Erməniyə qalib gəldik, AzTV nadanlığına uduzuruq… VİDEO

Baxılıb:7578
Erməniyə qalib gəldik, AzTV nadanlığına uduzuruq… VİDEO


Fevraın 14-də Bakı televiziya studiyasının (indiki Azərbaycan Televiziyası) efirə çıxmasının 65 illiyi münasibətilə AzTV-də “Mehdi Hüseyn küçəsi, 1” sənədli filmi təqdim olundu. Bir neçə gün əvvəldən filmin anonsları televiziya ilə yanaşı sosial media şəbəkələrində də bəh-bəhlə piar edildi.
Hazırda AzTV-nin də daxil olduğu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə vaxtilə “Lider” TV-də çalışmış idman müxbiri Rövşən Məmmədovun rəhbərlik etdiyi üçün filmdən hansısa orijinallıq gözləmək mümkün deyildi. Lakin ölkənin birinci kanalında, 65 illik ictimai-siyasi media təcrübəsinə malik olan televiziyanın çəkdiyi filmdə siyasi səhvlərə yol veriləcəyi ağlın ucundan belə keçmirdi.
İndiyədək hələ heç kim AzTV-də böyük öndərimiz, milli liderimiz, sovet və müstəqillik dönəminin müxtəlif illərində ölkəmizə rəhbərlik etmiş görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin bioqrafiyasını saxtalaşdırmamışdı. QSC sədri Rövşən Məmmədov bunu da bacardı.
Filmin 22.21 məqamında kadrarxası mətni oxuyarkən, ssenari müəllifi və aparıcı (həm də QSC-nin sədr müavini) Rüfət Həmzəyev deyir: “1969-cu il iyulun 14-də “Günün ekranı”dan belə bir xəbər yayılır. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, general-mayor Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilir”.
Bu, səhvdir, böyük biabırçılıqdır. Çünki Heydər Əliyev hələ 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədri təyin edilmişdi. Və düz iki ildən sonra, 1969-cu il iyulun 14-də ölkə rəhbərliyinə DTK-nın sədri vəzifəsindən gətirilmişdi.
Onun bioqrafiyasında bu məqam dəqiq yazılıb: “…Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-yə rəhbərlik etmişdir”.
Filmi belə şəkildə efirə buraxdıran AzTV sədri Rövşən Məmmədovun bu məqamı gözdən qaçırması (yaxud buna göz yumması) həm ağlasığmazdır, həm də Azərbaycan Televiziyasını “xalqımızın milli sərvəti” adlandıran böyük öndərə hörmətsizliyidir. Bu insan siyasi məsələlərdə o qədər diletantdır ki, adı dünyanın nüfuzlu siyasətçiləri çapında səslənən Heydər Əliyevin bioqrafiyası ilə bağlı efirdən dezinformasiyanın səsləndirilməsinə heç reaksiya verməyib. Əlbəttə, bu, onun üçün əllərini yellədə-yellədə “Həftə” proqramını suflyordan oxumaq deyil. Amma yaxın tarixdən məlumdur ki, Azərbaycan Ensiklopediyasının müzakirəsinə dair müşavirə zamanı Prezident İlham Əliyev atası barədə Vəzirovun vaxtında səsləndirilən qərəzli, məkrli ifadələrin olduğu kimi saxlanılmasına, Xankəndinin Stepanakert adlandırılmasına necə böyük təpki göstərmişdi, bu işə cavabdeh məmuru iclasdan çıxarmışdı və vəzifəsindən azad etmişdi.
Yeri gəlmişkən, “Mehdi Hüseyn küçəsi, 1” sənədli filmində elə Prezident İlham Əliyevə də böyük sayğısızlıq göstərilib. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı azad olunmuş torpaqların müjdəsini AzTV-nin xalqımıza çatdırdığı, gecə-gündüz kollektivin canlı yayımlara çıxdıqları bildirildi. Halbuki həmin dönəmdə sosial media şəbəkələri izləyiciləri Gəncənin, Bərdənin bombalanması xəbərlərini ilkin olaraq nədən Türkiyə kanallarından xəbər tutduqlarını soruşur, AzTV-nin cəbhə bölgəsindən bərbad reportajlar verdiyinə diqqəti cəlb edirdilər. Camaat bu televiziyaya informasiya müharibəsində də Azərbaycanı önə çıxaran İlham Əliyevin müsahibə və müraciətlərini görmək üçün baxdıqlarını etiraf edirdi. Müharibədən 3 ay sonra isə AzTV başqa “bayatı” oxuyur…
Filmdə azad olunmuş Şuşadan kadrları göstərib, 30 ildən sonra qələbə xəbərlərinin AzTV-dən çatdırıldığının deyilməsi artıq Prezident İlham Əliyevin 44 günlük əməyini danmaq, öz adına çıxarmaqdır. Halbuki həmin günlər ərzində Vətəndə və bütün dünyada yaşayan azərbaycanlılar, böyük Türk Dünyası, məmləkətimizi sevən dost ölkələr İlham Əliyevin torpaqlarımızın azad olunması haqqında müjdə tvitlərini səbirsizliklə gözləyirdilər. Gözəl Şuşamızın azad olunması xəbərini məhz İlham Əliyevin çatdırdığını isə hər kəs yaxşı xatırlayır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsən böyük həyəcan və iftixar hissi ilə xalqımıza Şuşanın azad olunması müjdəsini çatdırdı və atasının vəsiyyətini yerinə yetirdiyinə diqqəti cəlb etdi. Və filmə bu kadrın daxil edilməməsi, öz əməkdaşının studiyadan Şuşanın azadlıq xəbərini verdiyi görüntüsünü yaratmaq cəhdi böyük biabırçılıq, tariximizə və şəxsən Prezidentimizə görünməmiş sayğısızlıqdır.
Belə çıxır ki, 65 yaşlı AzTV-nin rəhbərliyinin Türkiyədə bir neçə il öncə fəaliyyətə başlayan “Haber Qlobal” telekanalının reportyoru Osman Girgin qədər jurnalist peşəkarlığı yoxdur. Türk jurnalisti Şuşadan reportajına məhz Prezident İlham Əliyevin bu şəhərin azad olunması xəbərini xalqa çatdırmasını əks etdirən kadrlarla başladı. Çünki peşəkar jurnalistikada xəbər mənbəyinin dogru göstərilməsi olduqca vacibdir.
Filmdə çıxış edən Rövşən Məmmədov isə bunun hayında deyildi. O, AzTV-nin qarşısında 3 “strateji” xəttin dayandığından nağıl danışmaqla “smart chaiman” (ağıllı sədr) kimi görünməyə çalışırdı. Bunun üçün zəruri olanları belə ardıcıllıqla sadalayırdı: birincisi, ən müasir texniki avadanlıqlara və imkanlara sahib olmaq, ikincisi, kadr balansının formalaşdırılması və inkişaf etdirilməsi, üçüncüsü, forma və təqdimat baxımından müasir dövrün tələblərinə cavab verən verilişləri hazırlamaq.
Azərbaycan Prezidentinin həftəlik fəaliyyətinə televiziyada yekun vurmaqla məşğul olan bu adamın xəbəri yoxdur ki, İlham Əliyev artıq neçə illərdir birinci yerdə insan kapitalının dayandığından danışır. Elə bu üzdən də çəkildiyi filmdə Azərbaycan Prezidentləri Heydər Əliyevə və İlham Əliyevə necə hörmətsizlik edildiyinin heç fərqinə varmayıb. Bu, çox böyük “dəyişiklikdir”, çünki AzTV-də belə siyasi səhvə yol verilməsinə göz yuman adamın əllərini oynada-oynada gəzməsi, indiyədək sədr kürsüsündə oturması böyük qəbahət sayıla bilərdi.
Hələlik isə görürük ki, müasir dövrün texnoloji üstünlüklərindən danışan sədr AzTV-nin ərazisinin ortasında ən geridə qalmış kənd üslubunda eybəcər daxma (sosial media şəbəkələrində yayılmış fotoşəkilləri bəziləri tualet, digərləri geyinib-soyunma otağı adlandırırdı) tikilməsinə göstəriş verir, qüsursuz efir təqdim etmək əvəzinə idman zalı, uşaq bağçası yaradılması ilə məşğul olur, bərbad idarəetməsi üzündən videomaterialların yerləşdiyi 3 mərtəbəli korpusun damının çökməsi faktı ilə üzləşir, müharibənin sonuna yaxın hərbi jurnalistlərin hazırlanmasının vacibliyindən danışmaqla “toydan sonra nağara çalır”.
Arada isə AzTV-nin videomateriallar şöbəsinin 24 yaşlı gənc əməkdaşı Gülverdi Gülverdiyev dağıntılar altında qalıb həlak olur… Ona rəhmət, baisə lənət!


Səid Cəfəroğlu AzTimes.az


Abunəlik