Vaksinasiya Covid-19-un sonunu gətirəcəkmi? – AKTUAL

Baxılıb:191
Vaksinasiya Covid-19-un sonunu gətirəcəkmi? – AKTUAL

Azərbaycanda dekabrın 14-dən 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Nazirlər Kabineti həmçinin qərar verib ki, ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadılacaq. SMS icazə sistemi yenidən tətbiq ediləcək.

Sərt karantin dövründə NK-nin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Restoran, çayxana və kafelər kimi ictimai iaşə obyektləri və ticarət obyektləri müştərilərə yalnız çatdırma xidmətləri göstərə bilər və ya onlayn satışa icazə verilir.

“Yeni Müsavat” olaraq müşahidə etdik ki, artıq ticarət mərkəzləri karantin rejiminə hazırlıq görürlər. Şənbə və bazar günləri ticarət mərkəzlərinin və digər bu kimi obyektlərin işləmədiyini nəzərə alsaq, bu gün həmin obyektlərin fəaliyyətinin son günüdür.

Bununla əlaqədar olaraq ticarət mərkəzlərində sıxlığın yaşadığını müşahidə etdik. Son gün olduğu üçün bir çox mağazalarda da mallara endirimlər edilirdi. Əksər mağaza sahibləri karantin günlərində online xidmətə keçəcəklərini söylədilər. Bildirdilər ki, müştəriləri telefonlar və yaxud da mağazanın sosial şəbəkədəki hesabına yazmaqla məhsulları sifariş verə bilərlər. Bu zaman uzaq məsafə üçün müştəri əlavə olaraq çatdırılma pulu da ödəyəcək.

Mütəxəssislər bu cür qapanma qərarını doğru hesab edirlər. Bildirilir ki, Azərbaycanda sərt karantin rejiminin tətbiqi ilə bağlı vaksinasiya da başlamalıdır. Hesab edilir ki, 1 milyon doza vaksin alınarsa, risk qrupuna daxil olan insanları bu bəladan xilas etmək olar. Bununla da virusun yayılması nəzərəçarpacaq dərəcədə azalar.

Hazırda dünyada koronavirusa yoluxanların sayı 71 milyona çatmaq üzrədir. Bu materialı hazırlayan zaman dünyada 70 milyon 814 min 162 nəfər koronavirusa yoluxub. 1 milyon 590 min 563 nəfər isə koronavirus səbəbindən dünyasını dəyişib.

Son 24 saat ərzində dünyada 678 min 680 nəfər koronavirusa yoluxub. Son 24 saatda bu virusdan ölənlərin sayı isə 12 min 706 nəfərdir. Bu say ötən günlərlə müqayisədə yüksəkdir. Koronavirusdan indiyə qədər dünyada 49 milyon 240 min 203 nəfər müalicə alaraq, sağalıb.

Artıq müalicədə vaksindən də istifadə edilir. Lakin bu, kütləvi hal almayıb. Səbəb isə odur ki, vaksinlərin heç birini ÜST hələ ki, təsdiqləməyib. Bununla belə, müxtəlif ölkələrdə könüllü kəsimə vaksinasiya prosesi aparılır ki, bu barədə ötən saylarımızda geniş məlumat vermişik.

Onu da bildirək ki, Çin özünün COVID-19-a qarşı hazırladığı uğurlu vaksinlərindən biri olan “Sinovac” vaksinini artıq xaric ölkələrə təqdim etmək istiqamətində böyük addımlar atır. Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, “Sinovac” vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.

Vurğulanır ki, “Sinovac” vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.

Türkiyənin səhiyyə naziri Fahrettin Kocan bildirib ki, Türkiyə “Sinovac” vaksinindən 50 milyon doza sifariş verib. Vaksin Türkiyədə könüllülük əsasında, pulsuz vurulacaq.

Artıq İndoneziyada “Sinovac” peyvəndinin klinik sınağının üçüncü mərhələsi müvəffəqiyyətlə nəticələnib. İndoneziyanın dövlət dərman qurumu “Bio Farma”nın açıqlamasına görə, bu peyvənd COVID-19 infeksiyası ilə mübarizədə 97 faizlik uğurlu nəticə göstərib.


Abunəlik