Bayram Səfərovla bağlı iddia… – Belə deyirlər…

Baxılıb:193
Bayram Səfərovla bağlı iddia… – Belə deyirlər…

Bu ilin yanvar ayının sonunda vətəndaş Atəş Tağıyevin redaksiyamıza müraciəti və həmin müraciət əsasında apardığımız araşdırmaların nəticəsi olaraq ““Əlacım ona qalıb ki, prezidentin korteci keçəndə özümü yolun ortasına atım” – Bayram Səfərovdan şikayət” sərlövhəli məqalə dərc etmişdik. Müraciət müəllifi bildirirdi ki, Şuşa RİH-nin başçısı Bayram Səfərov onun səfərbər etdiyi usta və fəhlələrdən ibarət inşaatçılar briqadasını Şuşa şəhəri 1 nömrəli məktəb üçün inşa olunan stadionun metal konstruksiyasının qurulması işlərinə cəlb etmiş və axırda aldadaraq vəd etdiyi pulun bir hissəsini (şikayətçinin hesabı ilə 4280 (dörd min iki yüz səksən) manat) verməmişdir. Üstəlik, borcunu verməmək üçün yüksək mənsəbli şəxsin adını hallandıraraq hədələmişdir.

Həmin məqalədə yer alan bəzi sitatların altını cızırıq:“Biz işin ümumi həcmi üçün 187 min manatlıq smeta tutduq və birinci müavini Əkbər müəllimin vasitəsilə Bayram Səfərova çatdırdıq. O isə razılaşmadı, dedi ki, siz konstruksiya işlərini görün, əlavə işləri (rənglənmə-filan) özüm etdirəcəyəm, gördüyünüz işin haqqını ödəyəcəyəm. Biz işin öz üzərimizə götürdüyümüz hissəsi üçün smeta tutduq. Bayram Səfərov smeta üzrə xərc maddələrini, qiyməti dəqiqləşdirmək, ortaq məxrəcə gəlmək üçün 3 dəfə yoxlama apartdırdı. Faktiki 39280 manat material xərcı çıxdı. 16000 manat zəhmət haqqı təşkil etdi. Səfərov ümumilikdə 51000 manat ödədi. İşin ağır hissəsini biz gördükdən sonra qalan yüngül işləri tanıdığı firmaya verdi. Materialın pulu verildikdən sonra bizə qalmalı olan zəhmət haqqımızdan 4280 manatı vermədi. Xeyli get-gəldə qaldıq. Əvvəllər vaxtım yoxdu deyirdi, sonra isə hədələməyə başladı, müxtəlif bəhanələrlə pulu verməkdən yayındı. İndi briqadamın üzvü olan 7 nəfər ailə başçısının yanında xəcalətli qalmışam. Bircə çarəm ona qalım ki, Prezidentin korteci keçəndə özümü yolun ortasına atım…”

Həmçinin məlum olmuşdu ki, Bayram Səfərov Atəş Tağıyevi və digər inşaatçıları müqaviləsiz işlətmişdir. Bu isə o demək idi ki, pul mübahisəsi bir yana, dövlət hesabına maliyyələşdirilən proyektə qeyri-leqal əmək qüvvəsi cəlb etdiyinə görə icra başçısından məsuliyyət tələb olunmalıydı. Onu da öyrənmişdik ki, Bayram Səfərov ondan alın təri ilə qazandıqları pulu tələb edən sadə zəhmətkeşləri qorxutmaq üçün öz həyat yoldaşının guya Birinci vitse-prezidentlə qohum olması faktorundan istifadə edir və hamını buna inandırmaq üçün sürdüyü bahalı inomarka avtomobilinin “123” nömrəsi daşıyan dövlət nişanlarını göstərir. Qeyd olunurdu ki, bu nömrə nişanlarından Paşayevlər ailəsinin üzvlərinin istifadə etdikləri müşahidə olunub.

Məsələ ilə əlaqədar Bayram Səfərovun münasibətini öyrənmək üçün ona telefon zəngi açmışdıq. Başçı pulun ödənildiyini, yalnız “qəpik-quruş” borclu qaldığını etiraf etmişdi. Nəticə çıxarmışdıq: Yəqin, Bayram Səfərovun mədəsi o qədər böyük tikələri həzm etməyə öyrənib ki, 4280 manatı qəpik-quruş sayır. O sual da açıq qalmışdı ki, təkcə futbol stadionunun tikintisindən bir ətək pul çırpışdıran Səfərov görəsən ümumən məktəbin (məktəblərin) inşasından nə qədər dövlət vəsaiti mənimsəyib?

Nə isə, vaxt keçdi, bu ərəfələrdə peşə fəaliyyətimizdən dolayı Bayram Səfərovla yenidən rastlaşmalı olduq. Bu dəfə iki başqa məsələ ilə bağlı: Birinci məsələ o oldu ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması xəbərini elan edən anda Bayram Səfərova mesaj göndərib təbrik etdik və bir vaxtlar ictimaiyyətə açıqlayaraq vəd etdiyi muştuluğu xatırlatdıq. Sonra müavini Əkbər Hacıyevlə, nəhayət, icra başçısının özü ilə telefonla danışa bildik Cavabı nə olsa yaxşıdır?: “Mənim Xüsusi Təyinatlı Qüvvələrdə zabit işləyən qohumum var. Hələ 10 gün əvvəl Şuşanın alınması xəbərini o mənə verib. Muştuluğu da ona vermişəm”. Bu məqamda Bayram Səfərova xatırlatdıq ki, Şuşanın azad olunması barədə ən ciddi, rəsmi xəbər məhz Prezident tərəfindən elan ediləndir. Doğrudanmı o, öz qohumunu Ali Baş Komandandan daha mötəbər məlumat mənbəyi hesab edir? Bu sual qarşısında aciz qalan Bayramov yenə özünə xas olan kobudluq yolunu seçdi: “Prezidenti bu məsələyə qarışdırma, davay əəəə…!” – deyib dəstəyi asdı.

Digər məsələ isə Abşeron rayonunun Masazır qəsəbəsinin elektrik enerjisi ilə təminat sarıdan korluq çəkən məhəllələrinə işıq dirəklərinin basdırılması yoluna çıxan əngəllə bağlıdır. Qəsəbə sakinlərinin xeyli müddətdir aidiyyati qurumlara davamlı müraciətinin müsbət nəticəsi olaraq qərara alınmış bu tədbir reallaşdırılarkən təxminən 4 hektarı əhatə edən böyük bir ərazinin sahibi kimi təqdim olunan bir nəfər naqillərin asılacağı şalbanların həmin həndəvərdə “əkilməsinə” qarşı çıxıb və deyib ki, bu yerlər Şuşanın icra başçısı Bayram Səfərovundur, onun ərazisinə müdaxilə sakinlər üçün pis sonluqla nəticələnəcək.

Məsələni araşdırmaq üçün yenə də həmişəki ardıcıllıqla Əkbər Hacıyevin vasitəsilə sualımızı Şuşanın başçısına çatdırdıq. Əkbər müəllim də öz növbəsində başçı ilə məsləhətləşəndən sonra konkret cavab vermək əvəzinə təklif elədi ki, sözügedən əraziyə birlikdə baxış keçirək. Dediyi kimi elədik, əməkdaşlarımızdan biri başçının müavinini müşayiət edərək həmin əraziyə apardı. Yerində baxış zamanı Əkbər müəllim “müəyyən” etdi ki, həmin ərazi Bayram Səfərova məxsus deyil, yəqin, onun adından istifadə ediblər.

Bizi isə başqa məsələ maraqlandırır: Əgər başçı öz müavinini Masazıra göndərməyi vacib sayıbsa, demək, qəsəbə ərazisində Bayram Səfərova məxsus torpaq sahəsi və ya sahələri həqiqətən mövcuddur, sadəcə olaraq, insident qeydə alınan sahə ona aid deyil. Və Səfərovun yiyələndiyi belə torpaqlar o qədər çoxdur ki, sayını və dəqiq koordinatlarını özü belə itirib. Belə çıxır ki, bu vaxta qədər Şuşa düşmən tapdağı altında qalmaqda ikən icra başçısı respublikanın başqa yerlərində torpaq işğalçılığıyla məşğul imiş!

Sonda isə Bayram Səfərovun dilinə yapışmış “davay ” kəlməsi barədə. İnternet resurslarında LAFtv kanalının qurucularından biri, tanınmış jurnalist Ləman Ələşrəfqızının Bayram Səfərovla telefon söhbətinin qeydə alındığı süjet var. Jurnalist ona bir vaxtlar icra başçısının köməkçisi işləmiş Mədət Bayramovun irəli sürdüyü 220 min manat pul tələbinə münasibət bildirməsini xahiş edir. Səfərov isə kobud ifadələrlə cavab verir, məhkəməyə verəcəyi ilə təhdid edir və yenə də sonucda xanım jurnalistə “davay!” deyir.

Ölkənin paytaxtında və başqa bölgələrində mülklərinin, villalarının olduğunu danmayan, hətta “əcəb eləyirəm” deyən Bayram Səfərovun məntiqlə həmin villalar qədər də unitazı var. Onun özünə “davay!” – deyib tələb eləmək lazımdır ki, zəbt elədiyi torpaqları boşaltsın, Şuşa uğrunda döyüşmüş kasıb əsgərlərə, imkansız şəhid ailələrinə təhvil versin. Həmin torpaqların üzərində tikdirdiyi villaların daşına qədər hər şeyi, o cümlədən, unitazlarına da daşıyıb Şuşaya aparsın.

Deryaz.az


Abunəlik