“Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” – Prezident İlham Əliyev
“Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilib”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Azərbaycan Prezidenti telefon söhbəti zamanı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.