Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? – Kənan Məmmədovla bağlı Prezidentə müraciət
“Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.
İş adamı müraciətində Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsində yaratdığı monopoliya, bürokratik əngəllər və sahibkarları incitmə hallarından bəhs edir.
Özünün də bu problemlərlə qarşılaşdığını vurğulayan sahibkar qeyd edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov ondan qanunsuz olaraq əlavə vəsait istəyir.
Sahibkar Ramil Aslanovun Prezident İlham Əliyevə ünvanladığı müraciətini təqdim edirik:
“Hörmətli cənab Prezident,
Bakı Baş Gömrük İdarəsi rəhbərliyi və tabeliyində olan işçilər direktoru olduğum “Lion Centre” MMC-nin adına gələn malın 01201000326352 saylı bəyannamə üzrə rəsmiləşdirmədən sonra əsassız iddialarla qanunsuz şəkildə malımı saxlayıblar. Məsələ barədə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova şikayət etsəm də, o məndən dövlət rüsümüundən əlavə 7 min manata yaxın vəsait istəyib. Mən bu pulu ona ödəmədiyim üçün Bakı Baş Gömrük İdarəsinin Mahir adlı əməkdaşı Abşeron Logistika Mərkəzində mənə qarşı məqəsdli şəkildə süründürməçilik və əngəllər yaradır. Mənim sahibkarlıq fəaliyyətimə açıq və qanunsuz şəkildə müdaxilə edən Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun və onun işçilərinin özbaşınalığı ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev cənablarına və digər müvafiq səlahiyyətli şəxslərə müraciət etmişəm. Ancaq Kənan Məmmədov açıq şəkildə cənab Səfər Mehdiyevi saymır, mənə qarşı öz qanunsuz əməllərini davam etdirir.
Bunun nəticəsidir ki, müraciətlərimə baxmayaraq artıq 10 günə yaxındır ki, problem həllini tapmayıb və gətirdiyim mallar hələ də Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən saxlanılır.
Məlumat üçün bildirim ki, hazırda Türkiyədən mebel, Rusiyadan Azərbaycana gətirilən “Neskafe” məhsullarının monopoliyasına məhz Kənan Məmmədov nəzarət edir.
Möhtərəm Cənab Prezident,
Sizin rəhbərliyiniz altında son illər Azərbaycanda saysız-hesabsız böyük işlər görülür, biz iş adamlarına şərait yaradılır, dövlətimiz sahibkarlığın inkişafına dəstək verir.
Eyni zamanda çıxışlarınızda hər dəfə qeyd etmisiniz ki, bəzi məmurların sahibkarlara qarşı qanunsuz müdaxilələrinə son qoyulması və bunun qarşısının alınması istiqamətində lazımı addımlar atılır.
Sizdən xahiş edirəm ki, Bakı Baş Gömrük İdarəsi rəhbərliyi və əməkdaşları tərəfindən mənə və digər sahibkarlara qarşı edilən özbaşınalıq və qanunsuz müdaxilələrlə bağlı da müvafiq tapşırıqlarınızı verəsiniz”.
Şikayətdə adı keçən Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun fikirlərini öyrənməyə çalışsaq da, onunla əlaqə yaratmaq cəhdlərimiz alınmayıb. \Demokrat.az\