Azərbaycan “Avroviziya-2021” müsabiqəsində “Mata Hari” mahnısı ilə çıxış edəcək

Baxılıb:237
Azərbaycan “Avroviziya-2021” müsabiqəsində “Mata Hari” mahnısı ilə çıxış edəcək

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Samirə Əfəndinin mahnısını və klipini təqdim edib.

İfaçı “Mata Hari” mahnısı ilə bu ilin mayında Rotterdamda səhnəyə çıxacaq.

Xəbərdə deyilir ki, təqdim olunan mahnının müəllifləri Niderlandlı Emi van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Kleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Kleopatra” mahnısının prodüsseri idi).

Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var – “Yalan da mən, yanan da mən, yaman da mən”.

“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz”, deyə Samirə Əfəndi bildirib.

Qeyd edək ki, Samirə Əfəndi “Avroviziya-2020” mahnı müsabiqəsində də Azərbaycanın təmsilçisi olub, lakin Avropa Yayım Birliyi (AYB) COVID-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv edib.

Şüarı “Open ap!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-də və 20-də, final mərhələsi may ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.Aztoday.az.


Abunəlik