Neft hasilatının ixtisarı daşımalara necə təsir edəcək?
OPEC+ formatı çərçivəsində neft hasilatının hazırkı ixtisar səviyyəsini saxlamaq, yaxud hətta artırmaq planları daşıyıcı şirkətlərin sahiblərini narahat edir.
FED.az “Hellenic Shipping News”a istinadən xəbər verir ki, tanker bazarında müəyyən dirçəlmə gözlənilsə də, bunun məhz nə vaxt baş verəcəyi müəmmalıdır.
Belə ki, bir çox ölkələrdə koronavirusun yenidən artmasını nəzərə alan Beynəlxalq Enerji Agentliyi (İEA) cari ilin üçüncü rübündəki tələbata dair proqnozunu 0,4 milyon barel, dördüncü rübə dair 1,2 milyon barel, gələn ilin birinci rübünə dair isə 0,7 milyon barel azaldıb. Hərçənd bu dəyişikliklərin daha çox OECD ölkələrinə aid edildiyi, digər ölkələrdə isə əksinə, artım gözləndiyi bildirilir.
Belə ki, hazırda Çində neftə tələbat artıq pandemiyadan əvvəki həddi keçib, eyni zamanda Hindistanda cari ilin dördüncü rübündə ötən ilin müvafiq dövründəki səviyyəyə yaxın olacağı güman edilir. Bununla yanaşı, Liviyada atəşkəs razılaşması imzalandıqdan sonra gündəlik hasilatın avqust ayındakı 100 min barelə qarşı 1,2 milyon barelə çatması, həmçinin COVID-19 ilə bağlı müəmmalar neft bazarının tənzimləməsini daha da çətinləşdirir.
Xatırladaq ki, OPEC+ çərçivəsində aprel ayında imzalanmış ilkin razılaşmaya görə, gələn ilin 1 yanvar tarixindən hasilat 2 milyon barel artırılmalıdır. Bu razılaşmanın iştirakçı ölkələri arasında 30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək görüş əfəsində hasilatın bu qədər artırılmayacağı güman edilir. Hazırda tələbat ləng artdığı üçün gələn ilin əvvəlindəki artacaq hasilatın bazarda alıcı tapacağının şübhəli olduğuna dair OPEC prezidentinin fikirləri hazırkı hasilat səviyyəsinin gələn ilin birinci yarısında da saxlanılacağı ehtimalını artırır.
İEA-nın hesablamalarına görə, hasilat 2 milyon barel artırılsa belə, gələn ilin birinci rübündə xam neft ehtiyatları dəyişməyəcək. Odur ki, hasilatın daha az artması üçün müəyyən imkanlar var. “Gibson Shipbrokers” şirkətinin ehtimallarına görə, xam neft bazarına dair proqnozlar özünü doğrultsa, mövcud hasilat həcmlərinin qalması daşıyıcı şirkətləri daha çox zərərə uğrada bilər.
Qeyd edək ki, cari ilin son üç ayı ərzində neft təkliflərinin azalması və deməli, anbar tutumlarına tələbatın artacağı nəticəsində tanker bazarında qısamüddətli canlanma gözlənilir. Bunun daha bir səbəbi də dünyada daha çox təmiz enerjinin tətbiqi və tankerlərin köhnəlməsidir. Belə ki, qarşıdakı 10 il ərzində 1 800-dək tanker gəmisinin istismardan çıxarılacağı güman edilir.