Vasif Talıbovun məkanında özəl qaydalar – Ramiz Mehdiyevin ağlı olsaydı…

Baxılıb:224
Vasif Talıbovun məkanında özəl qaydalar – Ramiz Mehdiyevin ağlı olsaydı…

Övladına toy etmək istəyənlər koronavirus qadağalarının nə zaman bitməsini gözləməyə bilərlər. Naxçıvan Muxtar Respublika rəhbərliyi ailə qurmaq istəyən gənclərə və koronavirusa məğlub olmadan övlad toyu görməyi arzulayan valideynlərə ələdüşməz fürsətlər təqdim edir. Hər kəs Naxçıvana gedib övladının toyunu ölkəmizin bu dilbər guşəsində keçirə bilər.

Koronavirus qadağasını pozduğunuza görə sizə güldən ağır nəsə deyilməyəcəyinə əmin ola bilərsiniz. “Xan” “boz kardinal”dır ki, kimdənsə qorxsun. “Boz kardinal”ın ağlı olsaydı, nəvəsinin toyunu Abşeronun hansısa kəndində gizli şəkildə etməz, Naxçıvanın sunduğu fürsətlərdən faydalanardı. Bu zaman nə onun kürəkəninin qoluna qaldal vurular, nə Mehdiyevlər ailəsinin toy sevinci burunlarından gətirilərdi. “Boz kardinal”ın arxasında dağ kimi “Xan” dayansaydı, kimin ixtiyarı vardı ona söz deyə?

Uzun sözün qısası, Muxtar Respublikanın hər kəsə təqdim etdiyi bu fürsətdən yararlanmaq öz əlinizdədir. Amma toy zamanı koronavirusa yaxalanmaq ehtimalından çəkinirsinizsə, artıq bu, sizin biləcəyiniz işdir. “Xan” “xandır”, Allah deyil ki, sizi ölüm-itimdən də siğortalaya.

Amma bir nüansı da unutmayın. Naxçıvanda toy etmək bir az sizə baha başa gələ bilər. Söhbət təkcə ondan getmir ki, koronavirusun cövlan etdiyi indiki zamanda Muxtar Respublikaya getmək o qədər də asan məsələ deyil. Təyyarə biletinin bir neçə ay əvvəldən ayarlamalı və mümkünsə ora və geriyə almalısınız. Əks halda Naxçıvanda ilişib qala bilər və geri qayıtmağın optimal yolunu axtarmaq məcburiyyətində qalarsınız. Bu da əlavə xərc deməkdir.

Söhbət həm də ondan gedir ki, koronavirus qadağaları zamanı toy etmək xəyalına düşməyin bir də şirinliyi var. Üstəlik, onu da nəzərə alın ki, Muxtar Respublika son Vətən müharibəsində yüzlərlə şəhid verib və onların 40-ı hələ çıxmayıb. Sözsüz ki, bu iki amil birləşdiyindən “şirinliyin” qiyməti də artır. Gərək Muxtar Respublika rəhbərliyinin bu qədər fədakarlığının qiymətini siz də biləsiniz. Əks halda Naxçıvanda qədirbilməzlərin kitabını oxumazlar. Axı “Xan” özü 25 ildir qədirbilənliyinin çörəyini yeyir. Vacibdir ki, siz də onun qədrini biləsiniz. //ovqat.com//


Abunəlik