Dron müharibələri – dünya əsgərsiz savaşlara hazırlaşır?

Baxılıb:299
Dron müharibələri – dünya əsgərsiz savaşlara hazırlaşır?

Elə zəmanəyə gəlib çıxmışıq ki, nə Qaçaq Nəbi dövründəki tüfənglərə, nə sovet vaxtının “Kalaşnikov” avtomatlarına, nə snayperlərə ciddi bir ehtiyac var.

Hətta bu gedişlə yaxın gələcəkdə zirehli texnikanın, tankların da öz aktuallığını, belə desək, müharibədə öz dəbini itirəcəyi proqnozlaşdırılır. Bunu hazırda gedən Qarabağ müharibəsi də sübut edir.

Əlbəttə, döyüşən, düşmənin başını əzən, zəfərlərimizi həyata keçirənlər məhz ƏSGƏRİMİZdir, ORDUMUZdur. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında dronların da misilsiz rolunu qeyd etmək lazımdır.

Müharibələrin texnikası, üslubu o dərəcədə dəyişib ki, müasir dövrün savaşlarına “dronlar müharibəsi” adı da vermək olar.

Söhbət təkcə Qarabağdan getmir, eynilə Suriya, Liviya ərazilərində keçirilən əməliyyatlarda da pilotsuz uçuş aparatları, kamikadze dronlar inanılmaz funksiyaya malikdirlər. Həmçinin Türkiyədən aldığımız “Bayraktar”ların, İsraildən aldığımız “HAROP”ların əvəzolunmaz əhəmiyyətini qeyd etmək lazımdır.

Bu, daha az itki verməklə təşkil olunan müharibə metodudur. O baxımdan dünyanın insansız müharibəyə hazırlaşdığını söyləmək olar.

Yaxın 10 ildə elektron müharibələrin necə olacağı kifayət qədər maraqlıdır. Hətta “BAE Systems” korporasiyasının istehsal xətti üzrə direktoru Kris Rappa bildirmişdi ki, qarşıdakı bir neçə il ərzində kəşfiyyat, nəzarət və axtarış sistemlərinin yeni nəslini təqdim edəcək.

Bu sistemlərin təkmilləşdirilməsi, eyni zamanda digər elektron müharibə texnologiyalarında aparılacaq inkişaf istiqamətli işlər gələcək müharibələrin canlı qüvvələrdən daha çox texnoloji zəmində olacağını deməyə imkan verir.

Hətta bu məqsəd bir çox şirkətlər ordu daxilində elektron müharibə bölmələrinin formalaşdırılması üzərində işlərə start veriblər.

Bəzi ordularda canlı qüvvə sayının azaldılması üzərində planlar qurulur. Buna görə də qarşıdakı 10 ildə əsgərsiz qoşunlarla qarşılaşmağımız ehtimalı olduqca böyükdür.

Amma gələcəyə necə baxılır? Dünya dövlətləri müharibələri əsgərsiz aparmağı təsəvvür edirmi?

Ön xəttə hərbçilər çıxmadan, dronlar sayəsində düşmən müqavimətini qırmaq və əraziləri tutmaq perspektivi görünürmü?

Bu mövzuda polkovnik Şair Ramaldanov fərqli düşünür. Onun “Yeni Müsavat”a dediyinə görə, heç də bütün müharibələrin müqəddəratını dronlar həll etməyəcək.

Ş.Ramaldanovun fikrincə, bu cihazlar inkişaf etdikcə, onlara qarşı cavab tədbirləri də hazırlanır: “Bu baxımdan söyləmək olmaz ki, bütün müharibələr dronlarla olacaq. Amma dron müasirliyin tələblərinə görə yeni texnologiyanın kəşfidir və bizim müharibədə də geniş istifadə olunur. Əlbəttə, dronların gələcəyi var. Amma bu, əsgərin əhəmiyyətini heç də azalda bilməz”.

Polkovnikin sözlərinə görə, son addımı əsgər qoyur: “Əsgər ayağı dəyməyən torpaq alınan torpaq hesab edilə bilməz. Dronlar özünə uyğun funksiyaları yerinə yetirirlər. Bu da döyüşlərdə itkiləri minimuma endirməyə hesablanıb. Amma son nöqtəni əsgər qoyur və onun vəzifəsini dron yerinə yetirə bilməz”.

Hərbi ekspert Azad İsazadə də qeyd etdi ki, tam əsgərsiz müharibə ola bilməz: “Sadəcə, pilotsuz avadanlıqlar müasir savaşların simasını dəyişib. İstər Suriya, Liviya, istərsə Qarabağda gedən döyüşlər sübut etdi ki, dronlardan qorunma sistemi yoxdur. Varsa da, natamamdır.

Odur ki, hamısını birdən-birə vurmaq olmur. Hansısa biri zərbəni üzərinə götürür, digəri hədəfi vurur.

Hətta Pentaqonun keçmiş generalı qeyd etmişdi ki, Azərbaycanın taktikasına fikir verməliyik, yeni nəticələr çıxarmalıyıq”.

A.İsazadə bildirdi ki, Britaniya hərbçiləri də zirehli texnikanı modelləşdirmək fikrindən daşınıblar:

“Onlar qərara gəliblər ki, yeni silahlara üstünlük versinlər. Qarabağ savaş göstərdi ki, zirehli texnika məsələni həll etmir. Çünki tez vurula bilir. Ona görə britaniyalılar yeni sistemə keçmək istəyirlər. Ancaq sonrası necə olcaq, bunu demək çətindir. Ümumiyyətlə, bütün bunlar hərbin inkişafı ilə bağlıdır. Əvvəlcə hücum silahları icad olunur, sonra ondan müdafiə sistemləri hazırlanır. Bunun əksini də söyləmək olar, müdafiə sistemi qurulur və onu vuran zərbə sistemi yaradılır. Odur ki, dronlar müharibələrin taktikasına yeniliklər gətirəcək. Sadəcə, ön xəttə yenə əsgər çıxacaq, hərbçisiz müharibə mümkünsüzdür”.

Yeri gəlmişkən, Azərbaycan pilotsuz sistemlərə Ermənistandan daha çox diqqət yetirirdi. Mütəxəssislər bunu hələ 2016-cı ildə, bölgədə dörd gün ərzində şiddətli döyüşlərin baş verdiyi zaman qeyd ediblər. 2020-ci ildə həmin tendensiya artıq-aşkar bir fakta çevrildi.

Qarabağdakı indiki kəskinləşmə dövründə ən məşhur pilotsuz təyyarə Türkiyənin “Bayraktar TB2″ hücum dronudur.

Azərbaycan hərbçiləri tərəfindən Qarabağdakı hədəflərin vurulması barədə paylaşılan videoların əksəriyyətini mütəxəssislər məhz “Bayraktar TB2″ dronuna aid edirlər.

Bu dron bir neçə il əvvəl Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanıb, operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərə bilər, kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə oluna bilər.
“Yeni Müsavat”


Abunəlik