Hülusi Akarın təltif etdiyi əsgər şəhid oldu-VİDEO

Baxılıb:1932
Hülusi Akarın təltif etdiyi əsgər şəhid oldu-VİDEO

Bu sözləri həm fəxrlə həm də böyük bir acı və ürəkağrısı ilə yazıram. Həmişə fəxr etdiyim, nəfəsi ilə belə özümə dayağ bildiyim qardaşım Tank Bölük komandiri Baş Leytenant Məmiyev Valeh İsbat oğlu özünü vətən yolunda həqiqi mənada qurban vermiş oldu. Bunu etməyə də bilərdi, amma növbədənkənar döyüşlərə atılmaqla, qorxmadan, gələcəyini, ata-anasının necə olacağını düşünmədən seçdi bu yolu.

Hələ uşaqlıqdan hərbçi olacam deyirdi, hamımızdan çox vətənpərvər idi, və elə Ali Hərbi Məktəbi bitirdikdən qısa bir müddət sonra tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi. Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və ən son təlimlərdə Türkiyənin Müdafiə Naziri Hulusi Akar tərəfindən xüsusi fərqlənmə ilə təltif edilmiş və hədiyyələr almışdı.

Vətən müharibəsində öz tankı ilə irəlidə qorxmadan öz komandasını arxasınca böyük həvəslə və şücaətlə irəliyə apararaq dəfələrlə döyüşlərə girmiş, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının alınmasında şücaətlə iştirak etmişdir. Qubadlı-Laçın istiqamətində şəhid Milli Qəhrəman Şükür Həmidovun komandanlıq etdiyi döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Bütün döyüşlərdə ən öndə gedən və döyüşə başçılıq edən tankda bir yerdə oturan ən doğma iş, döyüş yoldaşı, dostunun dedikəri bu idi: Valeh qorxmaz oğul idi, heçnədən çəkinmədən, ölümün gözünə dik baxarag sadəcə düşməni məhv edəcəyini düşünərək giridi döyüşlərə, komandaya motivasiya və böyük həvəs verə bilirdi. Düşmənin xeyli sayda tank, BMP və digər texninkalarını məhv etmiş və bir neçə döyüşlərdə düşmənin canlı hərbi qüvvəsini qətliam etmişdi. Sonuncu döyüşdə isə həmin döyüş yoldaşı onunla deyildi və bunu özünə heç cür bağışlaya bilmir. Sonuncu döyüş Valehin xüsusi icazə alaraq və növbədənkənar getdiyi döyüşü idi.

Bugun onunla hər birimiz fəxr edirik, ölümü ilə belə ailəsinin fəxri olduğunu sübut etdi, amma kaş ki, aramizda olub bu günləri görərdi.

Bircə istəyim var, edilən hər qəhrəmanlıq, fəda edilən hər can öz layiq olduğu dəyəri tapsın, öz layiq olduğu adı alsın.


Abunəlik