Ədliyyə nazirindən Avropa qurumuna Ermənistanın işğalçılığı ilə bağlı MÜRACİƏT

Baxılıb:157
Ədliyyə nazirindən Avropa qurumuna Ermənistanın işğalçılığı ilə bağlı MÜRACİƏT

Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin sıx əməkdaşlıq etdiyi Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidentinə və baş katibinə Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları, xüsusilə dinc əhaliyə hədəflənən müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə dünya ictimaiyyətinin diqqətinin yönəldiyi 30 ildir davam edən Ermənistan-Azərbaycan hərbi münaqişəsinin acı nəticələri, əzəli tarixi torpağımız olan Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunaraq etnik təmizləməyə məruz qalan azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salınması, bununla da ermənilərin işğal altında saxladıqları ərazilərimizdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və məcburi köçkün düşmüş soydaşlarımızın uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olunduğu barədə məlumat verilib.

Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə uzatması, silahlı qüvvələrini işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi diqqətə çatdırılıb.

Bildirilib ki, bununla da beynəlxalq hüquq normalarını, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməsi və beynəlxalq ictimaiyyətin buna səssiz qalması təcavüzkarı hərbi təxribatları daha da intensivləşdirməyə ruhlandırıb.

Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.
Müraciətdə Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizə və dinc əhaliyə qarşı başladığı hərbi təxribatlara cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirdiyi, doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşduğu qeyd olunub.

Cəzasızlıqdan azğınlaşan Ermənistanın hərbi mövqelərimizi, xüsusilə qəsdən ağır artilleriya qurğularından yaşayış məntəqələrimizi və mülki əhalimizi atəşə tutması nəticəsində bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda 11-i uşaq olmaqla 91 mülki şəxsin həlak olduğu və 400-dən çox insanın yaralandığı qeyd olunub, doğum xəstəxanası, uşaq bağçaları, məktəblər, rayon məhkəməsi binası və s. daxil olmaqla 3.000-ə yaxın yaşayış binasının və mülki obyektlərin məhv edildiyi və ya ciddi ziyan gördüyü, həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft kəmərlərinin atəşə tutulduğu diqqətə çatdırılıb.

Düşmənin mülki əhalimizə qarşı törətdiyi qeyri-insani əməllərinin təzahürü olaraq döyüş meydanından xeyli aralıda yerləşən əhalinin sıx məskunlaşdığı Gəncə və Bərdə şəhərlərinin beynəlxalq hüququn qadağan etdiyi kasset bombaları və ballistik raketlərlə atəş tutulduğu, nəticədə 47 nəfərin həlak olduğu, 200-dən çox insanın yaralandığı vurğulanıb.
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə məsul qurum kimi Konqresə məlumat verilib ki, ölən və xəsarət alanlar sırasında, həmçinin biri qadın olmaqla bələdiyyə sədrləri də var və 3 bələdiyyə binasına ciddi ziyan dəyib, bələdiyyələrin 30-dan çox üzvünün və qulluqçusunun əmlakına zərər vurulub.

Diqqətə çatdırılıb ki, hətta erməni terroruna məruz qalan şəhərləri ziyarət edən diplomatik korpus üzvlərinin də artilleriya atəşinə tutulub. Düşmənin həyata keçirdiyi namərd hücumlar razılaşdırılmış humanitar atəşkəs rejimi şəraitində həyata keçirilib.
BMT-nin Baş katibi və Avropa İttifaqı əhalinin yaşadığı bölgələrə edilən hücumları qınayan və onların qətiliklə qəbuledilməz olduğunu qeyd edən, mülki şəxslərin və obyektlərin atəşə tutulmasına son qoyulmasını tələb edən bəyanatlarla çıxış ediblər.

Lakin beynəlxalq normalara və çağırışlara məhəl qoymayan Ermənistan mülki əhaliyə hədəflərini dayandırmır və hazırda Azərbaycanın bir çox şəhərlərinə bu cür raket hücumlarının davam etməsi ilə ölən və yaralanan mülki şəxslərin sayı artmaqdadır.

Eyni zamanda, düşmən raket zərbələrini öz ölkəsinin ərazisindən endirməklə münaqişənin coğrafiyasını genişləndirmək və döyüş əməliyyatlarına üçüncü ölkələri cəlb etmək məqsədini güdür.

Müraciətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT, Avropa Şurası, Avropa Parlamenti və Qoşulmama Hərəkatı kimi aparıcı beynəlxalq təşkilatların digər oxşar qərarlarının təxirəsalınmadan dərhal icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını xilas etmək naminə qan tökülməsini istəmir və münaqişənin siyasi yolla həlli üçün sülh danışıqlarının aparılmasının tərəfdarıdır.

Ədliyyə naziri Yerli və Regional Hakimiyyətlər Konqresinin yüksək nüfuzunu, geniş coğrafiyasını və təmsilçiliyini nəzərə alaraq ədaləti, sülhü və əmin-amanlığı bərpa etmək, insanlıq əleyhinə və müharibə cinayətlərinin qarşısını almaq üçün səsini ucaldacağına ümidvar olduğunu bildirib.

Nazirlik tərəfindən həmçinin, Ermənistanın işğalçılığı ilə bağlı əsl həqiqətləri dünyanın daha geniş ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə 150 mindən çox yerli və regional hakimiyyətlərinin təmsil olunduğu Konqresin rəhbər orqanları olan Palatalarının sədrlərinə və Avropa Şurasının 45 üzv dövlətini təmsil edən nümayəndə heyətlərinin rəhbərlərinə analoji müraciətlər göndərilib.


Abunəlik