abdullayeva – Rövnəq Abdullayevin qızı, “AS Building” şirkətinin sahibi.

Rövnəq Abdullayev 2011-ci ildə qızına dəbdəbəli toy edib və şuşalılarla qohum olub.

Adəm Əliyev – Rövnəq Abdullayevin dayısı və qaynatası. Adəm Əliyev Dubayda qeydiyyatda olan “Bahar Enerji” MMC-nin sahibidir. Prezidentin sərəncamı ilə Azərbaycan neftinin 80%-i bu şirkətin, 20%-i isə SOCAR-ın payına düşüb.
Anar Əliyev – Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. “SOCAR”la bağlı 50-yə yaxın biznes şirkəti ilə layihələrdə adı var. Xaricə çıxan neftin 60%-i satan şirkətin sahibi olub.
2019-cu il araşdırmasında qeyd olunur ki:
Anar Əliyevin qardaşlarından biri – Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir. Azadın oğlu Rəsul “SOCAR”da mühüm vəzifə daşıyır. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir. Anarın əmisi nəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir. Neft Kəmərləri Idarəsinin rəis müavini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
2021-ci il 23 yanvar tarixində prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı sərəncam verdi. Sərəncama əsasən neft şirkətini bundan sonra müşahidə şurası idarə edəcək. Müşahidə Şurasının rəhbərini və üzvlərini prezident seçir. Müşahidə Şurasının rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Üzvləri arasında isə Rövnəq Abdullayevin adı olmayıb. Müşahidə Şurasının üzvləri bunlardır:

Emin Hüseyov– Azərbaycan Respublikasının birinci vitse prezidentin köməkçisi,

İsrafil Məmmədov– Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru,

Elnur Soltanov– Azərbaycan Respublikası energetika nazirinin müavini, Azər Bayramov- Azərbaycan Respublikası maliyyə nazirinin müavini,

Rövşən Nəcəf– Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini,

Ruslan Əlixanov– Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

2014-cü ilə olan məlumata görə, SOCAR-ın 61 min işçisi var.

Qeyd edək ki, 2015, 2016 və 2017-ci illərdə 59 nəfər neft işçisi həyatını iş vaxtı itirib. 2015-ci ildə Günəşli yatağında baş verən partlayışdan sonra həyatlarını itirən işçilərin ailələri üçün 80-140 min konpensasiya ayrılıb. Amma ailələr bu konpensasiyanın onlara verilmədiyini, yalan olduğunu iddia ediblər.

Maraqlıdır o pullar hara xərclənib?


Abunəlik