“Azəriqaz” yaxasını kənara çəkir – Öz başınıza çarə qılın

Baxılıb:187
“Azəriqaz” yaxasını kənara çəkir – Öz başınıza çarə qılın

Dövrümüzdə, demək olar ki, hər sahə elektronlaşır. Son zamanlar pandemiya şəraiti, komendant saatının tətbiq edilməsi bir çox sahələrin daha da sürətlə elektronlaşmasına səbəb olur. Təəssüf hissi ilə demək lazımdır ki, bunu “Azəriqaz” İstehsalat Birliyinə şamil etmək mümkün deyil.

Belə ki, Birliyin mənzillərə quraşdırdığı sayğaclar üçün onlayn ödəniş etmək mümkün deyil. Bunun üçün gərək vətəndaşlar “Milliön” və bu kimi digər aparatları mağaza və ya dayanacaqlardan tapıb kartlarına ödəniş etsinlər. Bu da indiki zamanda çox çətindir. Payız-qış fəslinin düşməsi qaza olan tələbatı artırıb. Üstəlik, komendant saatının tətbiqi ilə əlaqədar saat 21:00-dan sonra çölə çıxmaq qadağandır. Kiminsə gecə saatlarında balansı bitsə, qazı kəsilsə, səhərin açılmasını gözləməkdən başqa çarəsi yoxdur…

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov AYNA-ya deyib ki, smart kart tipli sayğaclara onlayn ödəniş olunmamasının səbəbi onun istehsalçısı olan Fransanın “İtron Gallus” şirkətinin bu sayğacları oflayn rejimdə istehsal etməsidir: “Yalnız xüsusi kartoxuyucular var ki, onlar vasitəsi ilə onlayn smart kartlar üçün ödəniş etmək mümkündür. Başqa cür təəssüflər olsun ki, bu, mümkün deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya bildirib ki, həmin kartoxuyucuların qiyməti bahadır: “Həmçinin, Azərbaycanda hər yerdə bu kart oxuyan aparatı almaq mümkün deyil. Deməli, problemin həlli üçün yeni elektron sayğaclar quraşdırılmalıdır. “Azəriqaz”ın da yeni elektron sayğaclara kütləvi şəkildə keçəcəyinə inanmıram”.

“Amma ölkədə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı söhbətlər gedir. Ola bilər ki, qazpaylayıcı şirkətlər özəl şirkətlərə bir neçə illik və ya uzun müddətə icarəyə verilsin. Bu da dövlətin qərarından asılı olacaqdır. Əgər özəl şirkətlər ilə anlaşma olarsa, o zaman onların qarşısında onlayn ödənişi mükün olan sayğaclara keçməyi şərt kimi qoymaq olar”, – Cəfərli vurğulayıb.

Ekspert indiki halda inanmır ki, SOCAR onlayn ödəniş etmək mümkün olan sayğacların quraşdırılmasını təmin etsin: “Ona görə də vətəndaşlar sayğaca nəzarət etməlidir ki, gecə qaz bitəndə qazsız qalmasınlar. Həmçinin, həmin sayğaclarda limit bitəndə 1 manat kredit götürmək olur. “Azəriqaz” indiki vəziyyəti nəzərə alaraq 1 manat məbləğində olan kreditini 2-3 dəfə artıra bilər. Bunu etmək “Azəriqaz” üçün heç də çətin deyil və bu, problemi həll etməsə də, vəziyyətdən çıxış yolu ola bilər”.


Abunəlik