Hövsan sakinlərinin avtobus dərdi – Vəziyyət indi nə yerdədir? – FOTOLAR

Baxılıb:1200
Hövsan sakinlərinin avtobus dərdi – Vəziyyət indi nə yerdədir? – FOTOLAR

Bir müddət öncə paytaxtın Suraxanı rayonu ərazisində – Hövsan-Suraxanı istiqamətində fəaliyyət göstərən 161 saylı sərnişin avtobusları barədə narazılıqlar yayımlanmışdı. Bildirilirdi ki, 161 nömrəli marşrut xəttində olan avtobuslar nasaz vəziyyətdədir. Hətta bəzi Hövsan sakinləri sözügedən marşrut xəttinin bağlanmasını və bəzi yararsız avtobusların yığışdırılmasını tələb edirdilər.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev də saytımıza açıqlamasında bildirmişdi ki, 161 saylı marşrut avtobusları ilə bağlı sərnişinlərdən BNA-ya müxtəlif tipli şikayətlər (avtobusların texniki nasazlığı, sürücülərin davranışı və s.) daxil olur. Daşıyıcı şirkətə şikayətçilərin səsləndirdikləri problemlərin aradan qaldırılması tapşırılıb.
Marşrut xəttinin daşıyıcı-sahibkarı Z.Bayramov isə Dominant.az-a açıqlamasında bildirmişdi ki, sərnişinləri narazı salan mövcud problemlər ən qısa zamanda həll olunacaq.

Həmin vaxtdan artıq 3 aya yaxın bir zaman keçib. Görəsən, marşrut xəttinin sahibi verdiyi vədi yerinə yetiribmi? Sərnişinlərin problemləri aradan qalxıbmı? Elə bu suallara cavab tapmaq məqsədilə kiçik araşdırma aparmaq qərarına gəldik və üz tutduq Hövsan qəsəbəsinə.

Əvvəlcə marşrut xəttinin kolon rəisi Fuad Nəsirovla əlaqə saxladıq. F.Nəsirov bildirdi ki sərnişinlərin narazılıqlarının tam aradan qalxması qeyri-mümkündür: “Bura kənd marşrutudur, bu avtobuslarda sərnişinlər toyuq-cücə, arpa-buğda və s. də daşıyırlar. Gecə maşınlar yuyulur, səhər bir dövriyyədən sonra elə vəziyyətə düşür ki, sanki heç yuyulmayıb. Ağlınız şəhərə getməsin, yollarımız da çox yaxşı deyil. Məsələn, bu günlərdə Hövsan-Suraxanı yolunun Dədə Qorqud qəsəbəsi ərazisindən keçən hissəsi çökdüyünə görə çox əziyyət çəkirik, maşınlarımız kəndiçi palçıqlı yollarla getməyə məcbur olur, dayanacaqlara vaxtında çata bilmir, sərnişinlər də çətinlik yaşayırlar. Xahiş edirik, əlaqədar təşkilatlar bu problemi tezliklə həll etsinlər. Mən özüm hövsanlıyam, bizdə işləyən işçilər və sürücülərin hamısı, demək olar ki, yerli sakinlərdir, neçə illərdir burada çalışır, ailələrini dolandırırlar. Çoxları elə bilir ki, harasa çox yazıb şikayət edəndə buraya da “BakuBus” avtobusları verəcəklər. Bizim yolumuz o avtobuslar üçün uyğun deyil axı. Bütün bunlara baxmayaraq, əvvəllər mövcud olan problemlərin çoxunu aradan qaldırmışıq. Bu yaxınlarda daha bir köhnə avtobusumuzu yenisi ilə əvəzləmək istəyirik. Bir ilə yaxındır pandemiya şəraiti ilə üz-üzə olmasaydıq, bu sahədə daha çox işlər görə bilərdik. Bizim sürücülərin hər biri sənədli, D kateqoriya sürücülük vəsiqəsi olan, vaxtilə Bakı Nəqliyyat Agentliyində təlim keçmiş sürücülərdir. Əvvəlki sürücü-sərnişin problemləri də, demək olar ki, artıq yoxdur”.

“Bununla yanaşı, avtobuslarımızı daha saz vəziyyətə gətirmək üçün çalışırıq. Mövcud problemlər aradan qaldırılır ki, sərnişinlərimiz yolda qalmaq kimi hallarla üzləşməsinlər. İnterval da azaldılıb ki, sərnişinlər soyuq havada dayanacaqlarda çox gözləməsinlər. Hazırda 7 “Daewoo” markalı avtobusumuz Hövsan-Suraxanı istiqamətində maksimum 12-13 dəqiqəlik intervalla müntəzəm fəaliyyət göstərir. Havaların soyuması ilə əlaqədar maşınlardakı istilik sistemləri tam təmir olunub. Bir neçə aydır marşrut xəttimiz uzadılıb, artıq avtobuslarımız yeni Hövsan MİDA şəhərciyinə də gedir. Sərnişinlərə bacardığımız qədər yüksək xidmət göstərməyə çalışırıq ki, narazılıqlar yaşanmasın” – deyə müsahibimiz qeyd etdi.

Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün həm 161 nömrəli marşrut avtobuslarına baxış keçirdik, həm də sərnişinlərin fikirlərini öyrəndik. Havanın yağışlı, yolların palçıqlı olmasına baxmayaraq, avtobusların vəziyyəti qənaətbəxş idi. İnsafən desək, şəhər mərkəzində işləyən avtobuslardan (BakuBus avtobusları istisna olmaqla) o qədər də seçilmirdilər.

Həmsöhbət olduğumuz sərnişinlər də 161-in indiki fəaliyyətindən razılıq etdilər. Bildirdilər ki, artıq əvvəlki problemlərlə üzləşmirlər. Sərnişinlər şikayətlərini işıqlandıran media nümayəndələrinə, həmçinin problemlərin qısa zamanda aradan qaldırılmasında vasitəçi olan şəxslərə, BNA-nin rəhbərliyinə təşəkkür etməyi də unutmadılar.

Bütün bunlara baxmayaraq, Hövsan sakinlərinin avtobus problemi hələ də tam həllini tapmayıb. Sərnişinlərin bildirdiklərinə görə, digər marşrut xətlərində hələ də ciddi problemlər yaşanır: “Məsələn Hövsan-Əhmədli istiqamətində hərəkət edən 132 nömrəli marşrutda, o cümlədən Hövsan-Türkan istiqamətində sərnişin daşıyan 210 nömrəli mikroavtobuslarda insan sıxlığı müşahidə olunur. Ölkədə koronavirusun tüğyan etdiyi bir vaxtda günün pik saatlarında həmin avtobuslarda sanki “ətdən çəpər” yaranır. Xüsusilə, 210 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların çoxu kiçik ölçülü olduğuna görə sərnişinlərin minib-düşməsində də çətinliklər yaşanır”.

Hövsan sakinləri ümid edirlər ki, adıçəkilən marşrutlarda mövcud olan problemlər də tezliklə aradan qalxacaq. Qəsəbənin illərdir sağalmaz dərdinə çevrilmiş marşrut problemi birdəfəlik öz həllini tapacaq.


Abunəlik