ABŞ “ikinci NATO” yaradır – Hansı ölkələr bu hərbi blokda yer almayacaq?

Baxılıb:261
ABŞ “ikinci NATO” yaradır – Hansı ölkələr bu hərbi blokda yer almayacaq?


ABŞ-Çin münasibətləri gərgin olaraq qalır. ABŞ prezidenti Co Baydenin çinli həmkarı Tsi Tsinpinlə son telefon danışığı ikitərəfli münasibətlərə müsbət təsir etmədi. Tam əskinə, Bayden telefonda dedi ki, “uyğurların, Honkonqun və Tibetin haqlarına hörmət edin!”, cavabında Tsi Tsinpin bildirdi ki, “daxili işlərimizdə qarışmaqdan əl çəkin!”. Yəni hərə öz mövqeyində qaldı. 

Aztimes.az xəbər verir ki, Bunu nilli.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Mərkəzi Asiya ölkələri ABŞ-ın Çinə qarşı formalaşdırdığı hər hansı siyasi və hərbi blokda yer almayacaq:

“Vaşinqton bu vəziyyətdə Pekinlə münasibətləri normallaşdıra bilməyəcək. Bu mümkün deyil. Təsadüfi deyil ki, Bayden administrasiyasi Amerikanın dünyadakı əsas rəqibi kimi Rusiyanı deyil, Çini göstərib. Əlbəttə, Vaşinqtonun Rusiya ilə də münasibətlərdə xeyli problemi var. Ancaq Vaşinqtonda onu da qəbul edirlər ki, Çin bütün parametrlər üzrə Rusiyanı üstələyir.

Belə olan halda Vaşinqtonun Çinlə bağlı xüsusi planı varmı?

Vaşinqton Çini durdurmaq üçün Asiya bölgəsində “dördtərəfli format” – ABŞ, Yaponiya, Avstraliya və Hinidstan bloku yaratmağa çalışır. Bununla bağlı Baydenlə Yaponiyanın baş naziri Yoşihide Suqa arasında danışıqlar olub. ABŞ kimi Yaponiya da Çinin planlarından narahatdır. Tokio vaxt itirmədən “dördtərəfli formatın” sammitinin keçirilməsini təklif edib. Siyasi ekspertlər yeni formatı “Asiyanın NATO”su da adlandırıblar. Əgər “birinci NATO”nun hədəfi Rusiyanı durdurmaqdısa, “ikinci NATO”nun məqsədi Çini ram etmək olacaq.
Beləliklə, Vaşinqton Asiya bölgəsində ən böyük siyasi və hərbi layihəsini reallaşdırmağa başlayıb. Bu format keçmiş prezidenti Donald Trampın dönəmində də müzakirə predmeti idi. 4 dövlətin xarici işlər nazirləri iki dəfə – 2019-cu ildə Nyu-Yorkda və 2020-ci ildə Tokioda bir araya gələrək gələcək əməkdaşlığın kontuarlarını müzakirə ediblər. Növbəti mərhələdə 4 ölkənin liderlərinin görüşünün təşkili nəzərdə tutulub.

Formatda Hindistanın iştirakı xüsusi əhəmiyyət çəkir. Çünki son bir ildə Çinin regional gücə çevrilməsi siyasətini ən çox Hindistan öz üzərində hiss edib, sərhəddə baş verən insidentlər zamanı hər iki tərəfdən itkilər olub. Bu arada, Co Bayden Hindistanın baş naziri Narendra Modi ilə də telefonla danışıb. Dehli yeni formatda iştiraka razıdır. Dehli Myanmarda hərbi çevrilişin arxasında Pekinin dayandığına əmindir. Myanmardakı çevriliş göstərdi ki, Pekin başqa istiqamətlərdə istədiyi nəticəni əldə edə bilər. Çinə qonşu olan ölkələri ehiyatlandıran da budur.

Aydındır ki, Asiyada “ikinci NATO”nun formalaşdırması Pekinin ciddi narahatlığına səbəb olacaq. Yeni format Çinə işarədir ki, bölgədə onun siyasətindən narazı olan dövlətlər var və onların sayı getdikdə artır. İstisna deyil ki, gələcəkdə yeni formata Çinin siyasətindən ehtiyat edən başqa dövlətlər də qoşulsun.

Bu vəziyyətdə Çin cavab addımları ataraq öz ətrafında siyasi və ya hərbi blok yaratmağa çalışacaq. Ancaq bu asan olmayacaq. Əlbəttə, dünyanın bir çox ölkəsi Çinlə iqtisadi əlaqələri genişləndirmək və bu ölkə ilə birgə regional layihələrdə iştirak etmək istəyir. Ancaq beynəlxalq aləmdə çox az dövlət var ki, Çinlə eyni vahid hərbi blokda iştiraka razılıq versin. Rusiya Çinin əsas tərəfdaşlarından biri olsa da, bu ölkə ilə vahid hərbi blok yaratmağa ehtiyatlı yanaşar. Misal üçün Rusiya Çinə görə Hindistanla düşmən olmaq istəmir. Rusiya Çinlə bərabər Hindistana da müasir silahlar satır. Kreml son illərdə Çinlə Hindistanı barışdırmağa çox çalışdı, ancaq nəticə əldə etmədi.
Mərkəzi Asiya ölkələri Çinlə sıx iqtisadi münasibətlərə malik olmalarına baxmayaraq, Pekinin regional siyasətindən ehtiyat edirlər. Əlbəttə, Mərkəzi Asiya ölkələri ABŞ-ın Çinə qarşı formalaşdırdığı hər hansı siyasi və hərbi blokda yer almayacaqlar, ancaq siyasi və hərbi zəmində Çinlə yaxınlaşmağa da üstünlük verməyəcəklər. Mərkəzi Asiya ölkələri Çin və Rusiya ilə yanaşı Qərblə də əlaqələrdən qopmaq istəmirlər. Çünki məhz bu siyasət vasitəsilə Rusiya və Çini müəyyən məsafədə saxlamaq mümkündür”.


Abunəlik