Toy üçün qurulmuş mağarı yasına nəsib olan şəhidimiz Teymur Qasımov
Aprel döyüşlərində şəhid olan hər igidin öz həyat tarixçəsi var. Teymur Qasımovun qısa , lakin şərəfli həyat tarixçəsi ilə maraqlanarkən mən daha çox təsirləndim. Ürəyimin başına od düşdü. Onun haqqında yazmağa dündən bəri çalışsam da barmaqlarım klaviaturanın dillərinə toxunan kimi gözümdən yaş süzülürdü. Nəhayət bu gün bütün gücümü toplayıb bu yazını sizlərə təqdim edəcəyimə özümə söz verdim.
04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gələn Teymur Qasımov Mingəçevir İnternat məktəbinin məzunu olub. Bəlkə də neçə gözəlin qəlbini övsunlamışdı Teymur Ciddi görkəmi, ürəkyaxan baxışları ilə. Öz tay-tuşları arasında böyük hörməti olan bu gənc həm də idmançı idi. Vətən sevgisi, torpaq yanğısı onu hərb sahəsindən uzaqlaşmağa imkan vermədi. 2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət etməyə başladı. Ən yaxın dostu Beyləqanlı balası Şahin Cavadzadə idi. Onlar imkan düşən kimi boş zamanlarını bir yerdə keçirirdilər. Arzularından, gələcək planlarından danışırdılar. Yəqin ki, qəlbini ovsunlayan, evinin xanımı olacaq qızın haqqında da ilk dostu bilmişdi. Teymur toya hazırlaşırdı.
Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına.
Mən yalvardım, o qonmadı
Məhəbbətin budağına.
.
Meyl etmədim hər gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə
Könül verdim ildən-ilə
İlk eşqimin növrağına…
Toy olacaqdı. Yeni bir ailənin təməli qoyulacaqdı. Teymurun da oğlu, qızı olacaqdı. O, da övladlarının əlindən tutub baxçaya, məktəbə aparacaqdı… xəyallar, xəyallar… Teymurun ağına belə gəlməzdi ki, Qarabağ müharibəsi tarixində mühüm mərhələ olan Aprel döyüşlərini tarixə yazmaq üçün onun da qanı lazım olacaq bu Vətənə. Bəli igidlərin qanı ilə yazıldı tariximizin şanlı səhifələrinə bu döyüş.
…. Teymur Qasımov əzmlə vuruşurdu. Axı əlləri xınalı gəlini onun yolunu gözləyidi. ” Axı gözü yolda qalanın var. Axı sən söz vermisən dönəcəyinə” . Qeybdən bir səs pıçıldayırdı sanki, qulağına bunları, onu daha əzmlə döyüşməyə məcbur edirdi. 2016-cı ildə aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən döyüşlərdə neçə oğlanlar şəhidlik yüksəkliyini fəth etdi. Onlar arasında Teymur Qasımov da var idi. Şəhid 9 aprel 2016-cı ildə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olundu. Toyu üçün görülən hazırlıq yas məclisinə qismət oldu. İki sevgi arasında seçim edən Teymur sevgilisinə vəfasız çıxdı. Onunla kəsdiyi əhd-peymanı pozaraq Vətən torpağını qucaqladı…
Pərvin Abışova/ AzTimes.az/