“Şuşadan sonra əsas döyüş Xankəndi uğrunda gedəcək” – GƏLİŞMƏ

Baxılıb:363
“Şuşadan sonra əsas döyüş Xankəndi uğrunda gedəcək” – GƏLİŞMƏ

Azərbaycan ordusunun işğalçı Ermənistanı sülhə məcburetmə əməliyyatı davam edir. Artıq bir neçə gündür döyüşlərin Şuşada getdiyi və qədim Azərbaycan şəhəri Şuşanın azad edilməsinin an məsələsi olduğu barədə məlumatlar yayılır.

Şuşa işğaldan azad edildikdən sonra Qarabağ müharibəsinin taleyi necə dəyişəcək? Şəhərin nəzarətimizə keçməsi hərbi strateji baxımdan nə deməkdir? Xankəndinin, Ağdamın azad edilməsi daha asanlaşırmı? Bunun siyasi üstünlüyü nədir?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı Laçın və Laçın dəhlizinin azad edilməsi ilə paralel olaraq aparılır: “Bu xəttin azad edilməsi, ordumuzun burada möhkəmlənməsi hərbi baxımdan müharibənin gedişində sözün həqiqi mənasında əsas dönüş nöqtəsi, həlledici olacaq. Təbii ki, bundan sonra biz qarşı tərəfin müəyyən adekvat mövqeyinin necə olacağını görəcəyik. Qarşı tərəfin iki mövqeyi ola bilər; 1. havadarlarının da dəstəyi ilə sona qədər mübarizə aparıb bölgədə Ermənistan ordusunun mütləq əksəriyyətinin məhvi ilə üz-üzə qalmaq. 2. Ermənistan Azərbaycanın şərtlərini qəbul edib təslim olaraq danışıqlar masasına oturmaq. Bu zaman da Azərbaycan hərb meydanında qalib gəldiyi üçün siyasi baxımdan da əli güclənəcək və Azərbaycan siyasi şərtləri diktə eləyən tərəfə çevriləcək”.

Sülhəddin Əkbər qeyd etdi ki, Ermənistan hakimiyyəti də yaxşı bilir ki, Şuşa və Laçın dəhlizi müharibənin taleyində həlledici nöqtədir: “Ona görə də Ermənistan bütün imkanlarını bu ərazini əldən verməməyə yönəldib, müqavimət göstərir. Ermənistan və onun arxasındakı güclər də Şuşa və Laçın dəhlizinin hərbi, siyasi əhəmiyyətinin nə olduğunu yaxşı bilirlər. Ona görə nəyin bahasına olur-olsun oranı işğalda saxlamağa çalışırlar. Lakin müqavimətləri, çabaları əbəsdir. Azərbaycan Ordusu istədiyinə nail olacaq. Şuşanın və Laçın dəhlizinin azad edilməsi müharibənin taleyində həlledici olacaq. Sınma nöqtəsi məhz oradır. Kəşfiyyat məlumatlarına görə, artıq Laçın dəhlizinin böyük bir hissəsi demək olar ki, bizim hərbi qüvvələrimiz tərəfindən azad edilib və Şuşa mühasirədədir, hərbi birliklərimiz qədim Azərbaycan şəhərinə daxil olublar. Bizim hərbi birliklərimiz Şuşadan Xankəndinə gedən yolun da böyük hissəsini tutublar və Xankəndi-Şuşa yolu bağlanıb. Burada biz tam möhkmələnə biləriksə, müharibənin taleyini böyük ölçüdə həll etmiş olacağıq. Qarşı tərəf də bunu bildiyinə görə bu xətt üzrə bütün gücünü qoyacaq. Ən həlledici məqamdır, Allah Ordumuzun yar və yardımçısı olsun”.

AzDP sədri onu da dedi ki, Şuşanın azad edilməsi tam olaraq reallaşanda işğaldakı Ağdam rayonu da avtomatik olaraq Azərbaycan ordusunun mühasirəsinə düşmüş olacaq və bu rayon asanlıqla azad edilə biləcək: “Bu, Azərbaycan hərbi-siyasi rəhbərliyinin çox düzgün strateji əlverişli nəticələr verəcək operativ taktiki gedişidir və bunun çox yaxşı nəticəsi olacaq. Şuşada ordumuz möhkəmlənəcəksə əsas döyüş Xankəndi uğrunda gedəcək. Ermənilər bundan sonra çalışacaqlar ki, bütün güclərini toplayıb Xankəndini qorusunlar. Burada təkcə hərb meydanında döyüş getməyəcək, Azərbaycanı irəlidə masada da böyük siyasi döyüş gözləyir. Mənə elə gəlir ki, bir sıra böyük güclər Xankəndinin Azərbaycanın əlinə keçməsinin qarşısının alınması üçün bütün siyasi vasitələrdən istifadə etməyə çalışacaqlar. Biz buna hazır olmalıyıq”.
“Yeni Müsavat”


Abunəlik