Sakinlərdən nazirə sual: “Bura məktəb tikməyə gəlmisiniz, yoxsa evimizi yıxmağa?” (FOTOLAR)

Baxılıb:199
Sakinlərdən nazirə sual: “Bura məktəb tikməyə gəlmisiniz, yoxsa evimizi yıxmağa?” (FOTOLAR)
Masazır qəsəbəsinin Abşeron küçəsində (Yoncalıq) yeni məktəb tikintisini aparan şirkətin fəaliyyətindən narazılıq yaradır. Aztimes.az xəbər verir ki, sakinlər problem barədə onların şikayətinə heç kimin baxmadığını, Təhsil Nazirliyinə edilən zənglərin cavablandırılmadığını deyirlər. Ötən həftə problem barədə məlumat vermişdik. Lakin həmin vaxtdan bir həftəyə yaxın zaman keçməsinə baxmayaraq, ərazidə problem hələ də qalır. Qeyd edək ki, mart ayının 1-də şirkətin texnikalarının ərazidən keçən yüksək təzyiqli su xəttini sıradan çıxartması nəticəsində küçələri su basıb. Bir il öncə dövlət başçısının sərəncamı ilə küçəyə vurulan asfalt örtüyündə gölməçələr, çökmələr yaranıb. Sakinlər ərazinin sürüşməyə meylli olduğunu, yaranmış problem nəticəsində evlərinə də ciddi ziyan dəyəcəyindən ehtiyat edirlər. Maraqlıdır ki, göstərilən ünvanda tikinti aparan şirkətin adı gizli saxlanılır. Sakinlər qeyd edir ki, sanki burada hansısa “gecəqondu” tikilir, tikintini aparan şirkətin nümayəndələri də şirkətin adını açıqlamır. Mövcud qanunvericiliyə görə inşaat ərazisinə məlumatlandırılma löhvəsi vurulmalı, həmin löhvədə tikintinin sifarişçisi, layihəçisi və podratçı təşkilatlar, eləcə də digər texniki parametrlər barədə müfəssəl yazılı məlumat olmalıdır. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəsmisi Sirac Əliyev Qlobal.az-ın əməkdaşına problemdən xəbərdar olduqlarını deyib. Sirac Əliyev yüksək təzyiqli su xəttində yaranan problem barədə “Azərsu” ASC-yə məlumat verdiklərini bildirib. O, eyni zamanda nazirliyin bütün podratçı təşkilatlarına apardıqları tikinti ərazinə məlumatlandırma löhvəsi vurmaları barədə tapşırıq verdiklərini vurğulayıb. Qeyd edək ki, Təhsil nazirliyi sözügedən məktəbin layihə-smeta sənədlərinin hazırlanması işinə 154 min manat xərcləyib. Aztimes.az-ın əldə etdiyi məlumata görə sözügedən məktəb tikintisinin layihəçisi “Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi ev 152, mənzil 66 olan şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur. “Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində 2002-2008-ci illərdə İsbatov İlqar Aydın oğlu çalışıb. İlqar İsbatov 2008-ci ildən 2019-cu ilin iyun ayına qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb. 2019-cu ilin 19 iyununda Prezidentin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Tikinti işlərini hansı təşkilatın apardığı barədə sualmıza nazirlik rəsmisi heç bir cavab vermədi. Mövzunu diqqətdə saxlayacağıq. Əlaqədar şəxs və ya təşkilatlar mövqe sərgiləyə bilər. Qlobal.az.


Abunəlik