Rəcəb Tayyib Ərdoğan: Türkiyə yeni dünya düzənində layiqli yer tutmaqda qərarlıdır

Baxılıb:150
Rəcəb Tayyib Ərdoğan: Türkiyə yeni dünya düzənində layiqli yer tutmaqda qərarlıdır

Türkiyə COVID-19 pandemiyasından sonra yaranacaq yeni dünya düzənində layiqli yerini tutmaq niyyətindədir. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa telemüraciətində bəyan edib. Məlumatı “Anadolu” yayıb.

Ərdoğan deyib: “Türkiyə pandemiya ilə bərabər, sürətlənən dünyanın yeni siyasi və iqtisadi düzənində özünə layiqli yer tutmaqda qərarlıdır”.

Dövlət başçısı qeyd edib ki, ölkənin hazırkı hakimiyyəti türk gəncliyinə böyük və güclü bir Türkiyə qoymaqda da qərarlıdır. Onun əsasında yeni gənclik Türkiyənin 2053- cü ilə qədərki hədəflərini reallaşdıracaq.

Ərdoğan bildirib ki, son 18 il ərzində hazırkı hökumət bu məqsədə nail olmaq – Türkiyəni demokratiya, iqtisadiyyat və müvafiq infrastrukturun yaradılması kimi sahələrdə dünyanın aparıcı ölkələrindən birinə çevirmək üçün bütün lazımi səyləri göstərib: “Əlbəttə, indiyədək nə iş görülübsə, bunlar çox vacibdir, amma daha böyük işlər üçün Türkiyənin potensialı və gücü var”. Prezident bir daha bəyan edib ki, Türkiyənin qarşısına qoyduğu məqsəddən imtina etməsi üçün ona təzyiq göstərmək cəhdlərinin perspektivi yoxdur: “Biz islahatları sürətləndirməklə Türkiyəni diz üstə gətirməyə çalışanların planlarını pozduq. Onlar bizə diplomatik və iqtisadi yolla təzyiq səylərini artırırlar”.

Dövlət lideri koronavirusa qarşı peyvəndləmə mövzusuna da toxunaraq deyib ki, bu günə qədər ölkədə 11,5 milyon insan bu imkandan istifadə edib. Onun sözlərinə görə, Türkiyə ölkənin özündə COVID-19-a qarşı peyvənd hazır olana qədər onu xaricdən almaqda davam edəcək.

Hazırda ölkədə koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq olunmuş məhdudiyyətlər də davam etdiriləcək. Dövlət başçısı vətəndaşları mövcud qaydalara ciddi şəkildə əməl etməyə çağırıb.

“Xalq qəzeti”.


Abunəlik