Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq – Gözlənti

Baxılıb:410
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq – Gözlənti

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında Azərbaycanda qida məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz bahalaşıb. Bu ilin noyabr ayında qida məhsullarının qiyməti əvvəlki ilin müvafiq ayına nisbətən 3,4 faiz yüksəlib. Məsələn, oktyabr-noyabr ayına nisbətən yumurtanın qiymətində 3 faiz, tərəvəzlər də isə 4,3 faiz artım olub. Həmçinin noyabrda toyuq ətinin də qiyməti yüksəlib.

Bundan başqa , ərzaq inflyasiyası noyabrda 0.4 faiz, son 12 ayda isə 3.9 faiz təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6.5 faiz artması da təsir göstərib.
Bəs, bahalaşmanın səbəbləri nədir və bu proses nə vaxta və hansı həddə qədər davam edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, qiymət artımını şərtləndirən mövsümi səbəblər və bu ilin spesifikasından irəli gələn problemlər var:

“Uzun illərdir, noyabr-dekabr aylarında Azərbaycanda qiymət artımının sürəti həmişə yüksəlir. Çünki yeni il qabağı alış-veriş və tələbat artır və bu, bir sıra ərzaq məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Həmin dövrdə meyvə-tərəvəzdə mövsümi səbəbdən yerli məhsulların yavaş-yavaş bazardan çəkilməsi və ya azalmasına görə qiymət artımı sürətlənir”.

İqtisadçı qeyd edib ki, qiymət artımı mövsümi və uzun illərdir davam edən səbəblərlə əlaqəlidir, lakin burada spesifik məsələlər də var:

“Məsələn, toyuq əti ilə yumurta bol zülallı və kalorili olan nisbətən ucuz məhsul növünə aiddir. İnsanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, qırmızı ətdən və balıqdan daha çox toyuq əti və yumurtanın istehlakına yönəlməsi gözlənilən hal idi. Tələbin artması fonunda təklifin yerində qalması və ya artmaması qiymətin yüksəlməsinə səbəb olan əsas amillərdən birinə çevrilir”.

Ekspertin fikrincə, mövsümi səbəblərdən mart ayına qədər bəzi məhsullar üzrə qiymət artımı prosesinin davam etməsi gözləniləndir və bu ehtimal çox yüksəkdir:

“Son 10-15 ili analiz etsək, aşağı-yuxarı eyni qrafik və eyni dinamika görürük. Aprel-may aylarında isə yerli məhsulların bazara çıxma sürəti artdıqca, qiymətlərdə müəyyən tənzimlənmə müşahidə olunur. Çox güman ki, yaxın 3-4 ayda qiymət artımının, bu tendensiyanın davamının şahidi ola bilərik”.


Abunəlik