Təhlükəli virus Azərbaycana da çata bilər – XƏBƏRDARLIQ
Ötən gün Türkiyədə 15 nəfərdə koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növü aşkarlanıb.
Ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır.
Qeyd edək ki, Türkiyə də daxil olmaqla, bir sıra ölkələr Böyük Britaniyaya səfərləri ləğv ediblər.
Hazırda Azərbaycanla İngiltərə arasında birbaşa təyyarə reysləri olmasa da, koronavirusun yeni mutasiyasının aşkarlandığı qardaş Türkiyə ilə ölkəmiz arasında müntəzəm təyyarə reysləri həyata keçirilir.
Bu baxımdan, “Britaniya ştammı”nın Türkiyə vasitəsilə Azərbaycana çatması da mümkün ola bilər.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Türkiyədən təyyarə ilə ölkəmizə gələn bütün insanlara ciddi şəkildə nəzarət olunmalıdır:
“Artıq təsdiq edilib ki, bu ştammın yoluxuculuğu əvvəlkindən çox olsa da, öldürücülüyü digərindən çox deyil. Lakin buna baxmayaraq təyyarə reysləri ilə ölkəmizə gələn bütün insanların test neqativ arayışı ilə ölkəyə buraxılmasına ciddi nəzarət edilməsi daha məqsədəuyğundur”.
Aydın Əliyev həmçinin qeyd edib ki, “Britaniya ştammı” təhlükəli hesab edilsə də, hazırda istifadəyə verilən peyvəndlərdən biri bu ştamma qarşı immunitet yarada bilir.
“Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer” peyvəndini təsdiq etdi və bir neçə gün öncə açıqlandı ki, bu peyvənd yeni ştamma qarşı da immunitet yaradır. Ötən bir il ərzində biz artıq COVİD-19 xəstəliyini kifayət qədər tanıyırıq və yanaşı ağır xəstəliyi olmayan şəxslərdə təqribi müalicə sxemi bəllidir. Bu baxımdan, aptekləri müvafiq dərman preparatları ilə təmin etsək, artıq sərt karantin rejimini kifayət qədər yumşalda bilərik”, – deyə həkim-radioloq bildirib.