Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.
Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.