“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq” – TROFİMÇUK

Baxılıb:233
“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq” – TROFİMÇUK

Bu gün Azərbaycanda hamı müharibə gözləntilərindən danışır. Buna ehtiyatda olan zabitlərin orduya çağırılması, Tovuz istiqamətində artan gərginlik daxil olmaqla, bir çox amillər dəlalət edir. Hazırda qoşunların təmas xəttində nisbətən sakitlik olmasına baxmayaraq, ümumi gərginlik səngimir.

AYNA-nın mövzuya dair suallarını rusiyalı təhlükəsizlik eksperti Qriqori Tofimçuk cavablandırıb:

– İndi Cənubi Qafqaz bölgəsində, xüsusən də Qarabağ münaqişəsi ətrafında vəziyyət çox gərgindir. Bu vəziyyəti necə qiymətləndirirsiniz və hərbi əməliyyatların başlanması ehtimalı nə qədərdir?

– Vəziyyətin gərginliyinə üç amil təsir göstərir: Bakının sonsuz və bir çox cəhətdən mənasız danışıqlar prosesinin gedişatından mütləq narazılığı; kiçik müharibələrin demək olar ki, müntəzəm xarakter alması (2014, 2016, 2020); dünyadakı ümumi hərbi-siyasi gərginlik. Yaxın gələcəkdə dünya mütləq sabitliyə qayıtmayacaq, əksinə, buna görə Qarabağ da daxil olmaqla, bütün əsas ərazi münaqişələri ən pis ssenarilərə uyğun inkişaf edəcək. Bundan əlavə, Qarabağ danışıqlarına nəzarət edən əsas səlahiyyətli orqan – ATƏT-in Minsk Qrupu, əslində “əllərini yudu” və artıq heç nəyə cavabdeh deyil.

Biz də görürük ki, Qarabağda bəzi bölgədənkənar insan kütlələri (Yaxın Şərq qaçqınları və s.) peyda olmağa başlayıb və bu detal da çox nəsnələrdən xəbər verir. Bununla yanaşı, Azərbaycan açıq şəkildə anlamalıdır ki, əgər hazırkı gərginlikdən öz xeyrinə istifadə edə bilməsə, öz əhalisi daxilində vətənpərvərlik ruhunun yüksəlişinə nail olmaq çətin olacaq. Bu vəziyyətdə “buxarın” geri çıxması artıq mümkün deyil. Buna görə də, hərəkətlərinizi indidən hesablamalı və hər kəsə hər şeydə “mane olan” Moskvanın, guya günahkar olduğu barədə mütəmadi ittihamlardan əl çəkilməlidir. Kimin özünün dəqiq bir planı varsa, heç kim onu dayandıra bilməz.
– Yəni, “hər şeydə Moskvanın günahkar olduğunu söyləmək lazım deyil” deyirsiniz? Ancaq iyul hadisələri zamanı Rusiya Ermənistana çox sayda hərbi yüklər göndərdi ki, bu da Bakıda birmənalı qarşılanmadı. Bu addım Bakıya müəyyən bir təzyiq deyilmi və həmçinin, Bakının Moskvanı ittiham etməsinə əsas vermirmi?

– Rusiya həmişə hərbi məqsədlər daxil olmaqla, Ermənistana yüklər göndərib və yalnız adi hərbi deyil, hətta, yeni silah növləri də göndərib. Bu, heç kimə sirr deyil. Bununla belə, bu cür tədarüklər Rusiya tərəfinin və KTMT-nin Ermənistan tərəfində müharibədə birbaşa iştirakı demək deyil. Axı, unutmayaq ki, Moskva Azərbaycan tərəfinə də silah satır. Bəli, Bakıda Moskvanın bu addımı birmənalı qarşılanmadı, amma bu reaksiya, məhz sonuncu yük göndərişi zamanı verildi. Bununla belə, Bakı əvvəlki bütün tədarüklərdən xəbərdar idi və prinsipcə, bu addımları İrəvanla əlaqəli Rusiya Federasiyasının müttəfiq öhdəliklərinin bir hissəsi kimi qəbul edirdi.

– Bugünlərdə Azərbaycan-Ermnistan dövlət sərhədində növbəti gərginlik yaşandı. Heç kimə sirr deyil ki, Qarabağda müharibə olarsa, müharibə bütün dövlət sərhədləri boyunca uzanacaq. Bəs, Rusiya və KTMT buna necə reaksiya göstərəcək?

– Həqiqi, genişmiqyaslı bir müharibə olarsa, Rusiyanın reaksiyası Ermənistan-Azərbaycan toqquşmaları üçün ənənəvi münasibətdən fərqlənəcək. Düşünürəm ki, Rusiya, eləcə də KTMT-nin hipotetik reaksiyasının necə olacağı hələ qeyri-müəyyəndir. Hər kəs hesab edir ki, Ermənistan və Azərbaycan özləri əsl müharibəyə hazır deyil, ondan çəkinirlər, bu səbəbdən ümumilikdə müşahidəçilər strateji bir sakitliyə sahibdirlər. Taktik toqquşmalar olduqca mümkündür, amma hamı buna artıq öyrəşib. Düşünürəm ki, İrəvan və Bakı üçün psixoloji vəziyyət xeyli mürəkkəbləşib. Axı, hər gün bir-birinizi dağıdıcı zərbələr vuracağınızla hədələyirsinizsə, zaman keçdikcə daha az sayda insan bu zorakı təhdidlərə inanır. Bu səbəbdən Tovuz bölgəsində qarşıdurmalar zaman-zaman meydana çıxır və sanki özü-özünə azalır.

– ATƏT-in və onun danışıqlar formatının bir nəticə doğurmadığını görürük və indi tərəflərin hərbi əməliyyatların başlamasının bir addımlığında olduğu müşahidə olunur. ATƏT-in tərkibində, fəaliyətində islahatları və ya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün başqa bir formatın yaradılmasını gözləmək olarmı?

– Bakı uzun müddətdir ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılığını göstərir. Amma, əslində hər şey olduğu kimi qalır. Bu, o deməkdir ki, tənqid nəzərdə tutulduğu şəxslərə çatmır və həmsədrlər ən sevdikləri rəsmi rejimdə işləməyə davam etməyə hazırdırlar. Bilirsiniz ki, bir mütəxəssis kimi bu formatı aktivləşdirməklə bağlı təkliflərimi vermişəm (xüsusən də ekspert dairəsini genişləndirməklə), amma heç kimin bu istiqamətdə əməli işə başladığını görmürəm. Bu təkliflərlə bağlı sadə bir açıqlama da yoxdur. Buna görə ümid ediləcək bir şey yoxdur, hər şey olduğu kimi qalır.

Qrupun başqa bir formatı da prinsipcə, mümkündür. Çünki Minskdəki vəziyyətdə ciddi dəyişikliklə əlaqədar olaraq “Minsk Qrupu” konsepsiyası fərqli görünməyə başlayır. Üstəlik, bəlkə də rəsmi Minskin özü yaxın zamanda onu Bakı da daxil olmaqla, bəzi xarici sülhməramlı ərazilərdə kiminləsə barışdırmağı xahiş edəcək. “ATƏT-in İstanbul Qrupu”na ümid bəsləmək isə hələ çətindir, lakin istənilən halda Qarabağ və bütövlükdə Ermənistan-Azərbaycan sərhədini izləmə formatı yeni bir mərhələyə qədəm qoyur.


Abunəlik