Eldar Mahmudov əlaltılarının film kimi cinayətləri
Vaxtı ilə mən dostum mərhum vəkil İsaxan Aşurovla birlikdə bir cinayət işi üzrə vəkil idik. Həmin işdə keçən Makarov tipli tapança ilə bağlı onu istehsal edən İjevsk Mexaniki Zavoduna məktub yazmışdım və heç gözləmədiyim halda zavod məktubuma əhatəli cavab vermişdi.
Elton Quliyev bu işdən və məktubdan məlumatlı idi. Mənə bu barədə dedikdən sonra o da siqnal tapançalarının lüləsini dəyişməklə və ötürücüsünü yonmaqla odlu silaha çevrilməsinin mümkünlüyünü, habelə, tapançanın əmtəə görünüşünə və konstruksiyasının özəlliklərinə aid digər sualları aydınlaşdırmaq məqsədi ilə İjevsk Mexaniki Zavodun Baş konstruktorunun müavini cənab D.N.Varlamova həm zavodun [email protected] elektron poçt ünvanına, həm də zavodun yerləşdiyi Rusiya Federasiyası, 426063, İjevsk şəhəri, Promışlennaya keçəsi, 8 ünvana məktub göndərib.
Cənab Varlamovun elektron poçtu vasitəsilə göndərdiyi 3 sentyabr 2014-cü il tarixli 1143/158-16 saylı məktubundan aşağıdakılar məlum olur:
“MP-371 siqnal tapançaları yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyətində, özü də 2010-cu ildən başlayaraq istehsal olunur;
MP-371 siqnal tapançalarının istehsalı başlayan vaxtdan onların istisnasız olaraq hər birinin sürgüsünün sol yan tərəfində «МР-371 КВ Жевело-Н Пистолет сигнальный» zavod nişanı həkk edilir və bu nişan olmadan tapançaların, o cümlədən «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli tapançaların dilerlərə verilməsi mümkün deyil;
«1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrələrin müxtəlif illərdə istehsal olunmuş tapançalarda təkrarlanması mümkün deyil;
MP-371 siqnal tapançalarının konstruksiyasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əmri ilə təsdiq olunan kriminalistik tələblərə müvafiq olaraq tapançaların başqa sursata uyğunlaşdırmaq üçün düzəldilməsini istisna edən konstruktor-texniki həllər nəzərdə tutulub.
İstehsalçı zavoddan alınan məlumatlar özü-özlüyündə tapançaların keçmiş nazir Nicat Quliyevə aid olmadığını birbaşa sübut etməsə də, bütövlükdə ibtidai və məhkəmə araşdırmalarının, o cümlədən həm də aparılan tədqiqatların qərəzli olması barədə birmənalı nəticə çıxarmağa kifayət qədər ciddi əsaslar verir. Elton Quliyev bununla da kifayətlənmir. Siqnal tapançaların hara getməsi ilə maraqlanıb araşdırmasını davam etdirir.
O, İjevsk Mexaniki Zavoduna və RF-də yerləşən digər orqanlara rəsmi sorğu göndərərək «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli MP 371 siqnal tapançalarının nə vaxt istehsal edildiyi, nə vaxt və kimə satıldığı barədə məlumat verməyi xahiş edib.
İjevsk Mexaniki Zavodunun Baş direktorunun Rejim və təhlükəsizlik üzrə Müavini cənab V.V.Karlov 161-0331-РиБ №-li 23 may 2014-cü il tarixli cavab məktubunda bildirib ki, «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli МР-371 siqnal tapançalarını İjevsk Müxaniki Zavodu 2013-cü il martın 15-də istehsal edib və 2013-cü il martın 21-də 13СК0138 №-li qutuda Moskva vilayətinin Klimovsk şəhərində yerləşən “Tеmp” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Темп”) satılıb.
Elton Quliyev rəsmi məktubla “Temp” MMC-yə müraciət edib. Müraciətə Cəmiyyətin Baş Direktoru cənab G.L.Lısenkonun imzası ilə 14 iyul 2014-cü il tarixli cavab məktubu alınıb. Cənab Lısenko İjevsk Mexaniki Zavodun məlumatlarını təsdiq edərək həqiqətən 26 mart 2013-cü il tarixdə zavoddan «1337103376», «1337103716», «1337103518» və «1337103679» №-li, həmçinin 1042 saylı cinayət işində keçən «1337103410», «1337103467», «1337103547», «1337103673», «1337103699» və «1337103723» №-li tapançaları da olan cəmi 75 ədəd МР-371 siqnal tapançalarının alındığını bildirib. Məktubda eləcə də göstərilib ki, həmin tapançaların hamısı 26 mart 2013-cü il tarixdə 2611 №-li Əmtəə qaiməsi ilə İjevsk şəhərində yerləşən “Kornet” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Корнет”) satılıb.
Bununla kifayətlənməyən Elton Quliyev “Kornet” MMC-yə gedib və ora sorğu təqdim edib. Cəmiyyətin Direktoru cənab İ.A.Xayrullin 28 iyul 2014-cü il tarixli 176 saylı cavab məktubunda onun rəhbərlik etdiyi Cəmiyyətdə MP-371 siqnal tapançalarının nömrələrlə uçotunun və tapançaların alıcılarının qeydiyyatının aparılmadığını, bunun Rusiya Federasiyasının Silah haqqında Qanunu ilə tələb olunmadığını bildirib.
Bununla belə, cənab Xayrullin tapançaların ambar kitabını təqdim edib və həmin kitabda aparılan qeydlərə görə həqiqətən “Kornet” MMC-yə 2013-cü il martın 26-da 75 ədəd MP-371 siqnal tapançası daxil olub və onların hamısı 2013-cü il 2 aprel tarixində Cəmiyyətin ambarından mağazasına təhvil verilərək satılıb. Quliyev bütün toplanmış sənədləri istintaqa təqdim etsə də heç bir faydası olmayıb.
Elton bəyin sonuncu məktubunda artıq 4 deyil, 10 tapançadan söhbət gedirdi. Bu təsadüf və ya səhv deyildi. Quliyev rəsmi orqanların ona kömək etməyəcəyini başa düşürdü və istintaqın ilk günlərindən rəsmi və qeyri-rəsmi yollarla silahların əsl sahiblərini tapmağa cəhd göstərirdi.
Bu məqsədlə son illərdə məhkəmələrdə silahla bağlı baxılmış onlarla cinayət işi öyrənmişdi. O, Nicat Quliyevə məxsus olduğu iddia edilən silahların mənşəyi ilə əlaqədar əldə etdiyi bəzi məlumatları hələ birinci instansiya məhkəməsinə təqdim etmişdi. Həmin məlumatlardan görünürdü ki, Nicat Quliyevin işi üzrə ibtidai araşdırma aparıldığı dövrdə Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində 1042 saylı başqa bir cinayət işi də araşdırılıb.
Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində (sədrlik edən – hakim Novruz Kərimov) açıq məhkəmə iclasında baxılıb və artıq iş üzrə hökm çıxarılıb. Bu cinayət işində 6 ədəd tapança keçir. Onların da hamısı MP 371 siqnal tapançalarıdır və iddia edildiyi kimi onların lüləsi dəyişdirilərək, ötürücünün kənarları yonulmaqla odlu silahlara çevirilib.
Bu tapançaların nömrələri «1337103410», «1337103467», «1337103547», «133710373», «1337103699», «1337103723»-dür. Nicat Quliyevin işindəki MP-371 siqnal tapançalarının nömrələri “1337103376”, “1337103518”, “1337103679” и “1337103716” onlarla ardıcıllıq təşkil edir və tapançaların hamısının eyni partiyadan olduğunu göstərir. Elton Quliyev həmin silahların müqayisəli cədvəlini də sonuncu şikayətinə əlavə etmişdi.
Söhbət jurnalist Pərviz Həşimlinin barəsində olan cinayət işindən gedir. Həmin iş barəsində kifayət qədər məlumatım var, işdə olan sənədlərlə də tanışam. Amma Pərviz bəyin xahişini nəzərə alaraq bu iş barəsində danışmaları üçün onun vəkillərinə imkan saxlayıram. Hər şeyi mən danışsam inciyəcəklərini düşünürəm.
Elton Quliyev kassasiya şikayətini belə tamamlamışdı: “İki müxtəlif cinayət işində keçən silahların eyni vaxtda istehsal olunması, bir partiyaya aid olması, bir yerdə firmadan firmaya, sonra isə istehlakçıya satılması, bir yerdə Azərbaycanda peyda olması, hər iki cinayət işinin bir orqanda araşdırılması və həmin orqanın əməkdaşlarının keçirdikləri tədbirlərin nəticəsi olaraq başlanması, silahların bir qisminin guya İrandan gətirildiyinin iddia edilməsi, digər qisminin isə Nicat Quliyevə sırınması onu göstərir ki, bu silahların hamısı həmin orqanın sərəncamında olub”.
Unutmayaq Elton bəy bunu 14 avqust 2014-cü ildə yazırdı. O vaxt bunu yazmaq CƏSARƏT tələb edirdi, təkcə cəsarətmi…
Qeyd etdiyim kimi Elton bəydən sonra Nicat Quliyevin işi ilə mən məşğul olmağa başladım. Mən əsasən N.Quliyevin şərti də olsa vaxtından əvvəl cəzadan azad olunması prosesləri ilə məşğul olurdum. Birinci dəfə az ağır cinayətə görə məhkum edilmiş, himayəsində həddi-büluğa çatmamış qızı , ağır xəstəlikdən əziyyət çəkən atasının (atası Quliyev həbsdə olan vaxt rəhmətə getdi, onu atasının dəfnində iştirak etməyə də buraxmadılar) və yaşlı anasının olduğunu nəzərə almadan Nicat Quliyevə məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulan maksimum 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdi.
Bu müddət 7 avqust 2016-cı ildə başa çatırdı. Bilirsiniz ki, 17 oktyabr 2015-ci ildə Eldar Mahmudov Milli Təhlükəsizlik Naziri vəzifəsindən çıxarıldı. MTN əməkdaşları barəsində cinayət işi başlandı. Zakir Qaralovun əlinə Nicat Quliyevin və Pərviz Həşimlinin işlərini MTN-n üzərinə atmaq üçün əla fürsət düşmüşdü…
Eldar Mahmudovun işdən azad edilməsi onun qanunsuz əməllərindən əziyyət çəkənlərdən biri kimi Nicat Quliyevdə də azad olunacağına ümid yaratmışdı. Nicat Quliyevin xahişi ilə biz Baş Prokurora bir məktub hazırladıq.
İndi yazdıqlarımı daha ətraflı və detallı onun diqqətinə çatdırdıq. Ona çatdırdıq ki, ballist ekspert Ruslan Qarayev istintaqda olmadığı və dindirilmədiyi halda müstəntiq onun adından saxta dindirmə protokolu tərtib edib, birinci instansiya məhkəməsi çıxardığı hökmdə saxtakarlığa yol verərək mütəxəssis Mövsüm Əsgərovun, guya məhkəmədə dindirildiyini qeyd edib halbuki o, ümumiyyətlə məhkəmədə olmayıb.
Həmin şikayəti Baş prokurora göndərdik və təbii ki, ona cavab almadıq. Bu da səbəbsiz deyildi. Nicat Quliyevin də, Pərviz Həşimlinin də həbs edilməsi barədə təqdimatları baş prokurorun birinci müavini Rüstəm Usubov vermişdi, ittiham aktlarını da o tərtib etmişdi. Elə buna görə də Nicat Quliyevin günə-gün cəza çəkməsunə nail oldu.
Sonrakı araşdırmalarım göstərdi ki, hələ bu da hamısı deyil. 21 dekabr 2015-ci il tarixdə MTN olaylarından iki ay sonra Rüstəm Usubov respublika prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqinin tərtib etdiyi ittiham aktını təsdiq edərək cinayət işini Bakı ağır cinayətlər Məhkəməsinə göndərib.
Həmin iş üzrə cəmi 17 nəfər:
1. Xəlilov Nurəddin İltifat oğlu
2. Mikaylov Müşviq Hüseyn oğlu
3. Həşimli Rəşad Şövkət oğlu
4. Kərimov Əhməd Tofiq oğlu
5. Kərimbəyli Coşqun Əjdər oğlu
6. Məmmədov Bahadur Əhməd oğlu
7. Əliyev Zaur Sahib oğlu
8. Şıxəliyev Pərviz Çingiz oğlu
9. Səfəraliyev Rəşad Fərman oğlu
10. Məmmədov Xəlil Bayram oğlu
11. Məmmədov Samir Asvar oğlu
12. Bəyimov Rusif Əhməd oğlu
13. Abdullayev Ceyhun Fazil oğlu
14. Musayev Ilqar Fikrət oğlu
15. Rzayev Anar Rza oğlu
16. Xəlilov Niyaməddin Iltifat oğlu
17. Şirinzadə Fəxri Bəhruz oğlu
4 ədəd 1337103682, 1337103081, 1337103738, 1337103428 saylı MP371 modelli “Makarov” konstruksiyalı tapancalara görə fevral 2015-ci ildən həbsdə olmaqla məhkum edildilər. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Bu siqnal tapançaları barədə Prokurorluğun rəhbərliyi ən azı 2013-2014-cü illərdən məlumatlı olsalar da 2015-ci ildə də həmin tapançalarla günahsız insanların məhkum edilməsində iştirak etdilər.
Məlum oldu ki, bu silahlardan istifadə edərək indi sürətli gedən nazirdən qardaşı oğlunu buraxmaq üçün iki qatarın pulunu alıblar.
İstinad: Azerbaycanrealligi.com