“Tələbələrə imtahana giriş balında güzəşt oluna bilər” – AKTUAL

Baxılıb:249
“Tələbələrə imtahana giriş balında güzəşt oluna bilər” – AKTUAL

Koronavirus pandemiyası ilə əlaqədər bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil distant formada davam etdirilir. Bu isə hələ vərdiş edilməmiş sistem olduğuna görə həm müəllimlər, həm də şagird və tələbələrə çətinlik yaradır. Aparılan sorğular onu deməyə əsas verir ki, tədrisin keyfiyyəti də xeyli aşağı düşüb. Mövcud çətinliklər, obyektiv və subyektiv məhdudiyyətlər nəzərə alınaraq ötən tədris ilində, yəni distant təhsilə dair ilk təcrübəmizdə tələbələrə imtahan sessiyasında müəyyən güzəştlər edilmişdi.


Bəs bu dəfə necə olacaq? İndi çoxlarını düşündürən əsas sual budur. Universitetlər hələ ki, heç bir açıqlama verməyib. Tələbələr isə narahatdırlar. Bilmirlər qiymət dərdi çəksinlər, ya internet…

Təhsil eksperti Kamran Əsədov bu barədə “Sherg.az”a açıqlamasında indiki halda ən optimal yolu izah etdi:

“Məlum səbəblərlə əlaqədər tədris prosesinin normal qaydada təşkili mümkün olmadı. Ona görə alternativ yol-distant təhsildən istifadə edilir. Bu gün Azərbaycanda 52 ali məktəbdə 185 min tələbə təhsil alır.

Onların hamısının texniki imkanları heç də eyni deyil. Bəzilərinin texniki alətləri, o cümlədən kompüterləri, planşetləri yoxdur, bəziləri- xüsusən rayonlarda yaşayanlar internetin sürətindən əziyyət çəkirlər.

Düzdür, Nazirlər Kabinetinin imtahanların təşkili ilə bağlı konkret, vahid qaydası yoxdur. Yəni universitetlər bu məsələdə müstəqildir. Lakin biz Təhsil Xidmətləri Araşdırmaları Mərkəzi olaraq imtahanların vahid test qaydası ilə keçirilməsini təklif etmişik.

Bu, qiymətləndirmənin operativ və obyektiv olması ilə yanaşı, həm də bir sıra kənar müdaxilələrin qarşısını alacaq. Tutalım, tələbəyə 50 sual təqdim olunacaqsa, düz cavabların sayına müvafiq olaraq konkret qiymət çıxarılsın. Bu metoddan fərqli olaraq şifahi və yazılı imtahanlar çox vaxt alır, nəticələrin yoxlanılması daha çətin olur”.

K.Əsədovun fikrincə, güzəşt yalnız bir halda keçərlidir:

“Güzəştlər ancaq giriş ballarında ola bilər. İmtahan üçün isə hansısa güzəştin tətbiq olunmasının tərəfdarı deyiləm. Çünki tələbələr potensial ixtisaslı kadrlardır. Onlara indi imtahan prosesindəki hansısa güzəşt gələcəkdə problemlərlə nəticələnə bilər. Hazırladığımız təkliflər arasında belə bir məsələ var ki, tələbələrin giriş balı maksimum olsun və “qayıb”, qiymət məsələləri ləğv edilsin.

Əks halda bu və ya digər səbəbdən dərsdə iştirak etməyənlərin hüquqları tapdalanar. Həm də dərsdə iştirak etməyən tələbə ancaq özünə ziyan vurur. Əgər o, proqramı müstəqil mənimsəyib, imtahanda uğurlu nəticə qazana biləcəksə, onda dərslərə girməyə də bilər. Məsələyə məhz bu kontekstdən yanaşanda imtahan üçün dəqiq vaxtın qoyulmasının doğru olmadığını deyə bilərik..

Yaxşı, tarix göstərilsin, lakin iştirak edə bilməyənlər növbəti günlərdə və ya saatlarda imtahan versinlər. Yəqin, biz post-pandemiya dövründə də distant təhsil təcrübəsindən istifadə edəcəyik.

Deməli, universitetlərin elketron platformalarının yaradılması zəruridir. Nəzərə almaq lazımdır ki, mühazirələrin elektron forması hələ “elektron universitet” anlayışını ehtiva etmir. Eyni zamanda bütün dərsliklərin PDF-ləri hazırlanmalıdır”.

Ekspert, həmçinin növbəti semestrdə tədris prosesinin təşkili ilə bağlı fikirlərini də bildirdi:

“İndidən dəqiq proqnoz vermək çətindir. BMT, UNİCEF kimi təşkilatlar bəyan edirlər ki, indiki vəziyyət şagird və tələbələrin xeyli dərəcədə təhsildən kənar qalmaları ilə nəticələnir. Yəni onlar distant təhsili məqbul hesab etmirlər. Fevraldan ənənəvi təhsilə qayıtmağımıza dair çox ümidliyəm”.


Abunəlik