Nikol Paşinyan. Ölüm tarixi: 27 sentyabr, 2020…

Baxılıb:290
Nikol Paşinyan. Ölüm tarixi: 27 sentyabr, 2020…

Müharibə hələ davam edir. Döyüş meydanına baxanda belədir. Əslində isə bu savaş artıq bitib. Yəni bu, hər iki tərəf üçün bitmiş müharibədir. Çünki onun nəticəsi artıq bəllidir. Məsələnin yalnız texniki tərəfi qalıb. Necə deyərlər, işin sənədləşdirilməsi. Bu da masada olacaq. Özü də çox tezliklə…

O masanın arxasında oturmuş Paşinyana (əgər o vaxta qalsa) baxmaq çox maraqlı olacaq. Zənnimizcə, daha çox mister Soros üçün…

Tələsik çıxarılmış nəticə oldu? Bəlkə də. Deyə bilərsiniz ki, axı hələ də mərmilər atılır… Axı Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri hələ də hədəf alınır… Axı hələ də dinc insanlar, o cümlədən uşaqlar alçaqsına, faşistcəsinə qətlə yetirilir. Özü də gecələr xaincəsinə atılan mərmilərlə… Axı cəbhədə hələ döyüşlər gedir… Axı Paşinyan və hökuməti azı bir əsrlik zəhərli “Böyük Ermənistan” kokteylinin təsirindən hələ də tam qurtulmayıb. Axı onlar hələ də nəyəsə ümid edir – hamını, Fransa və Yunanıstan xaric hər kəsi, bütün dünyanı söyə-söyə. Axı… Axı…

Doğrudur. Müharibə hələ də gedir. Amma axı həm də belədir – müharibə bitib. Maddi cəhətdən tükənmiş, hərbi-texniki resurslar baxımından sıfırlanmış, canlı qüvvə baxımından yarımcan olmuş, mənəvi-psixoloji baxımdan nəfəsi kəsilmiş, diplomatik baxımdan əl-qolu bağlanmış, dünyada rüsvay olmuş Ermənistan tərəfdən ağ bayraqlar qalxır (hələlik vurulan hərbi obyektlərinin qatı tüstüsü şəklində). Onları hamı görür. Özünü itirmiş Paşinyan və hökuməti bu müharibəni özləri üçün bitmiş sayır. 30 illik işğala heç 30 gün də çəkmədən son qoyulacağını ağlına belə gətirməyən diletant Paşinyanın və ətrafının son çıxışlarına baxın. Bu ritorikanı qoy politoloqlar…, pardon, psixoloq və psxiatrlar qiymətləndirsin. Hitlerin 1944-cü ildən sonrakı çıxışlarının eynisidir.

İsterika, psixi pozuntu və mənəvi sarsıntı əlamətləri, paranoik hərəkətlər, xof, marazm, narsizm, yeni cəbhə açmaq xülyaları, “böyük qələbələr”ə dair göbbelsvari ağ yalanlar, ikrah doğuran yersiz pafos… Bunlara sonralar qayıdarıq. Qəhrəman Azərbaycan ordusu nida işarəsini bayraq dirəyi şəklində hər yerə sancandan sonra. Belə təhlillərə sonralar bol vaxtımız olacaq…

İndi isə Paşinyanın sonunu təxmin etməyə çalışaq. Döyüş meydanında vəziyyət aydındır – Ali Baş Komandanımızın təbirincə desək, hərbi dərsliklərə düşəcək döyüş qabiliyyəti sərgiləyən Azərbaycan ordusunun qarşısını almaq mümkün deyil. Bunu Qərb də deyir, Rusiya da, başqaları da. Bunu İrəvanda da anlayırlar, Parisdə də, Afinada da… Anlayırlar ki, Paşinyan hökuməti Ermənistanı mümkün olan, hətta ehtimal olunan ən pis vəziyyətə salıb. Xəritəyə baxın: bu gün heç bir ölkə Ermənistanın yanında deyil – Rusiya, İran, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, ABŞ, İsrail, Britaniya… Heç biri!

Görürlər ki, İrəvan ağlını itirib. Gah BMT-ni ikili standartlarda suçlayır, gah İsrailə diş qıcayır, gah Türkiyəni “terrorçu dövlət” elan edir, gah Rusiyanı oyun oynamaqda, erməniləri satmaqda ittiham edir, gah ABŞ-ı “erməni xalqının əzablarına laqeyd qalmaqda” qınayır, gah İranı günahlandırır… Gah böyük itkilərinin olduğunu sarsıntı və dəhşət içində etiraf edib xaricdəki bütün erməniləri, habelə əli silah tutan hər kəsi (hətta qadınları və qocaları!) döyüşə səsləyirlər, gah da cəbhədəki “inanılmaz uğurlarından” dəm vururlar.

“Savaşda dönüş nöqtəsindən” pafosla danışan Paşinyan əsgərlikdən təzəcə qayıtmış erməni gənclərini, – bunun qanunsuz olduğunu bilə-bilə, – hətta qocaları, qadınları səfərbər olmağa çağıranda, onlardan özləri ilə hərbi forma da gətirməyi (!) xahiş edəndə, Ermənistanı bürümüş fərariliyin qarşısını polis dəyənəyi gücünə almağa çalışıb vətəndaşına divan tutanda, sonra da “böyük uğurlardan” danışanda nə qədər də primitiv və zavallı görünür…

Atəşkəs üçün yalvarıb 10 oktyabr Moskva bəyannaməsi əsasında humanitar atəşkəsə imza atan Paşinyan hökuməti bundan bir neçə saat sonra dinc Gəncə şəhərinə xaincəsinə gecə hücumu edəndə (bu təxribata da ona görə əl atdı ki, saysız meyitləri götürüb erməni analarına verməyə cürəti çatmadı) necə də aqressiv və iblisanə
görünür…

BBC-nin müxbirinin sualları qarşısında kəkələyən Paşinyan “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi deyilən bir sənəd yoxdur! Azərbaycan hərb meydanında uğur qazansa, bu, ermənilərin genosidi demək olacaq…” deyəndə necə də idiot və həyasız görünür…

Erməni diasporuna müraciətində “sizin burada cismani iştirakınıza ehtiyacımız var, vətənimiz dardadır” deyə az qala ağlayan Paşinyan necə də çarəsiz və miskin görünür…

…Ermənistanda son 30 ildə siyasi mühitin şərt və tələbləri birmənalı olub: Qarabağı uduzan rəhbər meyitdir. Özü də bu sözün təkcə ictimai-siyasi yox, həm də hərfi mənasında. Paşinyan sentyabrın 27-də ölüb. Sorosların reanimasiya cəhdləri isə əlavə xərcdir. Özü də böyük xərcdir. Ondansa Paşinyana bir-iki dramlıq kəndir “hədiyyə” etmək, ermənilərin bu qanlı dramını mümkün qədər tez dayandırmaq kommersiya baxımından daha sərfəli olardı. Təbii ki, əgər bir tərəfdən, işğal altındakı Azərbaycan ərazilərindən uzun illər narkotik və silah ticarəti platsdarmı kimi istifadə etmiş erməni hərbi xuntasının, digər tərəfdən isə sorosların kukla kimi oynatdığı Paşinyanda o şərəf varsa…

Famil Cəfərli \\ Musavat.com


Abunəlik