Dövlət Bayrağının həsrətlə əsl sahiblərini gözləyən torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil
Bu gün ölkəmiz Dövlət Bayrağı Gününü böyük coşğu ilə qeyd edir. İllərdən, deyərdim ki, əsrlərdən bəri barmaqla sayılası günlərdəndir ki, ölkəmizdə və kənarda yaşayan həmyerlilərimizin uşaqdan-böyüyə hər birinin üzü gülür. Bu təsadüfi deyil. Çünki dünənə qədər bizə yuxu kimi görünən mürəkkəb relyefli Şuşamızı işqaldan azad etmişik. “Şuşasız bizim işimiz yarımçıq qalar”, deyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə sadiq qaldı, Bayraq Günü ərəfəsində 28 il 6 ay işğalda qalan, xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərində-Şuşada üçrəgli bayrağımızı dalğalandırdı, həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğratdığı azğın düşmənə bir daha yerini göstərdi.
Dünən isə Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi müdrik və qətiyyətli lideri, Ali Baş Komandanı olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük qələbəsinin nümayişi oldu. Artıq əksər işğal altında olan torpaqlarımız düşməndən azad edilib, hər birinin zirvəsini üçrəngli bayrağımız bəzəyir.
Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağının həsrətlə əsl sahiblərini gözləyən işğal altında qalan torpaqlarımızda dalğalanacağı gün isə uzaqda deyil. Artıq əsgərlərimizin ayaq səsləri bütövlükdə Qarabağda, Xankəndinin, Xocalının, Laçının, Kəlbəcərin yaxınlığından eşidilir.
Bayram əhvallı, qələbə əhvallı yazıya B.Vahabzadənin “Bayraq” şeirindən bir bəndlə yekun vuraraq bütün xalqımızı həm Şuşa qələbəmiz, həm də Dövlət Bayrağı günü münasibətilə təbrik edirəm:
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
İbrahim Cəfərov,
ADAU-nun rektoru