Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? – TƏHLİL

Baxılıb:145
Kremlin Qarabağ siyasəti: Putin Türkiyəni də masaya gətirir? – TƏHLİL

Prezident Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həli ilə bağlı son açıqlaması sentyabrın 27-dən etibarən özünü müşahidəçi kimi təqdim etməyə çalışan Rusiyanın mövqeyinə aydınlıq gətirib.

Yəni ilk günlər hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini əsas gətirən V.Putin Rusiyanın bu məsələdə tərəfsiz olduğunu nümayiş etdirməyə çalışırdı. Ancaq hadisələrin sonrakı inkişafı və prezident Putinin açıqlaması əslində, Kremlin gözləmə mövqeyinə çəkildiyini göstərdi.

Ümumiyyətlə isə Rusiya rəhbərliyinin planı ilk növbədə, Azərbaycanın müəyyən qədər əraziləri işğaldan azad etməsindən sonra prosesə müdaxilə etməklə bölgədə geosiyasi dayaqlarını yenidən möhkəmləndirməkdən ibarət olub. Putin administrasiyasının əsl niyyəti Ermənistanın cəbhədəki məğlubiyyətlərinə laqeyd qalmaqla Nikol Paşinyan hökumətinin devrilməsinə nail olmaq, sonra da tərəfləri atəşkəsə məcbur etməklə sülhməramlılar adı altında münaqişə bölgəsinə Rusiya qoşunlarını yerləşdirmək idi. Lakin bölgədə Türkiyə amilinin getdikcə güclənməsi, coğrafi şərtlər Rusiyanın açıq müdaxiləsinin qarşısını alıb. Üstəlik, Azərbaycanın qısa zamanda geniş əraziləri işğaldan azad etməsi də Rusiya üçün gözlənilməz olduğundan Kreml yeni geosiyasi reallıqlarla üzləşib.

Bunlar ilk növbədə, Türkiyənin Azərbaycanda silahlı qüvvələrini yerləşdirməsi və münaqişənin nizamlanmasında söz sahibinə çevrilməsi nəticəsində geosiyasi balansın dəyişməsidir. İkincisi, Azərbaycanın 27 ildir davam edən status-kvonu aradan qaldırmağa nail olub. Xüsusilə də rəsmi Bakının hərbi əməliyyatları yarımçıq dayandırmaq, Dağlıq Qarabağdakı ermənilərə yüksək özünüidarəetmə statusu vermək və sülhməramlıların bölgəyə yerləşdirilməsi kimi məsələlərdədə güzəştlərdən imtina etməsi Kremlin planlarını pozub. Ona görə də prezident Putinin son təkliflərini əslində, Rusiyanın öz mövqeyini tərəflərə diqtə etməsi və ya diplomatik təzyiqi kimi qiymətləndirmək olar. Rusiyanın hazırkı mövqeyinin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün ilk növbədə, V.Putinin çıxışındakı siyasi tezisləri diqqətlə təhlil etmək lazımdır. “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. Hər kəsin öz həqiqəti var…

Burada sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik. Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə, tərəflərin effektiv inkişafına imkan vermir. İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır. Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin – Türkiyə və bəzi Avropa ölkələrinin iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, – Rusiya lideri belə vurğulayıb. Göründüyü kimi, Putin yeddi rayonu Azərbaycanın əzəli torpağı adlandırmaqla onu Dağlıq Qarabağdan ayırır. Burada həm Dağlıq Qarabağ ayrıca tərəf kimi təqdim olunur, həm də Azərbaycanın ətraf yeddi rayon üzərində suveren hüquqa malik olduğuna işarə edilir.

Rusiya prezidenti “Dağlıq Qarabağla məsələni ayırd etmək”dən söz açarkən çox güman ki, həmin bölgəyə özünüidarəetmə statusunun verilməsini nəzərdə tutur. Bu məsələdə artıq Azərbaycanın və Rusiyanın mövqeyi üst-üstə düşmür. Azərbaycan artıq ərazilərinin xeyli hissəsini işğaldan azad edən tərəf olduğu üçün döyüş meydanında qalib gəlib. Artıq Azərbaycan Prezidenti də bildirib ki, ermənilərə xüsusi özünüidarəetmə statusunun verilməsindən söhbət gedə bilməz. Dağlıq Qarabağın erməni icmasına Azərbaycanın tərkibində mədəni muxtariyyət verilə bilər. Onlar da digər Azərbaycan vətəndaşları kimi təhlükəsizliyi təmin olunmaqla yaşamaqda davam edəcək. Rusiya Prezidenti isə atəşi dayandımaq və yeddi rayonun 5+2 variantında, yəni mərhələli şəkildə qaytarılmasından söhbət açmaqla prosesi “Madrid prinsipləri”nə qaytarmaq niyyətini nümayiş etdirir. Yəni Rusiya Prezidenti Azərbaycana ən yaxşı halda 5 rayonu azad etdikdən sonra əməliyyatları dayandırmağa çağırış mesajı verir. Azərbaycan ətraf 5 rayondan dördünü- Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını azad edib.

Çox güman ki, Rusiya prosesi burada dayandırmaqla status-kvonun saxlanılmasına çalışır. Halbuki Hadrut qəsəbəsinin və Xocavənd rayonunun xeyli hissəsini azad edilməsindən sonra Azərbaycan Dağlıq Qarabağın daxili ərazilərinə də nəzarəti ələ alıb. Bu halda, baza prinsiplərində əksini tapmış əvvəl beş, sonra iki rayonun qaytarılması və Dağlıq Qarabağa birinci mərhələdə aralıq, yekunda isə özününidaəretmə statusunun verilməsi kimi təkliflər artıq qüvvəsini itirib. Azərbaycan isə status-kvonun artıq mövcud olmadığını bəyan edib. Putin isə 5+2 variantından söz açmaqla Laçın və Kəlbəcər rayonlarının qaytaraılmasını növbəti mərhələyə saxlamağı təklif edir. Bu da yenidən uzunmüddətli danışıqlar prosesinin başlanılması, Ermənistanın işğal altındakı ərazilərin qalan hissəsində hərbi cəhətdən möhkəmlənməsi, Laçın dəhlizi də daxil olmaqla hər iki rayonun və Dağlıq Qarabağın Ermənistanın nəzarətində qalması deməkdir. Beləliklə, Rusiya status-kvonun və təmas xəttinin bərpasına nail olmağa çalışır. Ancaq BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Azərbaycana Kəlbəcər rayonunun işğalçılardan təmizlənməsi üçün hərbi əməliyyat aparmağa tam hüquq verir.

Azərbaycan Ermənistanın öz qoşunlarını bütün ərazilərdən, o cümlədən Laçın və Kəlbəcər rayonlarından bir neçə gün və ya həftə ərazində çıxaracağına dair cədvəl təqdim etməklə öhdəlik götürdüyü təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib. Rusiya prezidenti Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunmasını şərti ilə ətraf rayonların qaytarılmasının mümkünlüyündən danışır.

Putin qarşılıqlı əlaqədən söz açarkən Laçın dəhlizinin Ermənistanın nəzarətində qalmasına, təhlükəsizliyin təmin olunması rejimini vurğulamaqla status-kvonun saxlanılmasına nəzarət etmək üçün Rusiya hərbi kontingentinin sülhməramlı adı altında bölgəyə yerləşdirilməsinə işarə edir. Halbuki Azərbaycan Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyinə təminat verməyə hazır olduğunu 28 ildir davam edən bütün danışıqlar prosesində bildirib. Lakin 2019-cu ildə Ermənistan rəsmi şəkildə “Təhülkəsizlik müqabilində ərazilər” prinsipindən imtina edib və “Yeni müharibə, yeni ərazilər” şüarı ilə çıxış edib.

Diqqəti cəlb edən xüsusi məqam isə Putinin “Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmağın lazım” olmasını münaqişənin həlli yolu göstərməsidir. Bu nə deməkdir? Putin birinci növbədə, Rusiya tərəfindən ortaya atılmış və sonradan digər həmsədrlərin də siyasi leksikonunda yer almış “Münaqişənin həllində qalib olmamalıdır” prinsipini yenidən gündəmə gətirir. Yəni münaqişə yalnız Azərbaycanın maraqları çərçivəsində həllini tapa bilməz. Bununla da Rusiya prezidenti Azərbaycanın son qələbəyədək mübarizəni davam etdirmək siyasətinin düzgün olmadığını hesab edir. Azərbaycanın qələbəsi regionda geosiyasi balansı dəyişə bilər ki, bu da Rusiyanın maraqlarına ziddir. Ona görə də Putin Ermənistanın maraqlar balansından söz açır. Kremlin rəhbəri Azərbaycanın Türkiyənin dəstəyi ilə Rusiyanın bölgədəki balansı dəyişməsindən narahatlığını ifadə edir.

Ən təhlükəli məqamlardan biri isə Putinin üç tərəf- Azərbaycan, erməni xalqı və Ermənistan arasında maraqlar balansından danışmasıdır. Çox güman ki, Rusiyanın dövlət başçısı erməni xalqı dedikdə, Dağlıq Qarabağ ermənilərini ayrıca tərəf kimi nəzərdə tutur. Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını Ermənistanın maraqları ilə balanslaşdırması isə həmin torpaqlar üzərində işğalçı tərəfin nəzarətini legitim qaydada tanımaq deməkdir. Göründüyü kimi, hərbi əməliyyatlardan narahatlığını dolayısı ilə ifadə edən Putin Azərbaycanı Rusiyanın Cənubi Qafqazda çəkdiyi “qırmızı xətt”i keçməməyə çağırır. Rusiya Prezidentinin Türkiyəni danışıqlara cəlb etməyin mümkünlüyünü dilə gətirməsi isə sadəcə olaraq, diplomatik manevrdir. O, bununla bir tərəfdən, Türkiyənin maraqlarının nəzərər alındığına dair görüntü yaratmaqla Ankaranı sakitləşdirmək, eyni zamanda öz müttəfiqnin əli ilə Azərbaycanı təklif etdiyi şərtlərə razı salmağa çalışır.
Cebhe.info


Abunəlik