Bir əsr sonra: İkinci zəfər təntənəsi – GƏLİŞMƏ

Baxılıb:189
Bir əsr sonra: İkinci zəfər təntənəsi – GƏLİŞMƏ

Bu gün, Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasına həsr olun Qələbə Parad günüdür. Bakı şəhərinin Azadlıq meydanında keçiriləcək paradla bağlı hazırlıq işləri yekunlaşıb. Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların da bir qismi paradda keçid edəcək.

Paradda, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının (PUA) nümunələri və aviasiya vasitələri nümayiş olunacaq. Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların bir qismi nümayiş etdiriləcək.

Maraqlıdır, dünya və Azərbaycan tarixində paradların əsası necə qoyulub və ilk dəfə hansı hadisədən sonra start götürüb? Habelə, dekabrın 10-da Azərbaycanda keçiriləcək Qələbə paradını əvvəlki paradlardan hansı fərqlər ayırır?

AYNA-ya danışan tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı deyib ki, tarix boyu dövlətlərin təkcə sırf hərbi deyil, eyni zamanda qüdrətinin digər meyarlarının da nümayişini özündə cəmləşdirdiyi və göstərdiyi üçün hərbi paradların keçirilməsinə həmişə xüsusi diqqət yetirilib: “Hərbi paradlar həm hər bir dövlətin güc, əzələ, gövdə nümayişi, həm də istənilən gələcək döyüşlərə hazır olduğunu göstərməklə daim düşmənə gözdağı verib, bədxahlara isə sərt işarə olub. Qədim Misirdə, qədim Romada, bizim dövlətlərimiz olan Manna, Midiya və başqalarında müharibədən zəfərlə geri dönən qoşunların keçidləri, indiki anlamda hərbi paradı olub. Avropada isə hərbi paradlar, XVIII əsrdən etibarən güc toplayıb dövlətlərin cərgəsinə qoşularaq qitə problemlərinin həllində rol oynamağa cəhd edən Prussiyada keçirilməyə başlanılıb. Rusiyada da hərbi paradlar, əsasən həmin əsrdən keçirilir”.

“XX əsr tariximizdə birinci müstəqillik dövründə, Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycan və Osmanlı hərbçilərindən ibarət qurulmuş Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri yadelli qüvvələrdən azad edildikdən sonra, indiki İstiqlaliyyət küçəsində hərbi keçid, Sahil bağında isə parad olub. Sovet dövründə Azərbaycan Milli Ordusu ləğv edilərək Sovet ordusunun tərkibinə qatılıb, 1920-ci illərin sonlarında Azərbaycan diviziyasının yüksək rütbəli hərbçiləri repressiya edilib və diviziya dağıdılıb”, – deputat bildirib.

Tarixçi alim İkinci Dünya müharibəsi illərində keçirilən paradlardan da söz açıb: “Faşist Almaniyası üzərində qələbə qazanılmasında xüsusi xidmətləri olan azərbaycanlılardan ibarət yaradılmış 416-cı Taqanroq diviziyasının qələbə münasibəti ilə Berlində Reyxstaqın binası qarşısında keçidi, sənədlərdə yazıldığı kimi paradı olub. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradında Faşist Almaniyasının bayraqları ayaqlar altına atılıb”.

Dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində ölkəmizdə keçirilən hərbi paradlara toxunan Qasımlının sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə, 2018-ci ildə Bakıda keçirilən, yeni silah və texnikamızın nümayiş etdirildiyi paradda qardaş Türkiyə Cümhuriyyətinin hərbçiləri də iştirak ediblər: “10 noyabr tarixli hərbi parad bütün əvvəlkilərdən kəskin şəkildə fərqlənəcək. Çünki bu, təcavüzkar, işğalçı ölkə olan Ermənistanın torpaqlarımızdan qovulmasından və hərbi təslim aktını imzalamasından sonra keçirilən qələbə paradımız olacaq. Bu, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qalib ordunun, əsgərin, zabitin, gizirin möhtəşəm hərbi paradı, bütün millətimizdə qürur hissi yaradan böyük bayram olacaq”.

“Paradda silahlarımızın və düşməndən qənimət götürülmüş hərbi texnikanın nümayiş etdirilməsi başqa bir əhval-ruhiyyə yaradacaq, xüsusən uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik, dövlətçilik, hərbi vətənpərvərlik hisslərini, özünə inamını daha da gücləndirəcək. Bu, dünyanın 50 qabaqcıl ordusu cərgəsində yer tutan güclü, qalib Azərbaycan Ordusunun paradı olduğundan, təkcə indiyə qədərki tariximizdə rast gəlinməyən şərəfli bir hadisə olacaq, eyni zamanda gələcək bütün tariximizdə daim xatırlanacaq və qəhrəmanlıq səhifəsi öyrəniləcək”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Tarxçi, tədqiqatçı Elmar Həsənlinin AYNA-ya açıqlamasına görə, Azərbaycan tarixində ilk hərbi parad Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir: “Qafqaz İslam Ordusu Bakını işğaldan azad edəndən – 1918-ci il sentyabrın 15-dən sonra ilk dəfə bu münasibətlə parad keçirilib. Sonra isə Azərbaycan bolşevik işğalına məruz qalıb və uzun illər SSRİ-nin tərkibində yaşaybr. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib və 1992-ci ildə Əbülfəz Elçibəyin prezidentliyi dövründə növbəti parad keçirilib. Digər paradlar isə mərhum Heydər Əliyev və hazırkı Prezident İlham Əliyevin prezidentliyi illərində keçirilib”.

“Təbii ki, bu paradların hamısının xüsusiliyi və özünəməxsusluğu var. Amma 1918-ci il sentyabrın 15-dən sonra Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin birgə təşkil etdiyi hərbi parad demək olar ki, bizim dövlət olaraq ilk təntənəli və müstəqil paradımız, qələbə simvolumuz idi. 1992-ci ildə olan parad da müstəqilliyimizin bərpasından sonra keçirilən ilk paraddır ki, bu da Azərbaycan dövlətinin müstəqil olmasını sübut edən bir amildir”, – deyə tarixçi vurğulayıb.
Həsənli, 44 günlük müharibədən sonra keçirləcək olan paradla, 1918-ci ildə keçirilən hərbi paradı müqayisə edib: “Hər iki paradın oxşarlığı budur ki, 1918-ci ildə keçirilən parad müəyyən ərazilərimizin işğaldan azad olunması ilə bağlı idi, bu dəfə keçiriləcək parad da Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra erməni işğalı altında qalan torpaqlarımızı azad etməsi münasibəti ilə keçirilir və buna görə də hər iki parad bir-birini tamamlayır. Təbii ki, bu, bizim uğurumuzdur və Azərbaycan dövlətçiliyinin qüdrətini sübut edən faktdır. Biz də bununla fəxr etməliyik. Çünki bizim güclü Ordumuz, güclü dövlətimiz var”.


Abunəlik