Prezidentdən Arakçiyə: Tarixi ədalətin bərpası…

Baxılıb:144
Prezidentdən Arakçiyə: Tarixi ədalətin bərpası…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Arakçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzTimes.az xəbər ki, Prezident İlham Əliyev qonaqları salamlayıb:

“Xoş gəlmisiniz. Şadam sizi görməyimə.

Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.
Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər.
Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.
Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.
Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır.
Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk.
Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz”.
Seyid Abbas Araqçi deyib:
“Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm.
Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm.
Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram”.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib”.


Abunəlik