“Yuvam” mebel müştərinin 2 min manat pulunu mənimsəyib? – GİLEY

Baxılıb:196
“Yuvam” mebel müştərinin 2 min manat pulunu mənimsəyib? – GİLEY

“Bakıda Babək prospektində yerləşən “Yuvam” mebel mağazası vətəndaşlardan sifarişləri qəbul edir, pul alıb mənimsəyir, sonra isə nə mebel verir, nə də pulu qaytarır”.

“Qafqazinfo”ya bu iddia ilə bağlı Vəkillər Kollegiyasının üzvü Hüseyn Həsənov müraciət edib. O, bildirib ki, mağaza qızının ailəsini də aldadıb və 2 min manat pulunu mənimsəyib. Pulu alarkən isə rəsmi qəbz deyil, müştəri anketi verilib:

“Qızımın həyat yoldaşı Rauf Əhmədov iyul ayının sonunda bu mağazadan sifariş verib, bildiriblər ki, 10-20 gün ərzində sifariş yerinə yetiriləcək. Lakin sonradan bizə məlum olub ki, bu mağaza kütəvi şəkildə insanları aldadır, mebel hazırlayıb vermək fikirləri yoxdur. Məqsəd isə qəsbə yönəlib. Mağazada adamı elə qarşılayırlar ki, sanki günahkar müştəridir. Bildirirlər ki, yubanma pandemiya ilə əlaqədardır.”

H. Həsənovun sözlərinə görə, dəfələrlə mağazaya gedib maraqlansa da, sifarişi yerinə yetirməyiblər. Vətəndaş deyir ki, fabrikin ünvanını, əlaqə nömrəsini istəyəndə isə mağaza imtina edib:

"Yuvam" mebel müştərinin 2 min manat pulunu mənimsəyib? - GİLEY

“Mənim bildiyimə görə 30 nəfərə yaxın insan aldadılıb. Məbləğlər isə 3 min manat da var, 5 min manat da. Ailələr var ki, qızının cehizi üçün onlardan ödəniş alınıb, ortada da heç nə yoxdur. Polis orqanları bunu mülki iş kimi dəyərləndirirlər. Əslində bu, mülki iş deyil, MTK-ların eyni üsullu aldatma işinə bənzəyir. Polisə də, Xətai Rayon Prokurorluğuna da, vergi orqanlarına da müraciət etmişəm. Dərhal bu məsələnin qarşısı alınmalıdır. Dələduzluq cinayətəri ilə əlaqədar Bakı Şəhər Prokurorluğu qərar verməyincə, cinayət işi açılmır. Bakə Şəhər Prokurorluğunun qərar verməsi isə uzun müddət çəkir və o zaman zərərçəkmişlərin sayı 100-ə çatacaq”, – H. Həsənov bildirib.

Şikayətlə bağlı “Yuvam” mebel mağazası ilə əlaqə saxladıq. Mağazanın direktoru Sevinc Nuriyeva “Qafqazinfo”ya gecikmə ilə bağlı problemin olduğunu təsdiqləsə də, aldatmadan söhbət getmədiyini bildirib:

“R.Əhmədov mətbəx divanı və qonaq otağı üçün künc divanı sifariş verib. Biz ona bu mebeli endirim kampaniyası qiymətində vermişik, əslində o mebelin dəyəri 3000 manat idi. Karantin müddətində ölkədə rayonlararası giriş-çıxış bağlı idi. Bizim ustalarımızın da çoxu rayonlardan idi. İndi yollar təzəlikcə açılıb. Mən onlara izah etdim ki, gecikmə bununla əlaqədardır. Sonuncu dəfə zəng edəndə də bildirdik ki, artıq məhsulların karkası hazırdır. Onlardan parçanın rəngini soruşduq və onu da bizə göndəriblər. Tezliklə onların sifarişini təhvil verəcəyik. Şikayət səbəbini anlamıram”.

30-a qədər aldadılan müştərinin olmasına gəlincə isə, S. Nuriyeva deyib ki, belə hal mümkün deyil: “Sizcə, şikayətçi olsa, burada problem olmazmı? Hamının malı karantinlə bağlı gecikib. Lakin hamı ilə razılaşmışıq, 10-15 gün gecikmə olsa da, bütün müştərilərin sifarişini təhvil vermişikr”.


Abunəlik