“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir” – Prezident İlham Əliyev

Baxılıb:187
“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir” – Prezident İlham Əliyev

“Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur – Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının “andiçmə mərasimi”nin keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!

Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır”, – dövlət başçısı bildirib.


Abunəlik