“Düşmən rus “sülhməramlı”larını çarpaz atəş altında qoymaq istəyir” – Ermənilərin məkrli planı
““DQR” sərhədlərin demarkasiyası və “Müdafiə Ordusu”nun şəxsi heyətinin yenidən dislokasiyası prosesi gedir”.
Ovqat.com xəbər verir ki, bu bəyanatı “DQR”-nın “Müdafiə ordusu” yayıb.
Azərbaycanın ərazi bütövlüyünü heçə sayan və 9 noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərini pozan bu açıqlamanın verilməsinin çox önəmli səbəbi var. Belə ki, ötən gün erməni sosial şəbəkələrində böyük səs-küyə yol açan video paylaşılmışdı. Videoda dəmiryol vağzalına bənzəyən bir məkanda yüzlərlə erməni əsgəri görünürdü. Onlardan bəziləri heç bir şəraiti olmayan zalın döşəməsində bir-birinə yaxın məsafələrdə yatır, oyaq qalanlar isə saylarına dar gələn məkanda hərəkət edirdilər. Anti-sanitariya mühitində və koronavirusun tuğyan etdiyi bir zamanda ortaya çıxan bu görüntü özəlliklə bir çox əsgər ailələrinin narazılığına yol açmış və onlar övladlarının niyə bu şəraitdə saxlanılmasından şikayətlərini dilə gətirmişdilər. Narazılar erməni komandanlığını əsgərlərə elementar kazarma şərait yaratmaq istəməməkdə günahlandırmışdılar. İctimaiyyətin nigaranlığını ortadan qaldırmaq üçün “DQR” “Müdafiə ordusu” haqqında danışdığımız açıqlamanı vermək məcburiyyətində qalmışdı.
“Müdafiə ordusu” bəyanatında erməniləri əmin etməyə çalışmışdı ki, əsgərlərin təhlükəsizliyi mütləq təmin olunacaq. Lakin bununla yanaşı, bəyanatda o da vurğulanmışdı ki, Dağlıq Qarabağın sərhədlərinin müəyyənləşdirilməsi və ordunun şəxsi heyətinin yenidən dislokasiya prosesi müəyyən vaxt tələb edir.
“DQR” “Müdafə ordusu”nun bəyanatını şərh edən hüquq elmləri doktoru, siyasi analitik Aydəm İsmayılovun fikrincə, ermənilərin bu mövqelərində ciddi təxribatlara hazırlıq elementləri sezilir:
[media=https://youtu.be/iEr7-RB4VZM]
“Bilirsiniz ki, 9 noyabrda imzalanmış üçtərəfli bəyanatı şərh edən Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə Dağlıq Qarabağa heç bir status verməyəcəyini bildirib. Bəyanatın digər müəllifi Rusiya Prezidenti Vladimir Putin də Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aid olduğunu etiraf edərək, faktiki, ermənilərinin bütün ümidlərinin altını üstünə çevirib. Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrov belə, ad çəkməsə də ermənilərə xatırlatmışdı ki, imzalanan bəyanatdan imtina qanlı müharibənin yenidən başlanması deməkdir”.
Aydəm İsmayılovun fikrincə, Sergey Lavrovla birlikdə Vladimir Putinin də səsləndirdiyi bu fikirlər rəsmi Moskvanın ermənilərin imzaladıqları kapitulyasiya aktına əməl etmək istədiklərinin, dolayısıyla təxribata hazırlaşdıqlarının fərqində olduqlarını göstərir.
“Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ ermənilərinin hələ də dövlət sərhədlərindən danışması üçtərəfli bəyanatı heçə saymalarından xəbər verir. Bu gün özünü “DQR”-nın “prezidenti” adlandıran Arayik Harutyunyan da bənzər təxribatçı bəyanatla çıxış etmişdi. O, bəyanatında Rusiya prezidenti Vladimir Putinə təşəkkür edərək bildirmişdi ki, Dağlıq Qarabağ “Respublikasının” müdafiəsində rus əsgərləri mühüm rol oynayıblar. Heç bir statusu olmayan ərazinin respublika adlandırılması açıq-aşkar separatizm təzahürüdür və Azərbaycan ordusunu torpaqlarımızın bölünməsi təhdidlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qoyur. Zatən ordunun bir nömrəli təyinatı budur və nəyin bahasına olursa olsun öz hərbi andını yerinə yetirməlidir”,-Aydəm İsmayılov deyib.
Rus düşməni Corc Soros tərəfindən himayə olunan Paşinyan hakimiyyətinin və onun Dağlıq Qarabağdakı uzantısının da əsl təxribatının bu mətləbdə gizləndiyinə inanan ekspert fikrini belə əsaslandırıb: “Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması üçün həm Azərbaycan, həm də Ermənistan xalqının bu ölkəyə nifrət etməsi lazımdır. Faktiki Paşinyanın son iki ildəki təxribatçı hərəkətləri ilə böyük ölçüdə buna nail oldu. Müharibəyə təhrik edilən Azərbaycan ordusunun dəmir yumruğu altında əzilən Ermənistan Silahlı Qüvvələrinin tam bitdiyi sırada Rusiya Dağlıq Qarabağa müdaxilə edib hadisələri öz nəzarəti altına aldı. Bununla da Azərbaycan xalqının haqlı narazılığını öz üzərinə çəkdi.
İndisə ermənilər ikinci təxribat əməllərinə əl atmağa hazırlaşırlar. Müstəqillik iddiaları ilə Azərbaycan ordusunu yenidən silahlı qarşıdurmaya cəlb etməyə səy göstərən ermənilər Dağlıq Qarabağdakı rus sülhməramlılarını çarpaz atəş arasında qoymaq istəyirlər. Beləcə rus əsgərlərini ya bizimlə müharibəyə, ya da bölgədən tamamilə çəkilməyə məcbur edirlər. Ruslar Dağlıq Qarabağı tərk edəcəkləri təqdirdə isə Ermənistan əhalisinin də böyük nifrəti ilə üzləşəcəklər və bu da Corc Sorosun planına tamamilə uyğundur”.
Eskpert onu da istisna etmir ki, üçtərəfli bəyanatın baş tutmaması Paşinyana müxalif qüvvələrin də maraqlarına uyğun ola bilər.
Türk ordusunun Azərbaycana dislokasiyasından sonra rus sülhməramlılarının bizim əsgərlərə qarşı da savaşmaq imkanlarının azalacağına inanan Aydəm İsmayılov bunu TSQ-nın NATO-nun ən güclü yaxın məsafəli döyüş gücü olmasıyla əsaslandırdı: “Sözsüz ki, indiki həssas zamanda Rusiya xəyanətkar erməniyə görə NATO ilə üz-üzə gəlmək istəməz”.